AzTU-da Mikayıl Müşfiqin 110 illiyi qeyd olunub

Noyabrın 22-də Azərbaycan Texniki Universitetində görkəmli şair Mikayıl Müşfiqin 110 illiyinə həsr edilmiş tədbir keçirilib.

 

AzTU-nun prorektoru, professor İsa Xəlilov bildirib ki, tədbir Prezident İlham Əliyevin Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında 2018-ci il 17 may tarixli Sərəncamına əsasən reallaşıb. Prorektor deyib ki, Mikayıl Müşfiqin şəxsiyyəti vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir.                                          AMEA-nın Məhəmməd Fizuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli unudulmaz şairin ədəbiyyatımızdakı xidmətlərindən danışıb. Qeyd olunub ki, şairin zəngin ədəbi irsinə şeirdən tutmuş poemayadək lirik növün əksər janrları daxildir. Dərin emosionallıq, ahəngdarlıq, yığcamlıq Mikayıl Müşfiq poeziyasının əsas bədii keyfiyyətləridir. O, lirik-epik lövhələrin, peyzajların ən mükəmməl nümunələrini yaradıb. Mikayıl Müşfiq poeziyası şifahi xalq və yazılı klassik ədəbiyyatımızdan bəhrələnib.

 

Əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru Qafar Əsgərzadə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı Mikayıl Müşfiqin həyat və yaradıcılığından danışıb.

 

AzTU-nun Azərbaycan dili və pedaqogika kafedrasının müdiri, dosent Həbib Mirzəyev isə Mikayıl Müşfiq yaradıcılığına olan böyük sevgidən söz açıb.. Həbib Mirzəyev Mikayıl Müşfiqin “Gecə düşüncəsi” şeirini səsləndirdikdən sonra tədbirin bədii hissəsi başlanıb.

 

Tədbirin bədii hissəsində tələbələr və xanəndələr tərəfindən şairin şeirləri səsləndirilib, şeirlərinə bəslənilən musiqillər ifa edilib və sənəciklər nümayiş olunub.

 

Qeyd edək ki, tədbirdə AzTU-nun müəllim-tələbə kollektivi ilə yanaşı, Mikayıl Müşfiqin qohumları, ictimai şəxslər və KİV nümayəndələri də iştirak edib. 



22.11.2018 | 18:25