Məktəblilərlə fövqəladə hallara dair maarifləndirici görüş olub
Paytaxtdakı ümumi təhsil müəssisələrində fövqəladə hallar zamanı davranış qaydalarına dair maarifləndirici tədbirlər keçirilir.
 
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nə məlumat verilib. Bildirilib ki, Bakı şəhəri 288 nömrəli tam orta məktəbdə təşkil olunan tədbirdə millət vəkili Səbinə Xasıyeva, Elm və Təhsil Nazirliyinin baş məsləhətçisi Rövşən Ağayev, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Fövqəladə Hallar Nazirliyinin (FHN) İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini, polkovnik Məhbubə Mustafayeva, Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin rəisi Emin Mehdiyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, şəhid ailələrinin üzvləri, Vətən Müharibəsi iştirakçıları, müəllimlər, şagirdlər və digər qonaqlar iştirak ediblər. 
 
Çıxış edənlər təhsil müəssisələrində su hövzələrində boğulma təhlükəsinə qarşı maarifləndirmə tədbirlərinin əhəmiyyəti barədə danışıblar.
 
Həmçinin fövqəladə hallar zamanı davranış, sudaboğulma, yanğın, dəm qazı ilə əlaqədar təhlükəsizlik qaydaları və digər mövzulara dair məlumat verilib. Şagirdlərlə fövqəladə hallar zamanı davranış qaydaları barədə maarifləndirici söhbətlər aparılıb.
 
Tədbirdə sənədli film və videoçarxlar nümayiş olunub.
 
Sonda tədbir iştirakçıları ilə fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. 
 
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı, Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə keçirilən layihənin məqsədi suda boğulma, yanğın, dəm qazından zəhərlənmə və digər fövqəladə hallar zamanı davranış qaydalarına dair bilik və bacarıqların təkmilləşdirilməsi, bu istiqamətdə maarifləndirmə prosesinin fasiləsizliyinin təmin edilməsindən ibarətdir.


20.09.2024 | 12:22