Qarabağda yenilənmə: təmir işləri və yeni məktəblərin tikintisi
2024-cü təqvim ilində Qarabağ Regional Təhsil İdarəsinin tabeliyindəki təhsil müəsissələrində cari və əsaslı təmir həyata keçirilib, yeni binalar tikilib. 
 
Adıçəkilən qurumdan "Azərbaycan müəllimi"nə  verilən məlumatda bildirilib ki, Ağdamda 8, Bərdədə 4, Füzuli və Tərtərdə isə hər birində 2 məktəbəqədər müəssisə cari təmir olunub. İdarə tərəfindən o da qeyd olunub ki, hal-hazırda Ağdam və Füzulidə cari, Ağcabədidə isə əsaslı təmiri davam edən məktəbəqədər müəssisələr var. Eyni zamanda Xocavənddə Yeni Xocavənd bağçası üçün bu ildən cari təmir nəzərdə tutulub. 
 
Bundan əlavə, bölgələrdə cari və əsaslı təmir edilən, həmçinin yeni tikilən məktəb binaları da az deyil. Ağdam rayonunda 129 saylı tam orta məktəb, Bərdə rayonunda Bərcivan kənd tam orta məktəb,Hacılar kənd ümumi orta məktəb, Bərdə rayon Uşaq gənclər idman şahmat məktəbi, Füzuli rayonunda Alıxanlı kənd tam orta məktəb, Tərtər rayonunda Borsunlu kənd tam orta məktəb, eləcə də 6 nömrəli tam orta məktəblərinin binalarında cari, Tərtər rayon Bəyimsarov kənd tam orta məktəb binasında isə əsaslı təmir işləri həyata keçirilib. 
 
Bərdə rayonu Mehdili kənd tam orta, Alpoud kənd tam orta, Ağcabədi rayonunda Hindarx qəsəbə 3 nömrəli tam orta, Ağdam rayonu 1 nömrəli tam orta, Rzalar kənd tam orta, Füzuli rayonu Aşağı Alıxanlı kənd tam orta, Şuşa şəhəri 1 nömrəli tam orta məktəbləri üçün yeni binalar inşa olunaraq müəllim və şagirdlərin ixtiyarına verilib. 
 
Qeyd edək ki, Qarabağ RTİ-nin tabeliyindəki müəssisələrdə IX sinif üzrə 10 053 nəfər, XI sinif üzrə isə 7 326 nəfər təhsil alacaq. 
 
Məlumat üçün bildirək ki, bu il həyata keçirilən MİQ imtahanlarında Qarabağ RTİ üzrə 1 333 vakant yer ayrılıb. 935 nəfər daimi əsaslarla, 441 nəfər isə müddətli əsaslarla qəbul olub. 1 376 nəfər müəllim ilk dəfə şagird qarşısına çıxacaq.
 
Eyni zamanda cari tədris ilində 22 nəfər  məktəb direktoru, 43 nəfər tərbiyəçi-müəllim vəzifəsinə təyin edilib.
 
Rəmziyyə HƏSƏNOVA,
Qarabağ üzrə regional təmsilçi


14.09.2024 | 10:55