Təhsilin həmişə prioritet olduğu ailə
Minayə Kərimli: “Hələ də o anın təsiri altında qalmışam. Düşünürəm ki, bu, mənim həyatımın yeni başlanğıcıdır. O sevinci bütün hüceyrələrimlə hiss etdim, özümlə qürur duydum".
 
“Heç nədən xəbərim yox idi. Gecə saatlarında onun qəfil ağlaması, sevinc içində qışqırmasından sonra bildim hər şeyi. Evimin xanımı, üç qız anası heç kimə heç nə bildirmədən universitetə qəbul üçün sənədlərini veribmiş. Bakı Mühəndislik Universitetinin Beynəlxalq ticarət və logistika ixtisasına qəbul olub. Dörd qızı oxudanlar da cənnətlə mükafatlandırılırmı, görəsən?” 
 
Üç qızından sonra həyat yoldaşının da təhsilinə çıraq tutan ata və hədəfini heç vaxt rəfə qoymayan ana ilə söhbətləşdik.
 
Təhsil İnstitutunun direktor müavini Kənan Kərimli və həyat yoldaşı Minayə Kərimli "Kaspi" qəzetinə müsahibə verib. 
 
 
 
“Bilmirdim ki, hədəfdə mənəm...”
 
Minayə xanımın 32 yaşı var, kollec məzunudur. Ali təhsil almaq istəsə də, ailə qurduğu üçün bir müddət bu arzusuna ara vermək məcburiyyətində qalıb: “Böyük qızım 6-cı sinifdə oxuyacaq, ən kiçiyimiz isə 5 yaşındadır, hazırlığa gedəcək. Ali təhsil almaq həmişə planımda olub. Amma qızlarımın anaya daha çox ehtiyacı olduğu yaşlarında onların yanında olmağı təhsilimdən daha vacib hesab etdiyim üçün onlarla özüm məşğul olmaq istədim. Ara-sıra həyat yoldaşımla təhsilim barədə məsləhətləşir, fikir mübadiləsi edirdik. Bunlar baş verərkən artıq məndə onun hər zaman dəstək olacağına əminlik yaranmışdı. Zamanla bağlı konkret müzakirəmiz olmasa da, uzun müddətdir ki, gözlədiyim anın gəldiyini düşünüb, sənədlərimi verdim və arzusunda olduğum tələbə adını qazandım”.
 
 
Kənan bəy də Minayə xanımın qərarını dəstəkləyib: “Müəyyən yaş qrupu var ki, həmin vaxt ananın övladı ilə vaxt keçirməsinin övladlarımızın inkişafı üçün daha yaxşı olduğunu düşünürdük. Uşaq yaşlarında qızlarımın analarının yanında olması bizim üçün çox vacib nüans idi. Amma biz həmişə təhsil barədə danışırdıq. Son vaxtlar isə təhsillə bağlı suallar daha da intensivləşmişdi. Məndən ixtisasını soruşur, bu ixtisasla bağlı fikirlərimi öyrənirdi. Mən də tərifləyirdim, bilmirdim ki, hədəfdə mənəm”. 
 
 
“Qadının gücünə etinasız yanaşmayın...”
 
Minayə xanım ali təhsil üçün sənədlərini verdiyini gizlədib və həyat yoldaşına sürpriz etmək istəyib. Kənan bəyin bundan nəticələr açıqlandıqda xəbəri olub: “Axşam işdən yorğun gəlmişdim. Qəbul nəticələri elan olunduğu üçün sosial şəbəkələrdə qəbulla bağlı paylaşımlara təbriklərimi yazır, övladları qəbul olan yaxın dostlarımın sevincinə şərik olmağa çalışırdım. Birdən evdə qışqırtı eşitdim, nə baş verdiyini anlamadığımız üçün qızlar da, mən də qorxduq. Minayə qışqırırdı ki, “qəbul oldum!”, amma mən yenə də başa düşmürdüm. Elə ağlayırdı ki, artıq narahat olmağa başladım. “Qəbul olmuşam” deyə qışqırır, gah gülür, gah ağlayırdı. 10-15 dəqiqə sakitləşdirməyə çalışdıq. Ondan sonra bəlli oldu ki, universitetə qəbul olub”.
 
 
Minayə: “Hələ də o anın təsiri altında qalmışam. Düşünürəm ki, bu, mənim həyatımın yeni başlanğıcıdır. O sevinci bütün hüceyrələrimlə hiss etdim, özümlə qürur duydum. Çünki qadın ailə qurdusa, xüsusilə də, üç uşağı varsa, bundan sonra özünü inkişaf etdirib, uğur qazanacağına çox insan inanmır. Mənə də  “səni kimdir oxumağa qoyan, get uşaqlarınla məşğul ol”, “bundan sonra nəyinə lazımdır oxumaq”, “qızlarının oxuyan vaxtı, nə vacibdir oxuyursan?”, “onsuz da sənin üçün gecdir, bacara bilməzsən” kimi sözlər deyənlər var idi. Mən də həmişə arzulayırdım ki, o gün gəlsin və onlara sübut edim ki, qadın ailəli olsa da, çoxuşaqlı olsa da, öz üzərində işləyə, arzusunu reallaşdıra bilər. Göstərmək istəyirdim ki, qadının gücünə etinasız yanaşmamaq lazımdır. O qədər qadın var ki, məişət yükünə, stereotiplərə görə arzularını rəfə qaldırıb. Mən onlara işıq olmaq istədim”. 
 
 
 
“Ailəmizdə təhsilin bir başqa yeri var”
 
Minayə deyir ki, Kənanın onu dəstəkləməyəcəyi ağlının ucundan belə keçməyib: “Təəssüf ki, cəmiyyətdə belə bir fikir formalaşıb ki, qadın ailə qurdusa, onun tək peşəsi əri, uşaqları, onlara yemək bişirmək və evini yığışdırmaqdır. Qadın bu səbəbdən istəklərini kənara qoyur, sadəcə, ailədəki missiyasını yerinə yetirir. Çox şükür ki, Kənan bəy mənə bu mövzuda mənəvi dəstək olub və inanıb. Əgər beynimin bir ucunda Kənanın buna icazə verməyəcəyi hissi olsa idi, bu addımı atmazdım. Ailəmizdə təhsilin bir başqa yeri var, düşündüm ki, uşaqlarının təhsili üçün bu qədər çabalayan ata mənə niyə dəstək olmasın?”.
 
 
Kənan bəy: “Artıq zəng edib şikayət edənlər var ki, bu xəbərdən sonra onların da həyat yoldaşları oxumaq həvəsinə düşüb (Gülür - A.Ə.). Qohumlarımızda xanımlar var ki, Minayənin bu addımından sonra həvəsləniblər və təhsil almaq istəyirlər. Minayə ilə qürur duyuram. Əlbəttə, əlimdən nə gəlirsə, dəstək verəcəyəm. Bir insanın hədəfi varsa, o hədəf üçün çalışırsa, ona dayaq durmaq, alqışlamaq lazımdır. Qadının gücündən qorxmaq yox, hədəfləri olan qadınla fəxr etmək lazımdır. Nə yaxşı ki, mənim qızlarımın anası məhz belə qadındır”.
 
 
 
“Üçüncü qızım xoşbəxtliyimə xoşbəxtlik qatdı”
 
Kənan bəy və Minayə xanımın ailəsinin özəlliklərindən biri də onların üç qız övladına sahib olmasıdır. Məlumdur ki, Azərbaycan selektiv abortlara görə dünyada birinci yerdədir. Təcrübə göstərir ki, ölkəmizdə birinci uşaq qız olanda, 99 faizi həyatda qalır. İkinci uşaq qız olanda 30, üçüncüdə isə 74 faiz abort edilir. Bu da cins nisbətinin pozulmasına gətirib çıxarır. Kənan bəy qızları ilə bağlı daim paylaşımlar edir, həm də bununla şüuraltı maarifləndirmə işini də həyata keçirdiyini bildirir. Deyir ki, üç qız atası olmaq onun xoşbəxtliyidir: “Səmimi etiraf edim ki, ata olmazdan öncə düşünürdüm ki, övladım oğlan olacaq. Baxırdım ki, ata tərəfimdə hər kəsin oğlu var. O vaxt məndən soruşsa idilər ki, qızın olsa özünü necə hiss edərsən? O zaman mən təsəvvür edə bilməzdim ki, bu qədər xoşbəxt ola bilərəm. Birinci qız mənə xoşbəxtliyin nə olduğunu göstərdi. Allah ardınca ikinci qızı nəsib etdi. Minayə şahiddir ki, bizim evdə heç vaxt qız uşağı ilə bağlı mənfi söhbətlər olmayıb. Üçüncü qızım da xoşbəxtliyimə xoşbəxtlik qatdı. Təəssüf ki, bu gün çox insan üç qız arzulamır. Amma mən düşünürəm ki, Allah məni onlarla mükafatlandırıb. Nə qədər ki, gücüm var, ailəmdəki dörd xanımın da arxasındayam”.
 
 
Bu mövzuda Minayə xanım da çox həssasdır. Çünki bu stereotiplə ilk dəfə doğulub böyüdüyü ailədə qarşılaşıb: “İstər qız, istər oğlan, fərq etməz, əsas xeyirli övlad olsun. Bu məsələyə daha çox qarşı olanlardan biri mənəm, çünki böyüdüyüm ailədə bu stereotipi yaşamışam. Biz dörd bacıyıq, qardaşım olana qədər bu, davam edib. Valideynlərimiz bizdən narazı olmayıb, amma düşünüblər ki, oğlan mütləq olmalıdır. Övlad arasında cins seçimi etmək qəbuledilməzdir. Kənanla biz qızlarımızla bağlı heç vaxt bunu düşünmədik. Kənanın həyatında qızlarının yeri tam başqadır”.
 
 
 
“Təbiətin iradəsinə müdaxilə etmək olmaz”
 
Selektiv abortla mübarizə metodlarına gəldikdə isə, həmsöhbətlərimiz düşünür ki, ananın hamilə olduğu andan etibarən, cütlüklər valideyn olduğunu hiss etməlidir: “Məncə ən böyük yanlış odur ki, ana hamilədir, deyirlər gələcəyin anası, yaxud atası. Əslində, bu uşaq ana bətnindədirsə, artıq cütlüklər ata və anadır. Düşünürəm ki, bu nüans selektiv abortlara da ciddi şəkildə təsir edər. Məsələn, bir var ki hamilə insanı artıq valideyn gözündə görürük və beləcə o, gözlə görmədiyi, əllə tutmadığı uşağın atası, yaxud anası olduğunu daha çox dərk edir. Bununla da onun qarşısına selektiv abort məsələsi gəldikdə, atalığa və ya analığa namizəd kimi deyil, ata kimi, ana kimi qərar verir. Demirəm bununla da hər kəs selektiv abortdan uzaq duracaq, amma ən azından bir sıra adamlar bu yoldan çəkinər”.
 
 
Kənan bəy: “İkinci səbəb cəmiyyətdəki stereotiplərdir. Mənə üç qızım olduğu üçün təəccüblənənlər, oğul övladı arzulayanlar olub. Bu, məni heç vaxt narahat etməyib. Hətta “Facebook”da statuslarıma diqqət etsəniz, hər zaman üç qızımın olduğunu, onlarla fəxr etdiyimi göstərməyə, eşitdirməyə çalışmışam. Cəmiyyətdəki bu stereotipləri qırmaq üçün əlimdən gələni edirəm. “Filankəsin oğlu yoxdur, sonsuzdur” kimi absurd fikirlərlə mübarizə aparmalıyıq. Azmı insan görmüşük üç oğlu var, amma “sonsuz”dur?  Övlad ya xeyirli olur, ya da xeyirsiz. Bu isə oğul yaxud qız olduğu üçün baş vermir. Qızın da öz yeri var, oğulun da. İnsanlara nə dərəcədə səhv etdiklərini çatdırmaq lazımdır. Qız uşağını istəməyən ata özü bir anadan dünyaya gəlməyibmi? Həyatında heç vaxt bacısına ehtiyac duymayıbmı? Düşünün ki, hamımız deyək ki, qızımız olmasın, hamının oğlu olsun. Dünya necə yer olar? Ona görə də təbiətin iradəsinə müdaxilə etmək olmaz”.
 
Onların hər yaşının öz gözəlliyi var
 
Cütlüyümüz qızlarının tərbiyəsində diqqət etdikləri məqamları da bizimlə bölüşdü. Kənan bəy deyir ki, tərbiyə, eləcə də təhsil ana bətnindən başlayır, hamiləlik dövründə valideynlərin davranış və yaşayış tərzi uşağın formalaşmasında çox ciddi rol oynayır: “Uşaq dünyaya gəldikdən sonra onunla vaxtı düzgün keçirmək lazımdır. Onunla oyun oynamağın özü belə təhsildir, tərbiyədir. Şərt deyil ki, uşağa ancaq ibrətamiz sözlər deyəsən, normal ünsiyyət belə, tərbiyədir. Uşaq elə bir nemətdir, elə bir dəyərdir ki, onu heç nə ilə əvəz edə bilməzsən. Onların hər yaşının öz gözəlliyi var. Məsələn, biz Minayə ilə beş yaşındakı qızımızın iki yaşındakı şəklini görəndə uşaqlığı üçün darıxırıq. Ona görə düşünürəm ki, iş və digər fəaliyyətlər həmişə var. Amma iki yaşında uşaqla keçirdiyin günlərin dadını, ondan aldığın zövqü o, beş yaşında olanda ala bilməyəcəksən. Bilirəm ki, indi - beş yaşında onunla yaşadığımız gözəlliklər də öz növbəsində yetkinlik dövründə bizim üçün əlçatmaz olacaq. Məncə, maksimum dərəcədə uşaqlarla çox vaxt keçirmək, hər yaşın verdiyi üstünlükləri düzgün dəyərləndirmək lazımdır”.
 
 
Minayə: “Kənan hədsiz dərəcədə mərhəmətli, uşaq sevən insandır. Mən isə əksinə, nizam-intizamlıyam, daha çox nəzarət edirəm. Qızlarımla aramızda xüsusi bağ var. Amma müəyyən məsələlər var ki, çərçivədən çıxa bilmərik. Məsələn, onların yaşlarına uyğun olmayan hansısa mövzu olduqda məsələnin çox dərinliklərinə getmədən sualları cavablandırmağa çalışıram. Qızlar bu cür suallar verəndə, onlar üçün tez olduğunu bildirirəm, hansı səbəblərdən yaşlarına uyğun mövzu olmadığını izah etməyə çalışıram. Təbii ki, qadağalar daha çox diqqət cəlb edir. Bu səbəbdən qadağa olmadan, mövzulara sərhəd çəkmədən izah edirik. İncəliklər var ki, onlara çox diqqət edirik”. 
 
 
"Valideyn uşağa balıq tutmağı öyrətməlidir"
 
Kənan bəy deyir ki, uğursuz uşaq yoxdur, uğursuz valideyn var: “Təhsilin önəmindən həmişə danışırıq, amma bu o demək deyil ki, uşağın marağını boğub onu sevmədiyi başqa sahəyə, valideynin istədiyi sahəyə yönəldək. Məsələn, valideynlər var ki, deyir mənim arzum qızımın həkim olmasıdır, o, mütləq həkim olmalıdır. Bu, düzgün yanaşma deyil. Uşağın istəklərini boğaraq köhnədən qalmış düşüncə ilə valideyn öz reallaşmamış arzusunu uşağın üstündə sınamamalıdır. Bununla o, uşağı əsarətə almış olur və edə biləcəyin ən böyük pisliyi edir. Uğursuz uşaq yoxdur, uğursuz valideyn var. İnsan dünyaya tərtəmiz, pak gəlir. Hər kəsin ağlı, zəkası eyni səviyyədə olmaya bilər, amma mütləq hər bir insanın uğurlu ola biləcəyi bir sahə vardır. Valideyn məhz bunu kəşf etməyi bacarmalıdır. Daha sonra isə bu istiqamətdə bacarıqların formalaşmasında dəstək olmalıdır. Bir sözlə, valideyn uşağa balıq verməli deyil, balıq tutmağı öyrətməlidir”. 


09.09.2024 | 12:48