Yaddaşlarda əbədi iz qoyan alim

İnsan ömrü çiçək üzərindəki şeh damlasını xatırladır, günəş çıxan kimi yuvarlanıb yox olur, əcəlin gəlməsi ilə ruhlar aləminə qovuşur. Müdriklər haqlı olaraq deyirlər ki,  doğumdan və ölümdən qaçmaq olmaz, bizə bu iki labüdlük arasındakı vaxtı yaxşı keçirmək qalır.  Allah-təalanın doğum və ölüm arasında  verdiyi ömrü gərək elə yaşayasan ki, bu dünyada olmayanda da xatırlanasan, xatirəyə çevriləsən. Xatirəyə çevrilmək üçün ölmək hələ bəs eləmir (Z.Yaqub). Gərək ürəyində kibritdən yox, haqqdan yanan çıraq ola. Sənə bəxş olunan ömür payını  şərəflə, ləyaqətlə yaşayasan, yüksək əxlaq və fəzilət sahibi kimi insanlara və İnsanlığa nümunə olasan.  Xeyirxahlığın, mərhəmətin, sədaqətin, məhəbbətin, sadəliyin, səmimiyyətin,  geniş erudisiyan, intellektual səviyyən və cəmiyyət üçün dəyərliliyin ilə seçiləsən.  Əməli-saleh, vicdanı təmiz, halal adam olasan. Ağac əkəsən, bağ salasan ki, insanlar meyvəsindən bəhrələnə, kölgəsində dincələ. Əlindən xəta, dilindən səhv söz çıxmaya, əliaçıq, süfrəsi açıq, qapısı açıq olasan, cəmiyyət üçün  layiqli övladlar tərbiyə edəsən. Kitablar yazasan ki, sən bu dünyada olmayanda da oxuna, insanların  əqlinə və  ruhuna qida verə. Vaxt gəlib tamam olanda, dünyanı dəyişəndə səni tanıyanlar  söyləyə: “dünyadan nə gözəl bir insan köçür”. Məhəmməd Peyğəmbər (s.a.v.) buyururdu ki,  ömrünü elmə sərf edən insan heç vaxt ölmür!  Alimlər cismən ölsələr də, ruhən ölmürlər, qələmə aldıqları dəyərli elmi əsərlərdə yaşayır, hər zaman oxunulur və  beləliklə də  yaddaşlara əbədi həkk olunurlar. Yaddaşlarda əbədi iz qoyan alimlərimizdən biri də tərcümeyi-halı təmsil etdiyi  pedaqogika elminin  tərcümeyi-halına çevrilən  pedaqogika elminin mogikanı, pedaqoji elmlər doktoru, professor, Əməkdar müəllim  Əjdər Əbdülhüseyn oğlu Ağayevdir.

 

Qırmızıkənddən başlanan ömür yolu

 

O, 1937-ci ildə Salyan rayonunun Qırmızıkənd kəndində anadan olub. 1953/1954-cü tədris ilində Salyan şəhərindəki 2 nömrəli orta məktəbi müvəffəqiyyətlə başa vurduqdan  sonra  indiki ADPU-nun tarix-filologiya fakültəsinə qəbul olunub. Ali pedaqoji məktəbi əla qiymətlərlə bitirdikdən sonra Salyan rayonunun kənd məktəblərində  müəllim, tədris hissə müdiri, ictimai əsaslarla rayon təhsil şöbəsində  inspektor-metodist  kimi fəaliyyət göstərib, eyni zamanda dövri mətbuatda pedaqoji-metodik və publisistik yazılarla çıxış edib.

 

1966-1969-cu illərdə Azərbaycan ETPEİ-nin  (indiki Təhsil İnstitutunun) aspiranturasında əyani təhsil alıb. Apardığı elmi-tədqiqatları ümumiləşdirərək professor Ə.Seyidovun rəhbərliyi ilə “Fərhad Ağazadənin pedaqoji fəaliyyəti və görüşləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

 

Pedaqoji elmdə səlahiyyətli söz sahibi

 

Hələ tələbəlik illərində mətbuatda və kütləvi informasiya vasitələrində bədii yazılarla çıxış edən Əjdər müəllim elmi-pedaqoji səciyyəli məqalələri ilə də  diqqəti cəlb edib, az bir müddətdə pedaqoji elmdə səlahiyyətli söz sahibinə çevrilib. İctimai fəallığı, zəngin nəzəri və praktik pedaqoji hazırlığı, tədqiqatçılıq səriştəsi, geniş yaradıcılıq imkanları ilə seçildiyinə görə Azərbaycan ETPEİ-də  baş elmi işçi, bölmə müdiri, şöbə müdiri və elmi işlər üzrə direktor müavini işləyib.  1974-1981-ci illərdə pedaqoji biliklərin təfəkkür mərkəzi hesab edilən “Azərbaycan məktəbi” jurnalının baş redaktoru olarkən  jurnalın poliqrafik   və elmi-nəzəri səviyyəsinin yüksəldilməsinə xeyli əmək sərf edib. “Azərbaycan məktəbi”nə əlavə nəşr olunan 7 metodik məcmuə sırasına “Məktəbdə bədən tərbiyəsi” məcmuəsini də daxil edərək  böyük bir elmi-metodik pedaqoji nəşrlər kompleksinin təlim-tərbiyə prosesinə təsirini məharətlə istiqamətləndirib. Bununla da o, Azərbaycanda pedaqoji jurnalistikanın inkişafına dəyərli töhfə vermiş olub.

 

Mükəmməl təhsil-tərbiyə nəzəriyyəçisi

 

Onun  yaradıcılıq kredosu çoxşaxəli  olub. Əsas tədqiqat sahəsi pedaqogika tarixi olsa da, həm də mükəmməl təhsil-tərbiyə nəzəriyyəçisi kimi  tanınıb. Son 50 ildə Azərbaycanda məktəb, təhsil, pedaqoji elmlərlə bağlı elə bir elmi məclis, elmi-nəzəri və praktik konfrans, elmi sessiya və yığıncaq olmayıb ki,  Əjdər müəllim orada iştirak etməsin, orijinal fikirləri, yeni elmi ideyaları ilə həmkarlarının diqqətini cəlb etməsin, səmərəli və ağıllı təklif irəli sürməsin. O, respublikamızdan kənarda da ölkəmizi layiqincə təmsil edib, Moskva, Qomel, Ulyanovsk, Vilnüs, Riqa, Tbilisi, Kiyev, Minsk şəhərlərində keçirilən elmi konfranslarda maraqlı məruzələrlə çıxış edib, uzun müddət SSRİ PEA-nın pedaqogika  tarixi üzrə elmi-problem şurasının üzvü olub. ABŞ, Macarıstan, Estoniya və Ukraynada vətəndaş cəmiyyəti quruculuğu-vətəndaş təhsili üzrə təcrübə mübadiləsində olub. O, həm də pedaqogikanın metodoloji problemlərinin araşdırılmasına həsr olunmuş diskussiyalarda fəal iştirak edib, mühüm  elmi həqiqətlərin üzə çıxarılmasına, yeni pedaqoji nəzəriyyələrin formalaşmasına öz töhfəsini verib. Elə bunun nəticəsidir ki, araşdırmalarının  elmi nəticələrindən fəlsəfə, hüquq, pedaqogika və ədəbiyyatşünaslıq üzrə tədqiqatçılar, proqram və dərslik tərtibçiləri mənbə kimi istifadə edib. Onun  adı pedaqogika elminin “qızıl sacayaqları” (M.Mehdizadə, Ə.Seyidov, M.Muradxanov) və “sütunları” ilə (H.Əhmədov, N.Kazımov,  Ə.Həşimov, Y.Talıbov və b.) bir sırada   çəkilir.

 

Elmi xidmətləri ilə Azərbaycan pedaqogika elminin son dövr tarixinə daxil olan professor Ə.Ağayevin elmi-pedaqoji irsində məktəb və pedaqogika tarixinin öyrənilməmiş və ya az araşdırılmış  məsələlərin tədqiqi, tərbiyə nəzəriyyəsi və təcrübəsinin  (xüsusilə, əxlaqi-mənəvi tərbiyə) ümumiləşdirilməsi, təlim-tərbiyənin prinsip və metodlarının  təkmilləşdirilməsi, təhsilin yeni məzmununun müəyyənləşdirilməsi,  pedaqoji biliklərin geniş təbliği və digər məsələlər geniş yer tutur. O, ilk dəfə olaraq XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan pedaqoji fikrinin başlıca problemlərini  (həm də pedaqoji cərəyanları)  müəyyənləşdirərək   təhlilini verib. “Məktəblilərdə vətəndaşlıq borcunun tərbiyə edilməsi” (1975), “Vətəndaş olmağa borclusan” (1979), “Həyatın astanasında” (1983) kitablarında və silsilə məqalələrində şagirdlərin vətəndaşlıq tərbiyəsi işinin metodikasını işləyib, tərbiyənn bir sıra yeni prinsiplərini (xüsusilə, sahiblik prinsipini) müəyyənləşdirib.

 

Ə.Ağayev pedaqogikanın nəzəri-metodoloji məsələlərinin də tədqiqi ilə məşğul olub, “Pedaqogika terminlərini dəqiqləşdirmək vacibdir” (1980), “Tərbiyənin metodları” (1980), “Tərbiyənin prinsipləri və onların təlim-tərbiyə prosesində reallaşdırılması” (1980), “Müasir dərs necə olmalıdır” (1988)  kimi yüksək elmi-nəzəri əhəmiyyət daşıyan məqalələr yazıb.

 

Şəxsiyyətlə bağlı sistemli tədqiqatlar müəllifi

 

Keçən əsrin 70-ci illərində keçmiş İttifaqda, o cümlədən Azərbaycanda görkəmli pedaqoqların (bəzən də heç pedaqoq olmayanların) pedaqoji görüşlərinin tədqiqi dəb olduğu bir vaxtda, ilk dəfə Ə.Ağayev problem xarakterli mövzunun - şəxsiyyət haqqında Azərbaycan pedaqoji fikir klassiklərinin ideyalarının tədqiqinə girişib. “Azərbaycan  maarifpərvərləri şəxsiyyət və onun formalaşması haqqında”  (1974), “Azərbaycan maarifpərvərləri şəxsiyyət haqqında” (1978) kitabları və silsilə məqalələri ilə pedaqoji fikir tarixinin tədqiqində yeni elmi  cığır açıb. Həmin problemlə bağlı uzun illər səmərəli tədqiqatlar aparıb. Sistemli və ardıcıl tədqiqatlarını “Azərbaycan ictimai-pedaqoji fikrində şəxsiyyətin formalaşması problemi” mövzusunda yazdığı  doktorluq dissertasiyası  ilə tamamlayıb. Həmin dissertasiyaya görə,  Ali Attestasiya Komissiyasının  Rəyasət Heyəti cəfakeş alimə pedaqoji elmlər doktoru alimlik dərəcəsi verməklə yanaşı, həm də professor elmi adının verilməsi haqqında qərar qəbul edib.

 

Təhsil və pedaqoji fikir tarixçisi

 

Xalqımızın ümumi tarixinin mühüm tərkib hissəsi olan məktəb tarixinin öyrənilməsi və təbliği sahəsində professor Ə.Ağayev elmi səy və fədakarlıq göstərib. O, “150 yaşlı  Şuşa məktəbi” (1982), “Ötən əsrlərdə doğulmuşlardan biri” (1993), “Qocaman  maarif ocağı” kitab və silsilə  məqalələrində çarizmin Azərbaycandakı təhsil siyasətinin (ruslaşdırma və xristianlaşdırma)  mahiyyətinə aydınlıq gətirib,  tədris işlərinin elmi mənzərəsini şərh,  məktəb işlərinin təşkilini elmi-pedaqoji prizmadan  təhlil edib. “Sona xanım Tağıyeva” (1995) kitabçasında  isə Bakıdakı 190 nömrəli  məktəbin uğurlarını  təhlil  edib, 50 il həmin məktəbə rəhbərlik etmiş, bu sahədə saç ağartmış, həyatını şagirdlərinin ömrünə köçürmüş Sona xanım Tağıyevanın  həyat yolunu  işıqlandırıb. Xalqımızın zəngin mədəni-elmi və təhsil-tərbiyə nəzəriyyəsi və təcrübəsi ilə keçmiş İttifaqın pedaqoji ictimaiyyətini  tanış edən “Azərbaycan pedaqoji fikir antologiyası” (1990)  adlı hikmət çələnginin  hazırlanmasında, həmkarları ilə birlikdə Moskvada kütləvi tirajla nəşr  edilməsində Əjdər müəllimin böyük xidmətləri olub.

 

Dərsliklər müəllifi

 

İlkin müəllim hazırlığının təkmilləşdirilməsi ilə   bağlı onun ideya və fikirləri həmişə maraq doğurmuş, bu sahədəki fəaliyyəti təqdir olunmuşdur. Onun nəzəri tədqiqatları praktik dəyərliliyi ilə daha çox diqqəti cəlb edir.   O, araşdırmalarının   nəticələrini ali pedaqoji təhsilə tətbiq etmiş,  ali pedaqoji məktəblər üçün “Pedaqogika” kitabları yazmışdır. Həmkarları ilə birlikdə qələmə aldığı “Pedaqogika” kitabları  məzmun, mündəricə, şərh və təqdimetmə üslubuna görə fərqlənir, yeni yanaşma baxımından diqqəti cəlb edir. Onun müəllifliyi və elmi  redaktorluğu ilə hazırlanan  8-9-cu siniflər üçün “İnsan və cəmiyyət” və  təlim rus dilində olan məktəblərin II sinfi üçün “Azərbaycan dili” dərsliyi də yüksək elmi-metodik səviyyəsi, nəzəri və praktik əhəmiyyəti  ilə seçilir.

 

Pedaqoji və bədii düşüncənin vəhdətindən yaranan əsərlər

 

Professor Ə.Ağayevin yaradıcılığında  uşaqlar üçün yazdığı şeirlər və hekayələr mühüm yer tutur. Bədii yaradıcılığa keçən əsrin 50-ci illərində “Azərbaycan pioneri” qəzetində  nəşr olunan “İlk və  son” adlı hekayəsi ilə  başlayan pedaqoq-alim bu sahədə də  maraqlı  yaradıcılıq yolu keçmiş, gənc nəsillə bağlı arzu və  düşüncələrini, uşaq həyatı ilə bağlı  müşahidələrinin nəticələrini “Sülh gəmisinin kapitanı” (1982), “Payız” (1995), “Kosmos və mən” (1997), “Bala dadı, bal dadı” (1999), “Ceyran nənəm” (1999), “Gəlirəm, gözlə məni” (2000), “Fərhadın rəsmləri” (2008), “Allahın haqq bəndəsiyəm” (2008), “Pişik balasının səhvi” (2013) kitablarında əks etdirmişdir. Uşaqların istək və arzularını, iç dünyasını, daxili aləmini, yaşıdlarına və yaşlılara münasibətlərini realist həyati lövhələrlə əks etdirən bu kitablar pedaqoji və bədii düşüncənin vəhdətindən yaranmışdır. “Mən təbliğatçıyam” (1980), “Tikdim ki, izim qala” (1996)  kitabları onun jurnalistlik qabiliyyətinin,  publisistik yaradıcılığının bəhrəsi kimi diqqəti cəlb edir.

 

Klassik pedaqoji irsin tədqiqi və təbliği

 

Azərbaycanda  təhsil-tərbiyə nəzəriyyəsinin inkişafında  klassik pedaqoqların bəşəri məzmun daşıyan, humanist istiqaməti ilə diqqəti cəlb edən nəzəri irsi mühüm rol oynayır. Bu irsin dəyərli nümunələrinin seçilməsi, Azərbaycanda nəşri  və onlardakı pedaqoji siqlətin üzə çıxarılması da Əjdər müəllimin  fəaliyyətində mühüm yer tutub. Onun Y.A.Komenski, K.D.Uşinski, A.S.Makarenko, N.K.Krupskaya və V.A. Suxomlinskinin pedaqoji irsinin öyrənilməsi ilə bağlı araşdırmaları yeniliyi ilə diqqəti cəlb edir. A.S.Makarenko və   N.K.Krupskayanın iki cildlik əsərlərinin tərtibi və nəşri də onun adı ilə bağlıdır.

 

Pedaqoji təbliğatçı

 

Ə.Ağayev pedaqogika elminin nəzəri və tarixi problemləri ilə bağlı sistemli və ardıcıl tədqiqat aparmaqla, səmərəli elmi-pedaqoji fəaliyyət göstərməklə kifayətlənməyərək onun təbliğinə də xüsusi diqqət ayırıb. Keçən əsrin 70-ci illərindən  mütəmadi olaraq Azərbaycan televiziyasında təhsil-tərbiyənin müasir problemlərindən, gənclərin əxlaqi-mənəvi tərbiyəsindən bəhs edən “Sənin vətəndaşlıq borcun”, “Həyat bizi səsləyir”, “Ədəb-ərkan dünyamız”, “Təbliğatçının televiziya məktəbi”, “Təhsil: düşüncələr, mülahizələr” verilişlərinin müəllifi və aparıcısı, təhsil eksperti kimi obyektiv, prinsipial və  arqumentasiyalı çıxışları ilə televiziya və radio verilişlərinin  qonağı olmuşdur.

 

Ə.Ağayevin əsərləri tarixiliyi ilə yanaşı, müasirliyi ilə də maraq kəsb edir. O, Azərbaycan təhsilində reallaşdırılan uğurlu təhsil islahatlarının tələblərinə uyğun araşdırmalar aparır. Xarici təcrübənin Azərbaycan məktəblərində tətbiqinin səmərəli yollarını müəyyənləşdirir, yeni təhsil-tərbiyə texnologiyalarının mahiyyətinə aydınlıq gətirməklə praktik müəllimlərə dəyərli məsləhətlər verir. Bu cəhətdən onun “Təlim prosesi: ənənə və müasirlik” (2006) əsəri diqqəti cəlb edir.

 

Elmi-pedaqoji kadr hazırlığı

 

Əjdər Ağayevin fəaliyyətində elmi-pedaqoji kadr hazırlığı mühüm yer tutur. Ayrı-ayrı vaxtlarda  o, dissertasiya şurasının üzvü, həmsədri, sədri,  Ali Attestasiya Komissiyasının ekspert komissiyasının üzvü kimi onlarla gənc tədqiqatçının xeyirxahı olub, pedaqogika elmi üzrə fəlsəfə və elmlər doktoru kimi yetişmələrinə xeyir-dua verib. Bilavasitə onun elmi rəhbərliyi ilə 52 nəfər  doktorant  pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

 

Kitablara səpələnmiş ömür

 

Dəyərli elmi əsərlər yazan, mühakimə və təfəkkür zənginliyi ilə seçilən Əjdər müəllim  elmi-pedaqoji, ədəbi-bədii, publisistik-jurnalistlik istiqamətli zəngin irs qoyub gedib.  O, 40 monoqrafiya, kitab, kitabça və broşuranın, 600-dən artıq qəzet-jurnal məqaləsinin, 150 mahnı mətninin müəllifidir. Son illərdə nəşr etdirdiyi “Pedaqoji fikrimiz:dünənimiz, bu günümüz”(2000), “Azərbaycan ictimai pedaqoji fikrində şəxsiyyətin formalaşması problemi” (2005), “Güney Qafqaz xalqlarının pedaqoji əlaqələri tarixindən” (2009), “Təhsil: tarixi nəzəri yanaşma” (ingilis dilində) (2011), “Məhəmməd Hüseyn Şəhriyar” (2013), “Nəsillərə örnək olan insan” (2016), 2 cildlik  “Seçilmiş  pedaqoji əsərləri” (2011, 2013), 2 cildlik rus dilində  “Seçilmiş  pedaqoji əsərləri” (2014), 7 cildlik “Seçilmiş əsərləri” (2013-2016)  pedaqogika elmimizi  zənginləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Görkəmli bəstəkarlar C.Cahangirov və D.Kobalevski ilə birlikdə yazdığı əsərlər uşaqların mahnı bayramlarında 10-20 minlik xorun ifasında səslənmiş, arxiv fonduna daxil olub. Bəstəkarlar T.Quliyev, S.Ələsgərov, R.Şəfəq, O.Rəcəbov, R.Mustafayev, M.Əhmədova onun şeirlərinə mahnılar bəstələyib. Əsərləri rus, belarus, ukrayn, başqırd dillərində dərc olunub. Pedaqoji tənqidlə müntəzəm məşğul olan, elmi-pedaqoji  ədəbiyyatı təhlilə cəlb edən, uğur və nailiyyətləri təqdir etməklə, nöqsan və çatışmazlıqların obyektiv və subyektiv səbəblərini müəyyənləşdirən və səmərəli təkliflər verən Ə.Ağayev həm də ədəbi tənqidlə də məşğul olub,  M.Əvhədinin, N.Tusinin, M.F.Axundovun, Ü.Hacıbəylinin, S.Vurğunun pedaqoji ideyalarının üzə çıxarılması və sistemə salınmasında  səmərəli fəaliyyət göstərib.

 

İctimaiyyətçi alim

 

Zəngin əxlaq və fəzilət sahibi olan professor Əjdər Ağayev  ayrı-ayrı vaxtlarda  Təhsil Nazirliyinin elmi-metodik şurasının, dərslikləri qiymətləndirmə komissiyasının sədri, ümumtəhsil məktəbləri üçün baza tədris planları hazırlayan işçi qrupunun  rəhbəri, təhsil qanununu, təhsil islahat proqramını və  fasiləsiz təhsil konsepsiyasını  hazırlayan işçi qrupunun üzvü, “Ən yaxşı məktəb”, “Ən yaxşı müəllim”  müsabiqə komissiyasının təşkilat komitəsinin üzvü, Təhsil Cəmiyyətinin sədr müavini, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin rəyasət heyətinin və məclisinin üzvü, Respublika Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, Bilik Fondunun metodiki şurasının üzvü, Təhsil Şurasının sədri, “Təhsil və zaman” qəzetinin baş redaktoru  olub. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.  Ə.Ağayev Azərbaycan Respublikasının Əməkdar müəllimi (2000), Sosial və Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü (2006), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1973), “Azərbaycan Yazıçılar Birliyinin üzvü (2001), “Araz” ali ədəbi və “Qızıl qələm” media (1997), akademik Mehdi Mehdizadə mükafatı  laureatları  idi.  Bu nailiyyətlər şərəfli alim ömrünün zəhmət və istedad ilmələri ilə toxunan naxışlardır. Onun mənalı ömrü, zəngin təcrübəsi gənc tədqiqatçılar üçün  bu gün də, sabah da dəyərli örnəkdir.

 

Dünyadan nə gözəl bir insan gedir

 

Neçə illər idi ki, Əjdər müəllim Bakı Mühəndislik Universitetində çalışırdı. Burada çox yüksək hörmət və nüfuzu vardı. Tələbədən tutmuş rektora kimi hamı onu özünün müəllimi, ustadı hesab edirdi. Keçən il səhhəti ilə  bağlı sevimli işindən, övladları qədər sevdiyi tələbələrindən və ümumiyyətlə, yazı-pozudan ayrılmalı oldu Əjdər müəllim. Amma 80 illik yubileyində bir daha   Bakı Mühəndislik Universitetinin böyük zalında kresloda əyləşərək qonaqlarını qəbul etdi. Sonda yenə də kürsüyə sinə gərərək danışdı, amma bu dəfə səbrlə, təmkinlə, asta-asta, kövrələ-kövrələ. Sözünün sonunda  baxışları ona dikilmiş zaldakı insanları süzərək çoxdan qələmə aldığı  bu misraları xatırladı:

 

Dedilər: - yaşarsan əməlinlə sən, başında tacın var əməllərindən.

Son gün xatirimə düşəndə birdən, heyif, bu dünyada qonağam - dedim.

 

27 noyabr 2018-ci ildə Əjdər müəllim kollektivlə  son dəfə vidalaşmaq, halallaşmaq üçün Bakı Mühəndislik Universitetinə “gəldi”. Yenə gül-çiçəyə bürünmüş insanla dolu böyük zal. Yenə həmin tribuna. Rəsmilər, rektorlar, dostlar, tələbələr və ailə üzvləri bir-bir söz alaraq Əjdər müəllimin həyat hekayəsindən danışır, onunla bağlı xatirələrini  dilə  gətirir. O isə adətinə xilaf çıxaraq bu dəfə danışmır, danışa bilmir,  sakitcə “uzanaraq”  ruhu ilə çıxış edənləri  və zalı seyr “edir”. Natiqlər isə eyni fikri dönə-dönə təkrar edirlər: səksən il bu dünyada “qonaq olan” Əjdər müəllim  zəhmətlə, əziyyətlə, halallıqla, ləyaqət və şərəflə  bir ömür yaşayıb. Haqq dünyasına qovuşan Əjdər müəllimi ürək ağrısı və göz yaşları ilə son mənzilə yola salırıq.  O, cismən aramızda  olmasa da ruhən qəlbimizdə yaşayacaqdır... Allahdan rəhmət diləyirik... Ruhu şad olsun.

 

Fərrux RÜSTƏMOV,

ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı, pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi



30.11.2018 | 10:51