Sumqayıtda şagirdlərin məktəbdə zəhərlənməsi ilə bağlı iddialara aydınlıq gətirilib
Ümumi təhsil müəssisələrində uşaqların təlim-tərbiyəsi və tədris prosesi ilə yanaşı, sağlamlığı və təhlükəsizliyi də bizim üçün vacib şərtlərdəndir. 
 
Ümumi təhsil müəssisəsinin sanitariya vəziyyətinə və onun saxlanılmasına dair tələblərdən irəli gələn məsələlər tədris ili müddətində davamlı olaraq aparılır, bu və bu kimi digər istiqamətlər üzrə də dezinfeksiya işləri davamlı xarakter daşıyır və illik plan əsasında həyata keçirilir.
 
Bildiririk ki, 2024-2025-ci tədris ilinin başlanması ilə əlaqədar olaraq Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi və məktəbəqədər təhsil müəssisələrində dezinfeksiya tədbirləri aparılıb. 
 
Son 2 ay ərzində adıçəkilən idarə üzrə ümumilikdə 200-ə yaxın ümumi və məktəbəqədər təhsil müəssisəsi dezinfeksiya edilib. 
 
Sumqayıt şəhəri 14 nömrəli ümumi təhsil müəssisəsində aparılan dezinfeksiya tədbirlərindən sonra məktəblilərin zəhərləndikləri ilə bağlı yayılan iddialarla bağlı qeyd edirik ki, 6-cı sinifdə oxuyan 2 şagird 23.09.2024-cü il tarixində dərs bitdikdən sonra (evdə olarkən) özlərini pis hiss etdikləri üçün təcili yardıma müraciət edilib. İlkin tibbi yardım göstərildikdən sonra Bakıdakı xəstəxanalardan birinə yönləndirilib. Sonradan şagirdlər müayinə edilərək evə buraxılıblar. Hal-hazırda vəziyyətləri yaxşıdır.
 
Qeyd edirik ki, həmin gün ümumi təhsil müəssisəsinin 2-ci korpusunda 330-dan çox şagird dərslərdə iştirak edib və heç birində belə hal müşahidə edilməyib. Abşeron-Xızı Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən məktəbə baxış keçirilib. Şagirdlərin səhhəti diqqətdə saxlanılır. Məsələ ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.
 
Lamiyə ƏLİMƏRDANOVA,
Abşeron-Xızı regionu üzrə təmsilçi


24.09.2024 | 17:09