“Əhalinin ərzaq təhlükəsizliyi: reallıqlar və perspektivlər”

“Naxçıvan” Universitetində iqtisadiyyat fakültəsinin  təşkilatçılığı ilə “Əhalinin ərzaq təhlükəsizliyi: reallıqlar və perspektivlər” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransı universitetin tədris  və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə  doktoru Hüseyn Bağırsoylu açaraq bildirilib ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar kontekstində kənd təsərrüfatı məhsulları istehsalının artırılması ilə bağlı atılan uğurlu addımlar bəhrəsini verir. Beynəlxalq iqtisadi münasibətlərə, hüquqi normalara cavab verən, xalqın milli maraqlarına əsaslanan çoxşaxəli islahatlar ölkəmizin iqtisadi qüdrətini, siyasi nüfuzunu daha da artırıb. H.Bağırsoylu vurğulayıb ki, bu gün respublikamızda hər bir vətəndaşın yüksək keyfiyyətli ərzaq məhsulları ilə etibarlı təminatı, bu sahədə makroiqtisadi sabitliyə əsaslanan daha yüksək və davamlı inkişafın əldə olunması, ölkə üçün zəruri həcmdə ərzaq ehtiyatının yaradılması və onun müasir tələblər səviyyəsində idarə edilməsi dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindəndir.  

 

Konfransda “İqtisadiyyat” kafedrasının müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Dilsuz Qasımovun “Aqrar siyasət  və ərzaq təhlükəsizliyi problemləri”, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Xaliq Abbasovun “Naxçıvan Muxtar Respublikasının ərzaq təhlükəsizliyinin təminatında aqrar sahənin mövcud vəziyyəti və inkişaf perspektivləri”, “İqtisadiyyat” ixtisasının II  kurs tələbəsi Məhərrəm Həsənovun “Aqrar sahənin inkişafı ərzaq təhlükəsizliyi üçün başlıca amildir”  mövzusunda çıxışları dinlənilib. Çıxış  edənlər ölkəmizdə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikada aparılan iqtisadi siyasətin uğurlu nəticələrindən danışıblar.



29.11.2018 | 14:38