Qloballaşan dünyada Azərbaycanın elmi gücü: Birlik, təşkilatlanma və gələcəyə baxış
Sentyabrın 9-da Bakıda keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunda iştirak edən Əməkdar elm xadimi, Münhen Texniki Universitetinin professoru, Humboldt mükafatı alan ilk azərbaycanlı alim, Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, fizika-riyaziyyat elmləri doktoru Məsud Əfəndiyev Forumla bağlı fikirlərini “Azərbaycan müəllimi” ilə bölüşüb:

 
"Mən 33 ilə yaxındır ki, Almaniyada yaşayıram, professor qismində çalışıram. Bu gün Azərbaycanın elm və təhsil məkanında möhtəşəm bir günün şahidi olduq. Canı ilə, qanı ilə Azərbaycanla bağlı xaricdə yaşayan elm adamları Bakıya toplaşdı. Öz  vətəninə toplaşdı və bu burada öz fikirlərini, Azərbaycanın gələcəyi üçün öz töhfələrini bölüşdü. Zənnimcə, gözəl bir tədbir oldu və forumun əsas məqsədi xaricdə yaşayan azərbaycanlı alimlərin təşkilatlanmasına, bir çətir altında toplanmasından ibarət oldu və bu baxımdan çox uğurlu bir tədbirdir. Azərbaycan alimləri, rektorları burada çıxış etdi və ən mühüm məqamlardan biri də odur ki, bu forum üç gün ərzində davam edəcəkdir. Plenar iclaslar, sessiyalarda fikir mübadiləsi, Xankəndiyə səfərimiz olacaq. Bu baxımdan çox uğurlu bir forumun ərsəyə gəldiyini düşünürəm və Qarabağ Universitetində də bizim görüşlərimiz nəzərdə tutulub. 
 
Hamımızın, Azərbaycanın gələcəyi naminə elm adamlarının bir yerdə olması hamı üçün qürurvericidir. Bundan 15-20 il əvvəl belə bir münbit zəminin olması qeyri-mümkün idi. İndi Azərbaycanın dörd yanında bayrağımız dalğalanır və elm adamları istər xaricdə, istər daxildə bu bayrağın daha da yüksəkdən dalğalanması üçün əlindən gələni əsirgəmədilər. Biz xaricdə yaşayan alimlər buna hazırıq". 
 
Kembric Universitetinin Molekulyar Biologiya Laboratoriyasının qrup rəhbəri, AMEA Molekulyar Biologiya İnstitutunun laboratoriya rəhbəri professor Qərib Mürşüdov da “Azərbaycan müəllimi”nə tədbirlə bağlı, eləcə də Azərbaycanda elm və təhsilin inkişafı haqda fikirlərini bölüşüb: 
 
 
"Mən uzun müddətdir çox istərdim ki, Azərbaycanda elm inkişaf etsin. Ümumiyyətlə, belə deyək, hər hansı ölkənin gücü, hazırda orada olan təhsil, elm sənayedən, elmdən asılıdır. Əgər inkişaf etmiş ölkələrə baxsanız, onların hamısında resurslara yox, əsasən elmə, təhsilə çox diqqət verilir. Çünki müasir sənaye, elm və texnologiyaya əsaslanır. Əgər sizdə elm, texnologiya varsa, onda sizin gücünüz var. Bu isə o deməkdir ki, siz o biri ölkələrdən də asılı deyilsiz, hətta siz o biri ölkələri özünüzdən asılı edə bilərsiniz. 
 
Bunun hamısının əsasında elm və texnologiya durur. Azərbaycanda hazırda bu  zəif səviyyədədir, bunu həll eləmək lazımdır. Həll etmək üçün bizim kimi adamlar buna kömək eləməyə hazırdırlar. Bunu etmək üçün hər hansı bir mexanizm lazımdır. Hazırda  bu mexanizm yoxdur. Mən özüm 15 ildir bununla məşğul oluram. Amma mexanizm olmadığına görə gərək özün  öz təşəbbüsünlə çox işlər görəsən. Amma bu Forum mən ümid edirəm ki, bu təşəbbüsü olan, kömək eləmək istəyən insanlara bir mexanizm yaradacaq. Ancaq yenə də kənardan gələnlər kifayət eləmir. Kənardan nə qədər olsa, nə qədər ürəyi yanan olsa, ölkədə, əgər mexanizm, resurslar yoxdursa, onda bunu həll etmək  olmaz. Buna görə biz Azərbaycanda həm təhsili, həm elmi möhkəmləndirməliyik, tamamilə dəyişməliyik. Yeni sistemlərə keçməliyik. 
 
Dünyada hazırda digital qəlb deyilən bir şey var. Buna rəqəmsal uçurum deyirlər. İnformasiya həddən artıq çoxdur, ancaq bu informasiya bir neçə dildə mövcuddur. Bunu həll eləmək mümkündür. Bunu həll eləmək üçün süni zəkadan istifadə etmək lazımdır. Bu haqda ideyalar var. Bu kimi ideyaları Azərbaycanda tətbiq etmək üçün bir mexanizm yaradılsa, mən iştirak etməyə məmnun olardım. Mən bilən çox adamlar var. Əlbəttə, biz bilirik ki, çoxlu problem, boşluqlar var. Bu boşluqların  obyektiv, subyektiv səbəbləri də var. Onları kənara qoymaq lazımdır.
 
Fikirləşmək lazımdır ki, biz gələcəkdə nə istəyirik. Necə edək ki, uşaqlar böyüyəndə həm ölkədə, həm də kənarda uğurlara malik olsun. Ölkədə uğurlara malik olmaq üçün həm iqtisadi islahatlar, eyni zamanda elm lazımdır. Təhsil ölkənin gələcəyidir. Elm o deməkdir ki, siz mühit yaradırsınız, mühit yaradırsınızsa, deməli, bu mühitin ətrafında yeni texnologiyaya əsaslanan sənaye inkişaf edir. Əgər dünyaya, məsələn, Silikon vadisinə və ya Kembricə baxın, onun ətrafında sənayelər meydana çıxır. Sənayelərin hamısı da orada güclü elmin və təhsilin olmasına görədir. Biz bu misallardan istifadə edib Azərbaycanı inkişaf etdirməliyik. Mümkündür, əlbəttə. 
 
Bir şey deyim, mən Azərbaycana gələndə məktəblərə gedirəm. Məktəb vaxtı olanda, mənim fikrimcə, məktəblərdə rol modellər yaratmaq lazımdır ki, uşaqlar baxsınlar gələcəkdə nə edə bilərlər. Çox insanlarla danışanda onlarda özləri haqda, öz ölkəsi haqqında fikirlər var. Bunu da başa düşmək olar. Nəyə görə? Çünki özləri güclərini bilmirlər, onlar bilmirlər hara gedə bilərlər. Bu rol modelləri mənfi fikirləri dəyişə bilər.  Biz bunun üzərində işləməliyik. 
 
Mən iki dəfə Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Qarabağda olmuşam, bir dəfə Şuşada, bir dəfə də Xankəndidə. Ora gedəndə hər dəfə mənim ürəyim açılır.  Artıq ölkəmizin ən böyük problemi həll ounub, ərazilərimiz azad olunub. İndi gələcəyə baxmaq lazımdır. Gələcəyə isə indidən başlamaq lazımdır. Bu Forum bu mexanizmi yaratmaqda rol oynaya bilər". 
 
Amerikanın Corciya Universitetində postdoktoral tədqiqatçı fəaliyyəti göstərən kimya üzrə fəlsəfə doktoru Şuay Abdullayev isə bildirib ki, birinci dəfədir alimlərin belə bir forumunda iştirak edir:
 
 
"Çox şadam ki, məni də dəvət elədilər. Çox önəmli tədbirdir. Bu cür forumların daha öncədən təşkil olunması daha yaxşı olardı. Amma yenə də gec deyil, bu forumun təşkil olunmasından çox optimistəm. Forum alimlərimizin bir-birlərini tanımasında bir təməl təşkil edib. Bu Forumun dünyadakı alimlərimizn bir-birini tanımasında, şəbəkələşməsində və Azərbaycana töhfə verməsində çox mühüm rol oynayacağına inanıram".
 

Oruc MUSTAFAYEV



10.09.2024 | 13:08