Aqşin Yenisey: Müəllim bilginin daşlarından həyatın binasını tikən ustadır
"Müəllim bilginin daşlarından həyatın binasını tikən ustadır".
 
Bunu "Azərbaycan müəllimi"nə açıqlamasında şair, yazıçı Aqşin Yenisey deyib.
 
O, 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib.
 
"Bütün cəmiyyətlər öz müəllimlərinə oxşayırlar. Müəllim mədəniyyəti yarada bildiyi kimi, dağıda da bilən gücdür. Latın dilini “öldürən”, yunan dilini Roma mədəniyyətinin dilinə çevirən müəllimlər idi. İnsanlığı şəkilləndirən dahi rəssamdır müəllim. Daşı kitaba çevirəndir. Həkimsiz qalan millət sağlamlığını itirər, müəllimsiz qalan millət varlığını. Milli şüur müəllimin ixtiyarındadır. Pis müəllimin korladığı şüuru heç bir mədəniyyət bərpa edə bilməz, yaxşı müəllimin formalaşdırdığı şüuru korlamağa da heç bir cəhalətin gücü çatmaz. Bu mənada Azərbaycan müəlliminin üzərinə ciddi məsuliyyət düşür.  Filosoflardan biri deyib ki, bir müəllim bir nəsil deməkdir. Çünki müəllim qurmasa, heç bir gələcək qurula bilməz. Mən bizim müəllimləri təbrik edir, onlara qurmaq istədikləri bir gələcək arzulayıram".
 
Lamiyə ƏLİMƏRDANOVA


05.10.2024 | 10:03