Qərb Çin təhsil sistemindən nə öyrənə bilər?

Amerikalı  müəllim Maykl Merfi dörd ildən çox  vaxt ərzində  Çinin orta məktəblərində və universitetlərində dərs deyib. “Deyli-teleqraf” qəzetində dərc olunmuş məqaləsində M. Merfi  Çin təhsil sistemi barədə  öz fikirlərini bölüşüb. “Dörd ildir ki,  Çində dərs deyirəm və  mənim xarici müəllimlərin qəbulu kampaniyası çərçivəsində bir çox məktəblərə baş çəkmək imkanım var. Mən çox yerlərdə, tədris prosesinin arzuolunan səviyyədə olmadığı və əcnəbi müəllimlərdən səmərəli isfifadə olunmadığı  məktəblərdə də işləmişəm.   2000-dən çox tələbəyə dərs demiş,  ingilisdilli 300 Çin müəllimi  hazırlamışam,  tədrisin bütün pillələrində,  ibtidai təhsildən tutmuş Çjençju Universitetində MBA namizədlərinə qədər 2100 mühazirə oxumuşam.  Mən bəzən  davranışlarına görə şagirdləri  sinifdən qovmağa, onların valideynləri ilə münaqişələrə də girməyə  məcbur olmuşam. Amma  fikirlərin obyektivliyi  naminə deməliyəm ki, bütovlükdə Çin şagirdləri  qərbli həmyaşıdlarından fərqli olaraq, siniflərdə özlərini daha  sakit və çox  intizamlı aparırlar.  Belə bir davranış Çin xalqının  təbiəti ilə bağlıdır. Mənim şəxsi fikrim ondan ibarətdir ki, Qərb Çindən çox şey öyrənə bilər.

 

Hesab edirəm ki, Çin təhsilinin aşağıdakı üstünlüklərinə diqqəti yönəltməyə dəyir:

 

1. Məktəbdə daha çox tədris saatları.

2. Rəqabətə davamlılıq. Çin üçün bu, çox əhəmiyyətlidir, çünki şagirdlərə yüksək rəqabətli əmək bazarında iş  axtarmaq lazım olacaq.

3. Təhsilalanlara qarşı daha yüksək tələblər və onlardan daha yüksək gözləntilər.

4. Məktəbdə daha çox mühazirə məşğələləri.  Bu, kolleclərə çox gözəl hazırlıqdır. Mühazirələrin effektiv yazı bacarığı - ali məktəbdə təhsilin  əsasıdır.

5. Komanda ruhu. Bu, şəxsi inkişaf üçün lazım olan kollektiv intellektual atmosferi yaradır. Tolerantlığa,  kooperasiyalara və harmoniyalara imkan yaradır.

 

Təhsil  sahəsində başqa ölkələrin təcrübəsini, şübhəsiz ki, öyrənmək lazımdır.  Və Çin təcrübəsi, əlbəttə ki, öyrənilməyə layiqdir”.  



23.11.2018 | 17:26