BDU-nun Qazax filialında “Gənclik narkomaniyaya qarşı” adlı maarifləndirici görüş keçirilib
Bakı Dövlət Universitetinin Qazax filialında Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyi tərəfindən “Gənclik narkomaniyaya qarşı” adlı maarifləndirici görüş keçirilib.
 
Bu barədə filialın mətbuat xidməti tərəfindən “Azərbaycan müəllimi”nə bildirilib. Xəbərə əsasən, görüşdə filialın direktoru Arif Rüstəmov, “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəis müavini Elçin Cəfərov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin regional rəhbəri Elmar Rzalı, filialın Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qasım Əliyev, filialın müəllim və tələbələri iştirak ediblər.
 
Filialın direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək keçirilən tədbirin əhəmiyyətindən danışıb, qeyd olunan zərərli vərdişlərdən tələbələrin uzaq durmasında bu kimi maarifləndirici tədbirlərin mühüm rol oynadığını qeyd edib. A.Rüstəmov tədbirin əsas məqsədinin bəşəriyyətin ağrılı problemi olan, cəmiyyətin ciddi bəlasına çevrilən narkomaniya, onun törətdiyi fəsadları və bu sahədə aparılan mübarizə tədbirlərini gənclərin diqqətinə çatdırmaq olduğunu bildirib.
 
“Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev çıxış edərək silsilə şəklində davam edən maarifləndirmə tədbirinin əsas məqsədinin sağlam həyat tərzini təbliğ etməkdən və narkomaniyaya qarşı mübarizədə maarifləndirmənin  kütləviliyinə nail olmaqdan ibarət olduğunu qeyd edib.
 
Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəis müavini Elçin Cəfərov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin regional rəhbəri Elmar Rzalı, filialın Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qasım Əliyev çıxış edərək keçirilən tədbirin əhəmiyyətini yüksək qiymətləndirib, gənclərin maariflənməsində onun mühüm rol oynayacağını qeyd ediblər.
 
Sonra tələbələr çıxış edərək mövzu ilə bağlı öz fikirlərini bildiriblər. Tədbir diskussiya şəklində davam edib.
 
Aişə MƏMMƏDOVA,
Qazax-Tovuz regionu üzrə təmsilçi


24.09.2024 | 16:59