Elm və təhsil naziri: Xocalı məktəbi illər sonra bölgənin ən qabaqcıl məktəblərindən birinə çevriləcək
“Bu gün yəqin ki, Azərbaycan təhsil tarixinin ən şanlı günlərindən biri kimi tarixə düşəcək. Çünki bir neçə saat əvvəl Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin, indi isə Xocalı şəhərindəki 1 nömrəli məktəbin açılışını edirik”. 
 
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Xocalı şəhər 1 nömrəli tam orta məktəbin açılışında çıxışı zamanı deyib.
 
Nazir bildirib ki, bu gün Qarabağda qeyd olunan Bilik Günü hər kəsin, xüsusilə şagirdlərin yaddaşında daimi qalacaq: “Uzunmüddətli fasilədən sonra Xocalı şəhərində həm insanlarımız, həm də tıəhsilimiz öz yurduna qayıdıb. Biz hələ bu Böyük Qayıdışın başlanğıcındayıq. İnanıram ki, illər ötəcək və bu gün bəlkə də kiçik görünən bu məktəb böyüyəcək və bölgənin ən qabaqcıl məktəblərindən birinə çevriləcək. Xocalı şəhəri uzun illər ərzində işğal dövründə yalnız işğal olunmuş bir şəhər deyil, həm də Birinci Qarabağ müharibəsinin, insanlıq və bəşəriyyət tarixinin ən qaranlıq bir hadisəsi kimi xatırlanıb. Hər il məhz bu faciə yada düşdükcə, xalqımız Qarabağla bağlı olan nisgilini, kədərini, yaralarını yadına salıb. Amma mənim məktəbli olduğum həmin illərdə deyilən bir fikir də bundan ibarət idi ki, biz bir gün Xocalıya qayıdacağıq. Həmin yerlərdə insanlarımızın yenidən öz yurdlarına qayıtmasını, şəhidlərimizin ruhunun şad olmasını təmin edəcəyik”. 
 
E.Əmrullayev qeyd edib ki, bu gün sevindirici haldır ki, Xocalıda hər kəs bir-birini qayıdış münasibətilə təbrik edir: “Bu günü bizə yaşadan Azərbaycan Ordusunun şəhidlərinə Allahdan rəhmət diləyirəm. Bu işdə öz canından və qanından keçmiş qazilərimizə şəfa diləyirəm. Eyni zamanda, Azərbaycan Respublikasının Ali Baş Komandanı, Prezident İlham Əliyevə bütün təhsil işçiləri adından öz təşəkkürümü bildirirəm. Çünki işğaldan azad edilmiş bütün bölgələrdə ilk inşa olunan binalar məhz məktəblər və təhsil müəssisələri idi”.
 
Günel ABBAS


16.09.2024 | 18:49