Müəllimlərimizin yaxın dostu, ustadı

Görkəmli pedaqoq alim, Azərbaycan təhsilinin ağsaqqalı, hamımızın müəllimi, böyük insan, professor Əjdər Ağayev vəfat edib.  Bu üzücü  xəbər  bu gün təhsil ictimaiyyətimizi dərindən kədərləndirib.

 

Çağdaş Azərbaycan təhsili və pedaqoji fikrinin görkəmli nümayəndəsi, Əməkdar müəllim, Azərbaycan Təhsil Şurasının təsisçisi və ilk sədri kimi Əjdər Ağayev son illərdə fəal vətəndaşlıq mövqeyi ilə seçilən, təhsilimizin inkişafının təəsssübkeşi, ölkəmizin təhsil sistemində aparılan islahatların davamlı təbliğatçısı idi. Pedaqogikanın ən aktual problemlərini  dərindən bilən və onu son illərdə qələmə aldığı elmi-publisistik məqalələrində təhsil ictimaiyyətinə çatdıran görkəmli alim  müəllimlərimizin formalaşması və inkişafında mühüm töhfələr verib. Azərbaycan təhsilində özünəməxsus mövqeyi ilə seçilən alim-pedaqoq müəllimlərimizin yaxın dostu ,  ustadı idi.

  

Qeyd edək ki, Ə. Ağayevin 81 yaşı var idi. O, 1937-ci il oktyabrın 10-da Neftçala rayonunun Qırmızıkənd kəndində anadan olub.   Salyanda yeddiillik orta məktəbi bitirib. 1955-1960-cı illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə Salyan rayonu məktəblərində müəllim kimi başlayıb (1960-1965). Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasına daxil olub (1965-1969). "Azərbaycan ictimai fikrində şəxsiyyətin formalaşması" adlı doktorluq işi müdafiə edib. "Azərbaycan məktəbi" jurnalının və onun əlavə nəşr edilən məcmuələrinin baş redaktoru olub (1974-1981).

 

Sonralar müxtəlif vəzifələrdə çalışan Ə.Ağayev  Lənkəran Dövlət Universitetində pedaqogika və psixologiya kafedrasının müdiri vəzifəsində işləyib. Azərbaycan Təhsil Nazirliyi nəzdində pedaqogika və psixologiya elmləri üzrə Elmi-metodiki şuranın sədri, Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasında pedaqogika və psixologiya elmləri üzrə ekspert komissiyası sədrinin müavini olub.

 

Ə.Ağayev Azərbaycan Təhsil Şurasının təsisçisi və ilk sədri olub. Təhsil Şurası 1998-ci ilin sentyabr ayında keçirilən Azərbaycan müəllimlərinin XI qurultayında yaradılıb. Ə.Ağayev 2018-ci ilin noyabrınadək şuranın sədri olub.

 

Ə.Ağayev bədii yaradıcılığa keçən əsrin 50-ci illərindən başlayıb. İlk hekayəsi "İlk və son mahnı" 1956-cı ildə "Azərbaycan pioneri", "Bir də çal o mahnını" adlı ilk şeri isə 1957-ci ildə "Azərbaycan gəncləri" qəzetlərində çap olunub. 200-dək şerinə mahnı bəstələnib. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. Bədii əsərlərini mətbuatda Ə.Ə.Ağayev, A.Əjdər, Əjdər Ağazadə, Ə.Atəşin, Əjdər Ağayev imzaları ilə çap etdirib. Akademik Mehdi Mehdizadə adına mükafatın və "Araz" ali ədəbi mükafatın laureatıdır.Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü idi.

 

Allah rəhmət eləsin!



27.11.2018 | 11:51