Müəllimlər şagirdlər üçün öyrənmə mühiti yaratmalıdırlar - Erik Qundersen “Yeni çağırışlar”da
“National Geographic Learning” Qlobal Tərəfdaşlıq Qrupunun baş direktoru Erik Qundersen “Yeni çağırışlar”da
 
“Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti qonağı “National Geographic Learning” Qlobal Tərəfdaşlıq Qrupunun baş direktoru Erik Qundersen olub.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, Elm və Təhsil Nazirliyinin dəstəyi və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən “Yeni çağırışlar” proqramının 23 avqust 2024-cü il tarixində yayımlanan bölümündə Erik Qundersen ilə yaşıl təhsil barəsində danışılıb. “T-Network”ün rəhbəri, təhsilin idarə olunması üzrə mütəxəssis Cəfər Mənsiminin təqdimatında davam edən proqram Elm və Təhsil Nazirliyinin “Facebook” səhifəsi üzərindən Azərbaycan dilində canlı yayımlanıb. 
 
“Biz dünyanı sinifdə, sinfi isə həyatda canlandırırıq”
 
ABŞ vətəndaşı olan Erik Qundersen proqramın girişində qeyd edib ki, valideynlərinin əslən Norveçdən olması, beynəlmiləl mühitdə böyüməsi, çox səyahət etməsi onun karyerasına olduqca müsbət təsir edib. Qonaq vurğulayıb ki, hər dəfə sinif otağında şagirdlərə yeni dərs keçdiyi zaman mövzunu kənar dünya ilə uzlaşdırdıqda öyrənənlərdə daha böyük coşqunun, həvəsin yaranmasını müşahidə edib və məhz bu cəhəti özündən bir müəllim kimi öyrənmiş olub.
 
Təhsildə təbliğ etdiyi əsas ideyadan danışarkən, E.Qundersen “National Geographic Learning” sloqanında qeyd edildiyi kimi, dünyanı sinfə, sinfi isə həyata gətirdiklərini, ətraf mühiti tanımadan, bilmədən, hiss etmədən həqiqi mənada öyrənmənin mümkünsüz olduğunu qeyd edib. Baş direktor fəxarət hissi ilə “National Geographic” Cəmiyyətinin tərəfdaşı olduqlarını və bununla onların çoxlu sayda təsvir və videolarına, fotolarına çıxış əldə etdiklərini, bunlardan əyani vəsait kimi istifadə etdiklərini bildirib. 
 
“Mirrors and Windows” (“Güzgülər və pəncərələr”) prinsipi haqqında məlumat verən E.Qundersen şagirdlərə ətraf mühiti öyrənmək üçün pəncərə açdıqlarını, gənclər pəncərəyə baxarkən digər ölkələri, mədəniyyətləri kəşf etdikcə güzgüdə gördükləri öz əksləri ilə müqayisə etmiş olduqlarını söyləyib. Qundersen bu metodikadan istifadə edərək gənclərdə məlumatcanlılıq, maraq hisslərini oyatdıqlarını deyib: “Maraq hissi təhsildə öyrənməyə təkan, impuls vermiş olur. Qeyd etmək istəyirəm ki, kurikulum çərçivəsi ilə məsələ məhdudlaşmamalıdır. Öyrənmə həvəsi real, doğru məlumatlar üzərində qurulmalıdır”.
 
Ekoloji savadlılıq və davranış mədəniyyətinin inkişafı
 
Erik Qundersen hesab edir ki, ekoloji savadlılıq və dünyanın yaxşı bir yerə çevrilməsi üçün yaşanılan, öyrənilən, çalışılan mühitdə fərqin yaradılması, dünyanın dəyişməsində lokal olaraq verilən töhfə çox önəmlidir. Layihə, xidmət əsaslı öyrənmə ilə ətraf mühitə daha qayğılı yanaşmanı təmin etmək mümkündür. “Ekoloji savadlılığı ayrıca bir fənn kimi deyil, riyaziyyatın, texniki, humanitar elmlərin ayrılmaz bir hissəsinə çevirmək lazımdır. İnsan fəaliyyətinin nəticəsi olaraq dünyada yaranan dəyişikliklər, ətraf mühitə təsir təhsilin ayrılmaz bir hissəsi olmalıdır. Biz bunu iki əsas dissiplin üzrə etməliyik. Birincisi, qlobal ekoloji ünsiyyət dili olduğu üçün ingilis dili öyrənilməlidir. Şagirdlər  ingilis dilini mənimsədikcə qlobal ekoloji diskussiyalara qoşulmuş olurlar. İkincisi, elmə, təbiət elmlərinə inteqrasiya olunmalıdır. Belə ki, elmi ekoloji savad ingilis dili qədər məsələnin həll olunmasında önəmlidir. Dünyanın müxtəlif yerlərində ekoloji savadlılıq artıq Təhsil Nazirliyi səviyyəsində təşəkkül tapmaqdadır. Misal olaraq, İtaliyada nazirlik səviyyəsində ekoloji savada və iqlim dəyişikliyinə həftədə bir saat ayrılır. Finlandiya bu baxımdan çox mütəşəkkil, qabaqcıl nümunədir. Finlandiyada nazirlik artıq iqlim dəyişikliyi məsələsini kurikulumun bütün istiqamətlərinə, sahələrinə daxil etmişdir”, - cənab Qundersen vurğulayıb.
 
“Böyük yaşıl dərs” (The Big Green Lesson) proqramı barədə məlumat verən baş direktor Azərbaycanın bu il COP29-a ev sahibliyi etdiyi kimi, keçən il BƏM-in COP28-ə ev sahibliyi etdiyini xatırlayıb və bunun nəticəsi olaraq həmin ölkənin öz vətəndaşı olan hər bir uşağın dayanıqlı inkişafla bağlı fərdi öhdəliyini formalaşdırmaq məqsədilə görülən işlər barədə danışıb. “BƏM hökuməti bu təşəbbüslə “National Geographic Learning”lə birlikdə silsilə dərslər həyata keçirdi. Silsilə dərslərin əsas mahiyyəti Dayanıqlı İnkişaf  Məqsədlərinə dair şagirdlərə məlumat çatdırmaq, onları maarifləndirmək idi ki, onlar kiçik də olsa bu yolda öz töhfələrini versinlər və sonradan COP görüşlərində verdiyi vədləri necə həyata keçirdiyi barədə məlumatı paylaşsınlar. Bunun üçün “National Geographic”də çalışan təbiət kəşfiyyatçılarının təcrübəsindən istifadə edirdik. “Böyük yaşıl dərs” silsiləsi böyük təşəbbüsün başlanğıcı idi. Bunun növbəti mərhələlərində isə biz bir növ şagird və tələbələrin narahatlığını, ruh düşkünlüyünü aradan qaldırmağa çalışdıq. Bəzən şagird və tələbələr arasında belə bir düşüncə hökm sürür ki, mən iqlim dəyişikliyi fonunda vəziyyəti dəyişmək üçün nə edə bilərəm, əlimdən nə gələr? Belə bir ruh düşkünlüyü fonunda biz şagirdləri maarifləndirməyə başladıq”, - E.Qundersen bildirib. 
 
Təbiətlə dost olan şagirdlərin yetişdirilməsi
 
Təhsil mütəxəssisinin fikrincə, şagird və tələbələrdə təbiətlə dost olmaq üçün mütləq elmi bilik və ekoloji savad olmalı, tənqidi düşüncə bacarıqlarının formalaşdırılması, iqlim dəyişikliyi üzrə qlobal müzakirələr aparmaq üçün ingilis dilini bilmək çox önəmlidir. Qonaq vurğulayıb ki, müəllimlər ekoloji savadlılıq üzrə təlimləndirilmədiklərini, kifayət qədər biliyə sahib olmadıqlarını hiss edirlər, dünyada müəllimlər arasında ekoloji savadın olmaması ilə bağlı narahatlıqlar var. O deyib: “Müəllimlərə bu məsələdə dəstək lazımdır və öyrənmə layihə əsaslı olmalıdır. Əslində müəllimlər ekoloji ekspert deyil və olmamalıdırlar. Müəllimlər auditoriyalarda şagirdlər üçün öyrənmə mühiti yaratmalı, bu prosesdə bələdçi olmalıdırlar, şagirdlər isə prosesin aparıcı qüvvəsinə çevrilməli, dünyanı kəşf etməlidirlər”.
Erik Qundersen şagird və tələbələrdə xarakterin formalaşması üçün onların kənar dünyanı dərk etməsinə, emosiyalarını kəşf etməsinə, özünə inamın gücləndirilməsinə, bütün  həyat trayektoriyası zamanı onların keçəcəyi mərhələləri öncədən təsəvvür etməsinə, onların icmalara verəcəyi töhfələri, cəmiyyətdə yaradacaqları fərqi sezmələrinə, görmələrinə nail olmağa çalışdıqlarını deyib: “Təhsil prosesində insanların kommunikativ, yumşaq bacarıqları formalaşır. Dayanıqlı inkişaf baxımından bu bacarıqlar vacibdir. Eyni zamanda əməkdaşlıq etmə, kollaborasiya, empatiya hissi, komanda işi, güclü mesajların formalaşması, fikirlərinin ifadəli şəkildə çatdırılması bacarıqları aşılanır və bu da gələcəkdə onlara kömək olur. Nəticə etibarilə öyrənənlər uğur qazanmağa çalışırlar və sonradan bunu karyeralarında tətbiq etmiş olurlar. Bizim kursların başlıca məqsədi cəmiyyətdə mümkün qədər orta təbəqədə şagirdlərin sayını artırmaqdır”. 
 
Məktəb qurarsa
 
Cənab Qundersen şagirdlər arasında məktəbdə darıxma hissinin öhtəsindən gəlmək üçün dünyanı sinfə, sinfi də həyata gətirməyə çalışdıqlarını, bunu etməklə onlara həqiqi dünyanı göstərmiş olduqlarını, real bilik verdiklərini deyib. Onun sözlərinə görə, bununla şagirdlər dünyada baş verənləri görür, xəbərdar olur, daha yaxşı öyrənirlər. “National Geographic Learning”in təbiət tədqiqatçılarından istifadə edərək daha çox kənar dünyaya fokuslandığını bildirən qonaq tədris zamanı kontent olaraq sinifdə baş verənləri də şagirdlərə çatdırdıqlarını, yəni kənar dünyanın fonunda sinifdə, daxili mühitdə baş verənləri öyrənənlərə anlatdırdıqlarını deyib.  
Erik Qundersen bildirib ki, yeni bir təhsil ocağı qursaydı həmin məktəbi 3 xüsusiyyət baxımından fərqli edərdi: birinci, həmin məktəbdə təhsil qlobal vətəndaşlığa fokuslanar, şagirdlər özlərini qlobal vətəndaş kimi hiss edərdilər. İkinci, orada eksperiment, təcrübə əsaslı xidmət üzərində öyrənmə olardı. Üçüncü, məktəbdə verilən təhsil şagirdləri karyeranın qurulmasına hazır edərdi, şagirdlər artıq gələcək karyeralarına hazır olardılar. Məktəbin verdiyi bilik gələcəkdə karyera qurulmasında əməli şəkildə şagirdlərə kömək edərdi. 
 
8 guşəli yeni çağırışlar
 
Proqramın ənənəvi “Təhsildə yeni çağırışları 8 guşəli ulduza bənzətsək, daha təhsilli gələcək üçün onun guşələri hansı çağırışlardan ibarət olar?” sualının cavabında “National Geographic Learning” Qlobal Tərəfdaşlıq Qrupunun baş direktoru Erik Qundersenaşağıdakı çağırışları səsləndirib:
 
1. Məşğulluq üçün təhsil, karyeraya hazırlıq. 
2. Sosial-emosional bacarıqların formalaşması. 
3. Çoxsaylı savad: buraya qlobal, vizual, media savadlılığı daxildir. 
4. Real dünyanı özündə ehtiva edən məsələlərin tədrisi. 
5. “Mirrors and Windows” (“Güzgülər və pəncərələr”) - təhsil zamanı özümüzü və digərlərini görmək. 
6. Rol modeli yanaşması. 
7. İqlim dəyişikliyinə dair təhsil və bununla bağlı hər birimizin üzərinə düşən iş. 
8. İngilis dili təhsili mühitinin formalaşmasının vacibliyi. Ətraf mühit haqqında müzakirələrə qoşulmaq üçün tam mənada ingilis dilinə yiyələnməliyik.
 
Görüşün sonunda təhsilin idarə olunması üzrə mütəxəssis C.Mənsimi “əsas çağırışlardan birinin təbiətin bizim şəxsiyyət vəsiqəmiz olduğu düşüncəsini mənimsəməkdir” fikri ilə proqramı yekunlaşdırıb.
 
Lamiyə ƏLİMƏRDANOVA,
Abşeron-Xızı üzrə regional təmsilçi


13.09.2024 | 11:08