SDU ilə TİF arasında “TələbəPlus” kartı ilə bağlı müqavilə imzalanıb
Sentyabrın 6-da “TələbəPlus” layihəsi çərçivəsində Sumqayıt Dövlət Universiteti(SDU) ilə Təhsilin İnkişafı Fondu (TİF) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
 
Bu barədə "Azərbaycan müəllimi"nə universitetdən məlumat verilib.
 
Bildirilib ki, imzalanma mərasimində SDU və TİF nümayəndələri iştirak edib.
 
Universitetin rektoru dosent Rüfət Əzizov çıxış edərək  Təhsilin İnkişafı Fondu  ilə növbəti müqavilənin imzalandığını diqqətə çatdırıb. SDU və TİF  arasında elmi-pedaqoji heyətin və təhsilalanların IELTS imtahanına təşviq edilməsi, Dayanıqlı İnkişaf Mərkəzinin yaradılması kimi  əməkdaşlıqların uğurla davam etdirildiyini bildirib və Təhsilin İnkişafı Fondu tərəfindən təqdim olunan “TələbəPlus” layihəsinin tələbələr üçün geniş imtiyazlar verəcəyini qeyd edib.
 
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov çıxış edərək  Fond tərəfindən həyata keçirilən layihələr barədə məlumat verib. Qeyd edib ki, bir müddət öncə Təhsilin İnkişafı Fondu Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkəti arasında yeni “TələbəPlus” kartlarının istifadəyə verilməsi üçün memorandum imzalanıb. Kart vasitəsilə tələbələrin güzəşt və endirimlərdən yararlanmalarını təmin etməklə yanaşı, eyni zamanda onların sosial həyatlarına dəstək göstərmək istiqamətində həyata keçiriləcək fəaliyyətlər barədə danışıb.
 
TİF-in sədri əlavə olaraq qeyd edib ki, alış-veriş mərkəzlərində və tələbələrin ən çox istifadə etdiyi müxtəlif iaşə obyektlərində tələbələrə özəl güzəştlər edilməsi üçün Fond öz tərəfdaşları ilə birlikdə 200-dən artıq şirkətlə razılaşma əldə edib. Bundan əlavə, Mədəniyyət Nazirliyi ilə əldə olunan ilkin razılaşmaya əsasən, muzeylər, qalereyalar və sərgi salonlarında tələbələr üçün xüsusi güzəştlər nəzərdə tutulur. Layihə çərçivəsində ilkin olaraq 150 min tələbə kartının istifadəyə verilməsi planlaşdırılır. Tələbələr bütün bank əməliyyatlarını bu kart vasitəsilə rahat şəkildə yerinə yetirə biləcəklər.
 
Tələbələr üçün nəzərdə tutulan bu layihənin gələcəkdə təhsil işçilərinə də tətbiq olunacağının planlaşdırıldığı qeyd olunub.


09.09.2024 | 12:01