Moskva şəhərində Rusiya-Azərbaycan Elm və Təhsil forumu keçirilir
Sentyabrın 25-də Moskva Dövlət Universitetinin İntellektual Mərkəzində – Fundamental Kitabxanada Rusiyanın elm və ali təhsil naziri Valeri Falkov, Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Rusiya Rektorlar İttifaqının prezidenti, Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçiyin iştirakı ilə I Rusiya-Azərbaycan Elm və Təhsil forumu öz işinə başlayıb. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, foruma iki ölkədən 70-dən çox ali təhsil müəssisəsinin nümayəndələri qatılıblar. Forumda müvafiq dövlət qurumlarının, Rusiya Federasiyası ilə Azərbaycan Respublikasının elmlər akademiyalarının nümayəndələri təbrik və məruzələrlə çıxış ediblər.
 
Daha sonra forum çərçivəsində sessiyalar və ekspert görüşləri keçirilib, Azərbaycan və Rusiyanın ali təhsil və elmi müəssisələri arasında  birbaşa əlaqələrin inkişafı, elm sahəsində əməkdaşlığın əsas istiqamətləri, təhsil müəssisələri və özəl sektor arasında əməkdaşlığın həyata keçirilməsi imkanları və digər məsələlər müzakirə edilib.
 
Forum çərçivəsində həmçinin Rusiya-Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyasının iclası keçirilib.
 
Səfər çərçivəsində nazir müavini Firudin Qurbanov Rusiya Federasiyasının elm və ali təhsil nazirinin müavini Konstantin Moqilevski, maarif nazirinin müavini Andrey Korneyev ilə görüşüb. Sözügedən görüşlər çərçivəsində ikitərəfli əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub.


26.09.2024 | 12:52