Kahramanmaraşda yeni inşa edilən Heydər Əliyev adına məktəbin açılışı olub
Prezident İlham Əliyevin tapşırığı ilə sentyabrın 11-də Türkiyənin Kahramanmaraş şəhərində yeni inşa edilmiş Azərbaycan məhəlləsində Heydər Əliyev adına müasir tipli ibtidai məktəbin açılış mərasimi keçirilib. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, Türkiyənin təhsil naziri Yusuf Tekin və hər iki ölkənin nümayəndə heyəti iştirak ediblər.
 
Məktəbdə yaradılmış şəraitlə tanış olan qonaqlara məlumat verilib ki, təməli ötən ilin aprelində qoyulmuş üçmərtəbəli binanın tikintisi zamanı sağlamlıq imkanları məhdud uşaqlar da nəzərə alınıblar. Məktəbdə həmçinin idman zalı, kitabxana və zərurət yaranarsa, sığınacaq kimi istifadə edilə bilən yer var. İbtidai məktəbdə təhsilə dəstək məqsədilə yaradılmış əlavə otaqlar da mövcuddur. Buraya xüsusi alətlər və tədris materiallarından ibarət 1 emalatxana, musiqi dərslərinin keçirilməsi üçün musiqi alətlərindən ibarət 1 otaq, rəsm və əmək dərslərinin keçirilməsi üçün 2 emalatxana, texnologiya, riyaziyyat və mühəndislik sahələrində bacarıqların təkmilləşdirilməsi üçün 1 emalatxana, 1 kitabxana və 1 idman zalı daxildir.
 
Açılış mərasimində çıxış edən Emin Əmrullayev bildirib ki, Azərbaycan və Türkiyənin qardaşlığı sadəcə sözdə deyil, həm də əməldədir. Nazir həmçinin məktəbin açılması ilə bağlı bütün şəhər sakinlərini təbrik edib, müəllim və  şagirdlərə uğurlar diləyib. 
 
Xatırladaq ki, keçən ilin fevralında episentri Kahramanmaraş vilayəti olan zəlzələdən sonra Naxçıvan şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi” imzalanıb.


11.09.2024 | 17:18