47 yaşlı tələbə: Yaxşı bir peşəyə sahib olmaq ömürboyu iş imkanı deməkdir
Bu gün çoxları üçün həyatının ən həyəcanlı günlərindən biridir. Biri ilk dəfə auditoriyaya girəcək, tələbə olacaq, digəri ilk dəfə müəllim kimi sinfə daxil olacaq. Başqaları da var ki, hələ ilk dəfə məktəb üzü görəcək, müəllimin kim olduğunu öyrənəcək, valideynindən ayrılmağın nə olduğunu biləcək. Hələ onları demirik, onlar bu il birinci olacaq, “birincilər” adlandırılacaqlar, həyatda birinci olmağın nə demək olduğunu bilmədən...
 
Hekayəsini oxuduğunuz qəhrəmanım da birinci olub. Axı hər kəs mütləq bir dəfə birinci olur. Amma o, məktəbdə də, həyatda da hər zaman birincilərdən sayılıb. Uğurlar sadalanarkən ilk onun adı çəkilib, gördüyü işlər ona birincilik qazandırıb. Amma nə beynəlxalq olimpiada qalibidir, nə dünya çempionu. Bu il növbəti dəfə “tələbə” adı qazanıb, peşə təhsili sinfində peşə öyrənmək üçün bir addım atıb, özü də ali məktəbdən sonra, üstəlik 47 yaşında. 
 
Eyni müəssisədə, eyni ixtisasa ikinci dəfə qəbul olundu
 
 
Ruhiyyə Yolçuyeva Bakı Dövlət Universitetinin məzunu, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsidir. Eyni peşə təhsil müəssisəsinin eyni ixtisasına eyni ildə ikinci dəfə qəbul olunan şəxs olaraq da birincidir yəqin: “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin adını çox eşitmişəm, fərqini mətbuatdakı məlumatlardan öyrənmişəm, fəaliyyətini maraqla izləmişəm. Burada arzuladığım ixtisası seçdim və qəbul olundum. Amma Mərkəzin “6 nömrəli Bakı Peşə Liseyi” korpusunun olduğunu bilmirdim, nəticədə başqa yerə qəbul olunduğumu düşünüb imtina etdim. Boş qalan yerlərə qəbul elan olunanda yenidən cəhd etdim və ikinci dəfə eyni ixtisasa qəbul oldum. Birinci dəfə də elə bu yerə qəbul olunduğumu burada öyrəndim. Mənim üçün maraqlı xatirə oldu”. 
 
Zaman peşə təhsili  almaq zamanıdır
 
Ruhiyyə Yolçuyeva Qazax rayonunda doğulub, əvvəlcə Orta Salahlı kənd məktəbində birinci, sonra şəhər - Qazax şəhər 1 nömrəli tam orta məktəbində on birinci olub. Bakı Dövlət Universitetində "Jurnalistika" ixtisasına yiyələndikdən sonra, sadəcə jurnalistliklə məşğul olmaqla kifayətlənməyib, biliyini artırıb, bacarıqlarını inkişaf etdirib. Saysız kitablar oxuyub, çoxlu ölkələr, şəhərlər gəzib. Marağı onu, sadəcə şəhər-şəhər dolaşdırmayıb, həm də ayrı-ayrı sahələrdə özünü sınamaq ehtiyacı hiss etdirib. Reklamçılıqla maraqlanıb, marketinq meneceri olub, böyük şirkətlərdə çalışıb. Bir ara dərziliyə meyil edib, dərzilik təhsili alıb, biçib-tikməyi öyrənib. Sonra sıradan çıxan əşyalara yenidən “həyat qazandırmağa”, ev şəraitində köhnədən yeni hazırlamağa cəhd edib. Dedim axı, həyatda birinci olmağa alışıb, indi əlini də alışdırmağa çalışır. Düzəltdiyi əşyalar bir-bir evinin hər tərəfini tutub, köhnə əşyalar yeni formada yenidən evin bir köşəsində yerini tapıb. Dediyinə görə, əl işləri hazırlayarkən bəzi çətinlikləri olur, odur ki, bu işin peşəkarlarından öyrənməyə qərar verib və bu il peşə təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak edib. Budur, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin tələbəsidir: “Həyatda heç nə üçün gec deyil, xəyallarının dalınca get”, - fikri ilə tam mənada razılaşmıram. Məsələn, mən bundan sonra nə bir Yelena İsinbayeva ola bilər, nə də Valentina Tereşkova olmağı xəyal edərəm. Amma elə şeylər var ki, onlara çatmaq, sahib olmaq həqiqətən də sənin mübarizənə, istəyinə, əzminə bağlıdır. Hər insanın qabiliyyətləri, həvəsləri, maraqları olur. Bu da təbiidir, yaşayırsansa, həyata davam edirsənsə, onları kəşf etməyi və “zaman bu zamandır”, - deməyi bilməlisən”.
 
 
O da “Zaman peşə təhsili  almaq zamanıdır”, - deyib:  “Ağac və taxta məhsullarının yenidən emalı diqqətimi cəlb edir. Atılan mebellərdən yeni əşya düzəltmək, kəsilən bir ağac parçasını dəyərləndirməklə, həm də israfın qarşısını aldığımızı düşünürəm. Əslində, maraq və ya məşğuliyyət adına görülən bu iş həm insana, həm təbiətə, iqtisadiyyata faydalıdır. İstifadə edəcəyimiz o qədər yenidən emal layihələri var ki. Eyni zamanda atılacaq, yararsız kimi dəyərləndirilən mebellər bir bacarıqlı insan əllərində dönüb tamamilə yeni əşya olur, ailə büdcəsinə də ciddi fayda gətirir. Bunları düşünə-düşünə özümü bu sahədə tapdım. Bu işdən zövq almağa başladım. Xoşbəxtlikdən əl qabiliyyətimi, əlimin bu işlərə yatqın olduğunu gördüm, yoxsa həvəsim qısa müddətdə ölə bilərdi. Düzəltdiyim əşyalar mənə zövq verdi. Artıq bu sahədə qüsursuz olmaq istəyirəm, çətinlik çəkdiyim bəzi işləri öyrənməliyəm. İşi ustalarından öyrənmək imkanım varsa, niyə bu fürsəti dəyərləndirməyim?”
 
R.Yolçuyeva yenidən emal və bu sahədə görülən işlərə maraq göstərməyə başlayandan plastiklərlə mübarizəni də intensivləşdirib: “Bir plastik şüşənin, kağızın, camın necə faydalı və istifadəyə yararlı əşyaya dönüşdürüldüyünü maraqla izləyir və özüm də onlara yenidən həyat verməyə çalışıram. Halbuki plastik tullantının nə qədər təhlükəli olduğunu hər birimiz bilirik. Onlar torpağa qarışmır, zərərəlidir”.
 
 
Peşə təhsilinin, peşəkar olmağın, hansısa peşə sahibinə çevrilməyin çağdaş dünyada əhəmiyyətinin  artdığının fərqində olan müsahibim deyir ki, insan müasir tələblərə cavab verə bilmək üçün bacarıqlarını artırmalıdır:  “Əslində dünyada elektrik, santexnik, mebel ustası, dərzi, aşpaz, bərbər, və sair kimi peşələrə çox böyük rəğbət olduğunu müşahidə edirəm. Hər halda bu, həmin peşələrə tələbatla bağlıdır. Fikrimcə, sadəcə universitet bitirməyə və diplom almağa çalışmaqdansa, yaxşı bir peşəyə sahib olmaq ömürboyu iş imkanı deməkdir. Xaricdə də, ölkəmizdə də bu, belədir. Bir az da bu amilin rolu var bu gün peşə təhsili almağımda”.
 
 
Başqa hansı peşəyə maraqlıdır? Hədəfində yeni bir peşə varmı, deyə soruşuruq: “İnsanın maraqları bitmir. Bu il mebel ustalığı təhsili ilə yanaşı, fotoqraf kursunda da təhsil alacağam. Bundan sonra mənə maraqlı olan daha fərqli peşə sahəsinə yönəlmək fikrim var. Məsələn, elektrik qatarı maşinisti peşəsinə yiyələnmək, hətta bu sahədə çalışmaq istərdim”.
 
Yenidən emal emalatxanamın olacağı günün xəyalını qururam
 
 
Ancaq xəyallarının götürdüyü yer bir emalatxana olacaq deyəsən: “40 yaşıma qədər jurnalist, reklam və marketinq sahəsində çalışdım. Bu sahədə fəaliyyətimi davam etdirirəm. Amma bu günlərdə daha çox həm tələbə yetişdirəcəyim, həm maraqlı layihələr həyata keçirəcəyim bir yenidən emal emalatxanamın olacağı günün xəyalını qururam. Xəyalımı gerçəkləşdirməyə gecikmədiyimi düşünürəm, hətta bunun xəyal deyil, plan olduğuna indi daha çox inanıram. Bu inamla əlimdən gələni edəcəyimə şübhəniz olmasın”.
 
 
Ruhiyyə DAŞSALAHLI


16.09.2024 | 17:00