“Yaxşı müəllim şagirdləri üçün nümunə olmalıdır”

Gülbəniz Seyidova 1955-ci ildə Qax rayonunda anadan olub. 1977-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə Qax şəhərindəki 111 nömrəli peşə məktəbində müəllim işləməklə başlayıb. 1987-ci ilin sentyabrından isə  şəhər 2 nömrəli məktəb-liseydə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir. 

 

- Gülbəniz  xanım,  bilirik ki,  pedaqoji  fəaliyyətinizdə qazandığınız   uğurların sayı  çoxdur. Yaxşı olardı ki, bu uğurlar haqqında qısa da olsa “Azərbaycan müəllimi” qəzetinin  oxucularına   məlumat verərdiniz.

- Doğrudan da, statistikaya baxanda uğurlarım az deyil. Belə ki, 2000-ci ildə “İlin ən yaxşı müəllimi” Respublika müsabiqəsində 2-ci yeri tutmuşam. 2001-ci ildə şagirdlərin təlim-tərbiyəsində müvəffəqiyyət qazandığıma görə  Təhsil Nazirliyinin 1-ci dərəcəli diplomuna layiq görülmüşüəm. 2003-cü ildə “İlin ən yaxşı mühazirəçisi” Respublika müsabiqəsinin ikinci dərəcəli diplomunu almışam. 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşam. 2008-ci ildə “İnnovativ Müəllimlər Assosiasiyası”nın “Pedaqoji ideyalar” festivalında birinci yeri qazanmışam. 2008-ci ildə “Ən yaxşı müəllim” Respublika müsabiqəsinın qalibi olmuşam.  2014-cü ildə  ölkə Prezidentinin  Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşəm. 2016-cı ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və “Azərbaycan müəllimi” qəzetinin birgə keçirdiyi “Ən yaxşı yazı” müsabiqəsində 1- ci yer qismətim olub.

 

- Bu gün siz müəllim işləməklə yanaşı məktəbdə “İnnovativ mərkəz”ə də rəhbərlik edirsiniz. Bu mərkəzin yaradılması müəllimlərin fəaliyyətinə necə təsir edir?

- Yeniliklərin tətbiqi və yoxlanılması vaxt tələb edir. Bu müddət ərzində bizim təcrübələrimiz formalaşır. Biz  bu təcrübələrin toplanılması, müzakirə olunması, təkmilləşdirilərək daha doğru məcraya yönəldilməsi üzərində öz işimizi qurmağa çalışırıq. Bu, sınaq dövrüdür, hər kəsin gələcək fəaliyyətinin inkişaf istiqamətləri bugünkü işi ilə müəyyənləşir. Bu günün reallığı belədir. İnanıram ki, bu sınaq dövrü ən yaxşı ideyaların Azərbaycan təhsil sisteminin tərkib hissəsi olana qədər davam edəcək.

 

- Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə  təhsil nazirinin əmri ilə tanışlıq yeni dərs ilində  məktəblər qarşısında “Dövlət Strategiyası”nın irəli sürdüyü hədəflərin reallaşdırılması sahəsində yeni vəzifələr müəyyənləşdirir. Məktəbinizdə bu sahədə hansı işlərin görülməsi planlaşdırılıb?

- Deyərdim ki, biz artıq  bu işə başlamışıq. Bu yaxınlarda “Azərbaycançılıq məfkurəsi” adlı seminar keçirdik. Məktəbimizin kollektivi belə hesab edir ki, gənclərin azərbaycançılıq ideologiyası ruhunda tərbiyəsi dövrümüzün tələb və çağırışlarından irəli gələn vəzifədir və təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına təsir edən amillərdən biri hesab olunur. Məktəbimizdə üç dildə təhsilin olduğunu nəzərə alsaq, bu tədbir hər birimizə bir daha xatırlatdı ki,   Azərbaycan Azərbaycanda yaşayan bütün millətlərin vətənidir və bu torpağa ehtiram, onun vətəndaşı olmaqdan qürur hissi duymaq hər bir kəsin övladlıq borcudur.

 

- Bu gün təhsilin ən aktual problemi kimi nəyi hesab edirsiniz?

- Mən deyərdim ki, qiymətləndirməni. Real qiymətləndirmə müəllimləri və valideynləri hər bir şagirdin təlim nəticələri və müvəffəqiyyətləri haqqında məlumatlarla təmin etməlidir. Şagirdlərin topladıqları ballar ayrılıqda götürüldükdə onların fəaliyyətini qiymətləndirmək üçün kifayət deyildir. Qiymətləndirmə düzgün aparılmadıqda valideyn-uşaq münasibətlərində ziddiyyətlərə gətirib çıxarır. Çalışmalıyıq ki, qiymətləndirmə şagirdə öz fərdi inkişaf səviyyəsini üzə çıxarmaqda kömək eləsin. Qiymətləndirmə sahəsində gedən islahatlar da bu prosesi elə təşkil etməyə yönəlmişdir ki, nəticədə şagird öz zəif və güclü tərəflərini, maraq və qabiliyyətlərini aşkara çıxarsın.

 

- Bu gün yaxşı müəllim olmaq çətindirmi?

- Əslində, yox. Bu gün gəncliyin qarşısında böyük imkanlar açılmışdır, yeniliklərin tətbiq olunması üçün meydan genişdir. Yaxşı müəllim liderdir və bu, cəsarətliliyə, əməkdaşlığa söykənir. Yaxşı müəllimlər öz şagirdləri üçün nümunə olmalıdırlar. Müəllim elə fəaliyyət göstərməlidir ki, şagirdlərinin beyinlərində və qəlbində müsbət kefiyyətlərin yaranmasına kömək etsin. Gənclər unutmasınlar ki, biz təkcə öyrənmə prosesində müəllim rolunu oynamırıq. Bütün davranışlarımızla birlikdə dərsdənkənar vaxtlarda da bizim başqa insanlarla münasibətlərimiz, qərarları necə qəbul etməyimiz, məqsədlərimizi necə müəyyənləşdirməyimizdən də şagirdlərimiz nümunə götürürlər.

 

- Siz müəllim kimi uzun bir yol keçmisiniz. Nə vaxtsa nəyəsə təəssüflənmisinizmi?

- Olub. Bilirsiniz, müəllimin həyatının çox hissəsi məktəb partaları arasında keçir. Bu yol çox uzundur, bir ömür qədər. İçimdə bir nəğmə var və mən bu yolu “müəllimin himni” adlandırdığım həmin nəğmə ilə keçmişəm. Bu nəğmə mənim işimə və şagirdlərimə olan sevgimdən yaranıb. Kimin ki varlığı bu sevgi ilə yoğrulmayıb, müəllim olmasın. Bax, belələrini görəndə təəssüflənirəm.

 

- Siz Azərbaycan Respublikasının Əməkdar müəllimisiniz. Əldə etdiyiniz uğurlara görə kimə minnətdarsınız?

- İşlədiyim məktəbə, onun kollektivinə... Belə  coşqun təbiətli, təşəbbüskar, zəhmətkeş insanlarla işləmək əsl səadətdir. Bir ideyanın ətrafında əl-ələ vermək, bir-birini sözsüz anlamaq, məsuliyyət hiss etmək kollektivimizin uğurlarının əsasında duran başlıca keyfiyyətlərdir. Mən Şəkər müəllimin rəhbərlik etdiyi məktəbdə sözün əsl mənasında “bişdim”, bu işgüzar, bir sözündən səni anlayan qaynar enerjili insanın əhatəsində olmaq, onun bitib-tükənməyən təkliflərinin, layihələrinin, tədbirlərinin axarında üzmək özü bir məktəbdir, həm də çox böyük məktəb.

 

Bir müəllim üçün ən böyük həzz və sevinc mənbəyi onun şagirdlərinin uğurlarıdır. Şagirdim Qaraxova Günay Məcid qızı “Ədəbiyyat biliciləri” respublika müsabiqəsində iki dəfə birinci olanda, Respublika Fənn Olimpiadalarının finalında uğurla iştirak edərək üçüncü yeri tutanda  mən müəllim olmağın, zəhmətinin barını görməyin necə gözəl hiss olduğunu bir daha anladım. Şərifzadə Murad Habil oğlu ümummilli  lider Heydər Əliyevə həsr olunmuş “Ən yaxşı təqdimat” respublika müsabiqəsində birinci yeri tutdu. Onun əzmini, çalışmaqdan usanmayaraq öz üzərində işləməsini, hər sözə, hər cümləyə yaradıcılıqla yanaşmasını gördükdə anladım ki, o, gələcək həyatında daha böyük uğurlara imza atacaqdır.  Ən yaxşı müəllimlər çox vaxt öz şagirdlərindən öyrənirlər, mən də uğur pilləsi ilə addımlayan bu gənclərdən cəsur olub risq etməkdən qorxmamağı, həyatın qarşıma çıxardığı pis-yaxşı - hər şeyi dəyərləndirməyi öyrəndim.  Belə misallar müəllimlik həyatımda onlarladır. Bütün bunlar ona görə fərəhlidir ki, işinlə ölkəmizə, millətimizə fayda verdiyinə bir daha əmin olursan, çünki istedadlı şagirdlər vətənimizin gələcəyini yaradacaqlar, onlar bizim sahib olduğumuz ən böyük sərvətdir.

 

Günay MAHMUDOVA,

Qax Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

 



24.11.2018 | 10:07