Lənkəran rayonu Günəhir kənd məktəbi ilə bağlı regional idarədən açıqlama
Yeni dərs ili başlayandan Lənkəran rayonu Günəhir kənd tam orta məktəbinin acınacaqlı vəziyyətini göstərən bir fotoşəkil sosial şəbəkələrdə yayılaraq geniş müzakirələrə, tənqidlərə səbəb olub.
 
Lənkəran-Astara Regional Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nin bu mövzudakı sorğusuna cavab olaraq bildirilib ki, məktəbin vəziyyəti ilə tanışdırlar.
 
"Lənkəran rayonu F.Əliyev adına Günəhir kənd tam orta məktəbinin binasının mövcud vəziyyəti barəsində məlumatlıyıq. Ümumi təhsil müəssisəsinin binasına baxış keçirilib və mövcud vəziyyət dəyərləndirilib. Bununla bağlı aidiyyəti üzrə müvafiq qurumlar məlumatlandırılıb. Qeyd edək ki, məktəblərin təmiri və tikintisi növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir.
Lənkəran-Astara Regional Təhsil İdarəsi tabeliyində olan təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqlarla təmin olunması, yeni binaların tikilməsi və mövcud binaların təmir edilməsi idarənin əsas prioritetləri arasındadır". 
 
Qeyd olunub ki, idarənin tabeliyində 554 ümumtəhsil, 121 məktəbəqədər, 11 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Hazırda Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə ümumilikdə 41 təhsil müəssisəsində cari, 6 müəssisədə əsaslı təmir aparılır, eləcə də 6 təhsil müəssisəsinin tikintisi icra edilir. 
 
Yeni tədris ilinin başlanğıcında 2 təhsil müəssisəsi - Masallı rayon Qəzvinoba kənd və Cəlilabad rayon Pərdi kənd ümumi orta məktəbləri tikilib istifadəyə verilib.
 
 
Nilufər HACILI,
Lənkəran-Astara üzrə regional təmsilçi


24.09.2024 | 18:05