Elm və təhsil komitəsinin payız sessiyasında ilk iclası keçirilib

Oktyabrın 4-də Milli Məclisin Elm və təhsil komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib.

 

Bu barədə "Azərbaycan müəllimi" nə Milli Məclisin Elm və təhsil komitəsindən bildirilib.

Komitə sədri Anar İsgəndərov Yeddinci çağırış Milli Məclisə üzv seçilmələri münasibətilə deputatları təbrik edib.  

 

Komitə sədri qeyd edib ki, iclasın gündəliyinə Elm və təhsil komitəsinin 2024-cü ilin payız sessiyası üçün iş planı və 1 qanun layihəsi daxil edilib.

 

Anar İsgəndərov bildirib ki, qarşıdakı sessiya üçün iş planında qanunvericilik təşəbbüsü qaydasında komitəyə daxil olacaq qanun layihələrinin, həmçinin qanunlara təklif olunan dəyişikliklərin müzakirəsi öz əksini tapıb. Bundan başqa, komitə üzvlərinin Qarabağ Universiteti ilə tanışlığı və ustad mühazirələrin oxunması da nəzərdə tutulur.

 

İş planı təsdiqləndikdən sonra Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev gündəliyin 2-ci məsələsi olan “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Kitabxana işi haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında məlumat verib.

 

İclasda çıxış edən komitə sədrinin müavini Fariz İsmayılzadə, Elnarə Akimova, Bəxtiyar Əliyev, Əziz Ələkbərov, Pərvin Kərimzadə, Vasif Qafarov, Eldar Quliyev, Elçin Mirzəbəyli, Şahin Seyidzadə, Mehriban Vəliyeva, Fatma Yıldırım gündəlikdəki məsələlər barədə fikirlərini bildiriblər, qeyd və təkliflərini diqqətə çatdırıblar.

 

İclasın sonunda Elm və təhsil komitəsinin 2024-cü ilin payız sessiyası üçün iş planı təsdiqlənib, gündəlikdəki qanun layihəsi isə Milli Məclisin plenar iclasına tövsiyə olunub.



05.10.2024 | 14:54