İki elmi institutut arasında anlaşma memorandumu imzalanıb

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu ilə Almaniyanın   Maks Plank Təkamül Antropologiyası İnstitutu arasında elmi əməkdaşlıq barədə anlaşma memorandum imzalanıb.

 

"Bu barədə "Azərbaycan müəllimi"nə institutdan məlumat verilib. Memorandumu Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu tərəfindən institutun baş direktoru akademik İradə Hüseynova, Maks Plank İnstitutu tərəfindən isə institutun icraçı direktoru professor Johannes Kraus imzalayıblar. Qeyd edək ki, Maks Plank Təkamül Antropologiyası İnstitutuna nəsli kəsilmiş homininlərin genomları və insan təkamülü ilə bağlı kəşflərinə görə 2022-ci ildə Fiziologiya və Tibb sahəsində Nobel mükafatı almiş professor Paabo Svante rəhbərlik edir. Memorandumun şərtlərinə görə bu təşkilatlar arasında elmi əməkdaşlıq əlaqələri ilkin mərhələdə 5 il müddətinə nəzərdə tutulur və ehtiyac yaranasa bu müddətin daha 2 il uzadılması mümkün olacaqdır.

 

Memorandumda əsasən palegenetika, arxeologiya, DNT/RNT sekvensi, bioinformatika və digər biomolekulyar metodların mənimsənilməsi sahəsində treninqləri, həmçinin birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsini əhatə edən hərtərəfli akademik əməkdaşlıq nəzərdə tutulub. Birgə tədqiqat layihələri Azərbaycanın arxeoloji abidələrindən əldə olunan bioloji nümunələrin tarixi, təkamül və bioloji əhəmiyyətinin araşdırılmasına yönəldilicəkdir. Bundan başqa tərəflər arasında təcrübə mübadiləsini təmin etmək məqsədi ilə hər iki tərəfdin üzvlərinin/tələbələrin layihələrin həyata keçirilməsi prosesində nümunələrin toplanması və laborator işlərə cəlb edilməsi, həmçinin hər iki tərəfdən uyğun mütəxəssislərin vaxtaşırı mühazirələrinin təşkili də memorandumun şərtləri sırasına daxildir. Memorandumda tərəflərin hüquq və mükələfiyyətləri, məsuliyyətləri, intellektual mülkiyyətin qorunması, əldə olunan nəticələrin konfidensiallığının müəyyən şərtlər daxilində, müəyyən vaxta qədər qorunması və s. kimi məsələlərə də toxunulmuşdur.

 

Qeyd edək ki, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Molekulyar biologiya ixtisası üzrə dissertantı, institutun Populyasiya genomiksi laboratoriyasının elmi işçisi Zərintac Rüstəmova 2022 və 2023-cü illərdə Maks Plank Təkamül Antropologiyası İnstitutunda elmi ezamiyyədə olmuşdur. 

 

Memorandum

 



06.09.2024 | 16:22