AzMİU British Council şirkətinin Creative Spark proqramına qoşulur

British Council şirkəti yaradıcı iqtisadiyyatın inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyətinin öyrənilməsi məqsədi ilə yeni “Creative Spark” proqramını təqdim edir. Proqram çərçivəsində 2018-2019-cu illərdə Böyük Britaniya və Azərbaycanın bir sıra ali təhsil və yaradıcı qurumları arasında beynəlxalq əməkdaşlıq yaradılacaq. Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) də beynəlxalq proqrama qoşulmaq imkanı əldə edib. Belə ki, AzMİU London South Bank Universiteti və ChangeSchool İnstitutu ilə əməkdaşlıq edəcək. Creative Spark proqramının məqsədi regionda təhsil alan tələbələrin sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi və onların bu yöndə ideyalarını dəstəkləməkdir. Hər bir tərəfdaşlığı dəstəkləmək üçün 50 min funt sterlinq (64 min dollar) maliyyə vəsaitinin ayrılması planlaşdırılır.

       

Azərbaycanla yanaşı, proqram bir sıra digər ölkələrdə - Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan və Qırğızıstanda da həyata keçiriləcək. Maliyyələşdirmə bütövlükdə 35 yeni beynəlxalq tərəfdaşlığın yaradılmasına ayrılıb. Böyük Britaniyadan, proqrama qatılan digər ölkələrdən olan nümayəndələr ilk dəfə 20-21 noyabr tarixlərində Gürcüstanda bir araya gəlib, planların icrası üçün müzakirələrə başlayıblar.

 

Qərara alınıb ki, bu il ərzində tərəfdaşlar yaradıcı sahənin tələbələri və sahibkarlar üçün sahibkarlıq haqqında bir sıra peşə təlimləri keçirsinlər. Təlimlər ideyaları təşviq etmək və işə başlama, intellektual mülkiyyətin qorunması və maliyyə dəstəyi təmin edilməsi kimi mövzulara aiddir. Növbəti yay proqramına qatılan yüz minlərlə tələbə öz layihələri üçün video təqdimat müsabiqəsində bacarıqlarını inkişaf etdirmək imkanı əldə edəcəklər. Müsabiqədə mükafatlar Böyük Britaniyada təkmilləşdirmə kursları olacaq. Görüşdə AzMİU-nu Strateji inkişaf üzrə prorektor Ülkər Səttarova təmsil edib.

 



22.11.2018 | 17:53