PISA-nın növbəti tədqiqatına hazırlıq başlayıb

PISA-nın İdarə Şurasının Praqada keçirilən sayca 46-cı toplantısında  2021-ci ildə  reallaşdırılacaq  tədqiqatın növbəti 8-ci mərhələsinin konsepsiyası  müzakirə olunub. Məlumata əsasən,  2021-ci ildə PISA təşkilatçıları 15 yaşlı məktəblilərin riyazi savadlılığına  diqqət  ayıracaqlar. İlk dəfə olaraq təhsilalanların düşüncəsinin kreativliyi  tədqiq olunacaq.  Artıq növbəti tədqiqata hazırlıq işlərinə başlanılıb.

 

Xatırladaq ki,  PISA   İqtisadi Əməkdaşlıq və İnkişaf  Təşkilatının (OECD) himayəsi altında reallaşdırılan təhsilalanların  tədris nailiyyətlərinin qiymətləndirilməsi üzrə  ən böyük beynəlxalq proqramdır. Tədqiqat bütün dünyada 15 yaşlı məktəblilər arasında mərhələlərlə üç ildə  bir dəfə keçirilir: onların riyazi və təbiət elmləri üzrə, eləcə də oxu savadı  yoxlanılır. 2015-ci ildən  PISA-ya qoşulan ölkələr öz istəklərinə uyğun olaraq əlavə istiqamətlər reallaşdıra bilərlər, tədqiqata maliyyə savadının öyrənilməsi də  daxil edilib.   2021-ci ildən isə  yaradıcı düşüncənin tədqiqatı yeni əlavə istiqaməti olacaq. OECD  katibliyi  2024-cü ildən  PISA çərçivəsində 15 yaşlıların xarici dili mənimsəmə qabiliyyətini də tədqiq  etməyi təklif edib.    

 

Qeyd edək ki, PISA tədqiqatının son mərhələsi 2018-ci ildə keçirilib, əsas diqqət oxuma sahəsində funksional savadlılığın qiymətləndirilməsinə və son illər ərzində dünyada oxuma  savadlılığının inkişafındakı  tendensiyaların  üzə çıxarılmasına ayrılıb.  Tədqiqatda dünyanın  80 ölkəsi iştirak edib.  “PISA-2018”   tədqiqatının nəticələri 2019-cu il dekabrın 3-də rəsmən  elan ediləcək.

 

Oruc MUSTAFAYEV



25.11.2018 | 13:37