Direktor olmaq istəyənlər

Dünən 2018-2019-cu tədris ili  üçün direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin imtahan mərhələsinə start verilib. Bu gün başa çatacaq növbəti mərhələdə ümumilikdə 1600-dən çox namizədin iştirakı gözlənilir. İlk gün 757 namizəd imtahanlara qatılıb. Test mərhələsində maksimum nəticə 60 baldır. Dünən imtahana qatılan Bakı şəhəri 117 nömrəli tam orta məktəbin müəllimi Samir Şahin oğlu Əzimov 49 balla günün ən yüksək bal toplayan namizədi olub. 

 

Kim direktor ola bilər?

 

Direktorların işə qəbulu üzrə müsabiqəyə pedaqoji və idarəetmə ixtisas sahələri üzrə ali təhsili və 5 ildən az olmayaraq pedaqoji təcrübəsi olan şəxslər qatıla bilərlər. Ancaq direktor vəzifəsini tutmaq istəyən şəxsin təhsilin təşkili və idarəolunması ixtisası üzrə elmi dərəcəsi və ya elmi adı varsa, ondan 3 il pedaqoji təcrübə tələb olunur. Direktorluğa namizədlər birmənalı olaraq yalnız hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər ola bilərlər.

 

İlk mərhələdə 2037 namizəd

 

Müsabiqə mərkəzləşdirilmiş qaydada elektron sistem vasitəsi ilə həyata keçirilir. 4 mərhələdən ibarət müsabiqənin ilk - elektron ərizələrin qəbulu  mərhələsi artıq başa çatıb. Noyabrın 5-dən 9-dək davam edən həmin mərhələdə 2037 namizəd elektron ərizəsini təsdiq edərək müsabiqədə iştirak etmək hüququ qazanıb. Onlar elektron ərizəsinə şəxsi məlumatlarını yazıb, əmək  kitabçasını və diplomunu yükləyib. Vakansiyaları seçdikdən sonra ərizəsini təsdiq edib.

 

Test

 

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin rəhbəri Murad Camalzadə “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında bildirib ki, elektron ərizələrini təsdiq edən 2000-dən artıq namizədin şəxsi məlumatları araşdırılıb, müsabiqə şərtlərinə uyğun olanların imtahanlarda iştirakına icazə verilib. Müsabiqənin ikinci - test mərhələsində ümumilikdə  1600-dən çox namizəd iştirak hüququ qazanıb. Onların hər birinin şəxsi səhifəsində bu barədə məlumat yerləşdirilib.

 

Qeyd edək ki, test imtahanında namizədlərə təhsil qanunvericiliyindən 25, əmək qanunvericiliyindən 20, məntiqdən 15 sual olmaqla 60 test tapşırığı təqdim olunur. Sualların 40 faizinə düzgün cavab verən namizədlər keçid balını toplamış sayılırlar. Müsahibə mərhələsində isə namizədlərin peşəkar kompetensiyaları, idarəetmə bacarıqları və ümumi dünyagörüşü yoxlanılır və 5 ballıq şkala ilə qiymətləndirilir.

 

Direktor təyin olunanlarla 1 illik müqavilə bağlanacaq

 

Müsabiqənin son mərhələsində vakant yerlərə yerləşdirmə həyata keçirilir. Bu mərhələdə müsabiqənin nəticəsinə əsasən vakant direktor vəzifəsini tutan namizədlə 1 il müddətinə əmək müqaviləsi bağlanacaq. Həmin müddət başa çatdıqdan sonra məktəbin akademik göstəriciləri nəzərə alınaraq müqavilə müddəti uzadıla, ya da daimi əsaslarla bağlana bilər. Müsahibədə keçid balı toplayan, lakin yerləşdirilməyən namizədlər ehtiyat kadrlar siyahısına daxil edilirlər. Ehtiyat kadr statusunda qalmaq müddəti 2 ildir. Həmin namizədlər müəyyən olunmuş müddətdə yaranan vakant yerlərə yerləşdirilə bilərlər.

 

Ruhiyyə DAŞSALAHLI



23.11.2018 | 12:48