"Şagirdyönümlü təhsil üçün nə edirik?" - Sentyabr konfransları yekunlaşdı
Elm və təhsil naziri Emin Əmrullayev: “İstəyirik ki, daha çox uşaq məktəbəqədər təhsilə, məktəbəhazırlığa getsin, bu və ya digər formada təhsilin məzmunu, müəllimlərimizin keyfiyyəti artsın”
 
Ötən həftə ölkənin hər yerində təhsil işçilərinin ənənəvi sentyabr konfransları keçirilib. Prosesə sentyabrın 10-da paytaxt təhsil işçiləri yekun vurub. Bu il keçirilən tədbirlər, sadəcə inzibati hissə ilə məhdudlaşmayıb, həm də müxtəlif tədris-metodiki seminarlar və öyrədici müzakirələr təşkil olunub. Seminarlarda “Oxuyub-anlama dərslərinin təşkil edilməsi”, “Riyazi bacarıqların həyatda tətbiqi”, “Təkmilləşdirilmiş riyaziyyat kurikulumu” kimi mövzular üzrə müzakirələr aparılıb və müəllimlərə yeni təlim metodları öyrədilib. Məktəb rəhbərlərinin, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərlərinin, qabaqcıl müəllimlərin iştirakı ilə keçirilən müzakirələrə elm və təhsil naziri Emin Əmrullayev, ali məktəb rektorları, millət vəkilləri, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) rəhbərliyi, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, ictimaiyyət və KİV nümayəndələri də qatılıb.
 
246 bağçada sağlam qidalanma xidməti
 
MÜTDA-mn direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova 2023-2024-cü tədris ilində idarənin fəaliyyət istiqamətləri üzrə gördüyü işlərdən danışıb. Paytaxtda məktəbəqədər və ümumi təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və layihələri diqqətə çatdırıb. N.Hüseynovanm sözlərinə görə, ötən tədris ilində 175 bağçada monitorinq keçirilib. Bu ilin ötən dövründə 246 bağçada sağlam qidalanma xidməti təmin edilib. N.Hüseynova müqayisə edib: “Bu rəqəm keçən il üçün 101 müəssisə idi”.
Ümumtəhsil müəssisələrində isə 71 araşdırma aparılıb. Monitorinqlər bu il də davam etdirilir.
 
“Seçimi düzgün aparırıq”
 
Konfransda çıxış edən nazir Emin Əmrullayev Elm və Təhsil Nazirliyinin mərkəzi icra hakimiyyəti orqanı olaraq işinə diqqət çəkib: “Mövcud resurslarla, mövcud imkanlar çərçivəsində elm və təhsil siyasətinin hədəflərini bacardığımız qədər ən optimal şəkildə formalaşdırmışıq. İstəyimiz çox sadədir, daha çox uşaq məktəbəqədər təhsilə, heç olmasa, bir il məktəbəhazırlığa getsin, bu və ya digər formada təhsilin məzmunu, müəllimlərimizin keyfiyyəti artsın”.
Bu istiqamətdə atılan addımlar çərçivəsində sertifikatlaşdırma və müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələrinə diqqət çəkib. “Vaxtımızın çox hissəsini sərf etdiyimiz işlər doğru işlərdir”, - deyən nazir sertifikatlaşdırmanın nəticələrinin müəllimlərin işə qəbulu modelinin ən doğru yol olduğuna əminlik yaratdığını vurğulayıb: “Son 10 ildə məktəblərə müəllim kimi qəbul olunan şəxslərin orta bah əvvəlki illərdə qəbul olunanlardan orta hesabla 2.5 dəfədən çox fərqlidir. Bu o deməkdir ki, seçimi düzgün aparırıq”.
 
“Şagirdyönümlü təhsildən danışırıq...”
 
Emin Əmrullayev sentyabr konfransının müzakirə platformasında qurulmasına diqqət çəkib. “Bakı təhsili Azərbaycan təhsilinin üçdə biridir”, - deyən elm və təhsil naziri paytaxt məktəblərində iş görmək, dəyişiklik etmək iqtidarında olan insanların toplaşdığı sentyabr konfransında bir neçə problemə münasibət bildirib, vacib ismarıclar verib. “Şagirdyönümlü təhsildən danışırıq, amma buna nail olmaq üçün nə edirik? Bəlkə siz məktəblərdə edirsiniz, amma bu, monitorlarda, ekranlarda görünmür”, - deyib. Odur ki sentyabr konfransında problemləri, çətinlikləri müzakirə etməyə çağırıb: ‘‘Təhsilin hansı istiqamətdə irəliləyəcəyi aydındır, bu, Prezident İlham Əliyevin imzaladığı sosial inkişaf prioritetlərində açıq şəkildə elan olunub. Bizim müzakirəmiz təhsil siyasətinin əsas hədəflərindən çox Bakı məktəblərinin nə etməli olduğu üzərində qurulmalıdır”.
 
Məktəb-ailə əməkdaşlığına nail olmaqda məktəb rəhbərinin rolu
 
Uşaqların yetişməsində məktəb-ailə əməkdaşlığına nail olmaqda məktəb rəhbərindən çox şey asılıdır. E.Əmrullayevin fikrincə, bu məsələdə direktorun davranışı, təlim prosesinə münasibəti təhsilin şəklini müəyyən edən ən vacib məqamdır: “Görünən problem odur ki, təlim prosesi bir kənarda qalıb, inzibati işlər daha prioritetdir. Müəllimə verilən saat, onların bölgüsü və s. kimi fərdi müraciətlər daha çoxdur, nəinki uşağa hansısa yaxşı müəllimin dərs keçməsi kimi tələblər”.
Nazir məktəb rəhbərliyinin valideynlə ünsiyyətinə də toxunub: “Ev və məktəb mühiti bir-birilə necə əməkdaşlıq edir? Valideynlərə ismarıc necə çatdırılır ki, övladınızın daha hazırlıqlı, daha yaxşı vətəndaş olması üçün nə etməliyik? Mən istəyərdim ki, bu cür halları müzakirə edək. Necə edə bilərik ki, bu prosesi yaxşılaşdıraq?”.
 
E.Əmrullayev çıxışı zamanı ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ilinin təşkili barədə müvafiq əmrdə nəzərdə tutulan məsələlərin həllinin zəruriliyini diqqətə çatdırıb.
 
Konfrans panel müzakirələrlə davam edib. Ötən tədris ilində aparılan təhsil islahatları, mövcud problemlər və onların həlli istiqamətində atılan addımlar, perspektivdə nəzərdə tutulan məsələlər, yeni tədris ilinin əsas hədəflərindən bəhs olunub. Panel müzakirələrdə elm və təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, MÜTDA-nm direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova iştirak edib. Panel müzakirələrdə konfrans iştirakçılarının fikirləri dinlənilib, qonaqların, ekspertlərin təklif və tövsiyələrinə yer verilib, suallar cavablandırılıb.
 
Daha sonra Bakı şəhəri 113 nömrəli tam orta məktəbin məzunu, Qarabağ Universitetinin tələbəsi Əli Məmmədzadə çıxış edərək öz uğur hekayəsindən danışıb, qarşıya qoyduğu məqsədlərdən söz açıb.
 
Ruhiyyə DAŞSALAHLI
 


13.09.2024 | 12:18