Yaşlılar təhsilə cəlb olunurdu

Bədii ədəbiyyatda  gözəl fərəhli, ovqat yaradan hallar, yeniliklər “sanki bir günəş doğdu”  ifadəsi ilə tərənnüm olunur.

Günəş doğur və hər tərəf nura boyanır. Günəş doğur və yeni, daha gözəl, daha işıqlı bir həyata can verir...

 

Haqqında danışacağımız budəfəki  parlaq, işıqlı həyata can verən səbəbi “günəş doğdu” yox, “ay və ulduz doğdu” ifadəsi ilə tərənnüm etmək həqiqətə daha çox uyğun olar.

 

Bəli, bir ay və bir ulduz doğdu və Azərbaycan işığa qərq oldu. Azərbaycan bu işığı çoxdan gözləyirdi. Yüz illərdən, min illərdən bəri gözləyirdi. Bu işıq bizi 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqil dövlət elan olunması haqqındakı  tarixi qərardan sonra nurlandırdı. Günəş işığı bu ay və ulduzun işığının yanında sönük qalardı.  Çünki bu, azadlıq işığı idi...

 

Yarandığı ilk vaxtlardan etibarən dil, səhiyyə, incəsənət və mədəniyyətin inkişafına xüsusi diqqətlə yanaşan AXC-nin əsas hədəflərindən biri də Azərbaycan təhsilinin inkişafı idi.

 

Haqqında danışacağımız  tarixi dövrdə Azərbaycan təhsilinin heç də ürəkaçan bir vəziyyətdə olmadığını vurğulamaq dövlətin qarşısında duran məsələnin nə qədər ciddi və çətin olmasından xəbər verə bilər. Çar Rusiyasının Azərbaycanda  iki əsrdən  bəri səpdiyi savadsızlıq toxumlarının kökünü kəsmək üçün böyük işlər görülməli idi.

 

Elə bu məqsədlə də 1918-ci ilin may ayının 28-də Azərbaycan Demokratik Respublikasının hökuməti tərəfindən xalq təhsili və maarifləndirmə üzrə ilk nazirlik-Xalq Maarif Nazirliyi təsis edildi. 30 iyun 1918-ci ildə isə Nazirlər Şurasının qərarı ilə  üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq edilən bu nazirliyinə ilk rəhbərliyi  N.Yusifbəyli etmişdir.

 

Nazirliyin nəzdində ali və orta ixtisas təhsili, xalq təhsili və peşə təhsili işləri üzrə üç müstəqil şöbə yaradılmışdı.

 

Fridrix Humboldta görə,  “Dil xalqın ruhunun təzahürüdür; dil onun ruhu, ruh isə onun dilidir”. Azərbaycan xalqı  uzun müddət idi  ki, öz ruhundan uzaq düşmüş cansız bədənə bənzəyirdi. Azərbaycan dilinin həmin dövrdəki vəziyyəti C. Məmmədquluzadənin “Anamın kitabı” əsərində çox gözəl şəkildə əks olunmuşdur.

 

Elə Xalq Cümhuriyyətinin ilk tarixi qərarlarından biri də  27 iyun 1918-ci ildə Azərbaycan-türk dilinin dövlət dili elan edilməsi oldu. Bu qərar maarifin inkişafına güclü təkan verən addımlardan biri idi. Bundan sonra bütün ibtidai tədris müəssisələrində təhsil şagirdlərin öz ana dilində aparılmalı və dövlət dili olan Azərbaycan dilinin tədrisi icbari surətdə həyata keçirilməli idi. Azərbaycan dilini bilməyən şagirdlər üçün üçüncü və dördüncü siniflərdə rus şöbələri açılır və burada Azərbaycan dili intensiv surətdə tədris olunurdu ki, 2 ildən sonra həmin şagirdlər artıq Azərbaycan dilində təhsillərini davam etdirə bilsinlər. 5-ci sinifdən sonra şagirdlər məktəbi qurtarana qədər tədris prosesi rus dilində aparılır, Azərbaycan dili isə həmin siniflərdə məcburi fənn kimi tədris olunurdu. Bu siniflərdə Azərbaycan dilinin tədrisi həftədə 4 saatdan az olmamalı idi.

 

Yalnız bir orta təhsil müəssisəsi olan şəhərlərdə Xalq Maarif Nazirliyinin icazəsi ilə  yuxarı hazırlıq siniflərindən başlayaraq, paralel surətdə rus bölməsinin də açılmasına icazə verilirdi. Bu addımın məqsədi azərbaycanlı olmayan uşaqların da mənafeyini qorumaq idi.

 

Eyni tipli bir neçə təhsil ocağının fəaliyyət göstərdiyi şəhərdə onların bir hissəsi milliləşdirilir, qalan hissəsində isə təhsil rus dilində aparılırdı. Lakin həmin məktəblərin hamısında Azərbaycan dili məcburi fənn kimi tədris olunmalı idi. Azərbaycanlı uşaqlardan yalnız milliləşdirilmiş, yaxud milliləşdirilməsi nəzərdə tutulan məktəblərdə oxumaları tələb olunurdu.

 

Təhsilin inkişafı üçün güclü müəllim ordusuna ehtiyac var idi ki, bu məqsədlə Türkiyədən kadrlar dəvət edərək qısamüddətli kurslarda bu ordunun sıraları üçün sadiq əsgər yetişdirilməsinə başlanıldı. Kursları bitirənlərin, demək olar ki, hamısına məktəblərdə müəllim vəzifəsi verilirdi.

 

Azərbaycan Xalq Cümhuriyyətinin növbəti addımı  ali təhsilin təşkili oldu. Bunu iki yolla həyata keçirmək planlaşdırılırdı:

 

1. Ölkədə ali təhsil müəssisələri yaratmaq.

2. Azərbaycanlı gəncləri xarici ölkələrin müxtəlif ali təhsil müəssisələrinə göndərmək.

 

Azərbaycan Hökuməti Xalq Maarif Nazirliyi qarşısında, ilk növbədə, üç ali məktəbin - Bakı Dövlət Universiteti, Kənd Təsərrüfatı İnstitutu və Dövlət Konservatoriyasının açılması məsələsini qoymuşdu.  Lakin o dövrdəki tarixi şərait yalnız bir ali məktəbin - Bakı Dövlət Universitetinin açılmasına imkan verdi.

 

1919-cu  il mayın 19-da Azərbaycan Hökuməti  Bakı Dövlət Universitetini açmaq üçün təşkilat komissiyası yaratmaq və vəsait ayırmaq haqqında məsələni müzakirə etdi.  Mayın 21-də komissiyanın birinci iclası keçirildi. Komissiyaya ali məktəb işinin təşkilində böyük səriştəsi olan professor  V.İ.Razumovski rəhbərlik edirdi. Elə məhz Razumovski də universitetin ilk rektoru kimi tarixə düşdü.

 

Bu dövrdə xalq maarif naziri vəzifəsini icra edən Camo bəy Hacınski iclasda Azərbaycan Hökumətinin dövlət universiteti açmaq haqqında qəti qərara gəldiyini və təşkilat komissiyasının bu çətin işi uğurla yerinə yetirmək üçün bütün imkanlardan istifadə edəcəyinə ümidvar olduğunu bildirdi. O  bəyan etdi ki, Azərbaycan Hökuməti universitetin Azərbaycan xalqının həyatında çox böyük mədəni və siyasi əhəmiyyətini nəzərə alaraq, onun açılması və lazımi avadanlıqlarla təchizi üçün heç nəyi əsirgəməyəcəkdir.

 

1919-cu il sentyabrın 1-də Azərbaycan Parlamenti, nəhayət, Bakıda dövlət universitetinin açılması haqqında qanun qəbul etdi. Qanunda universitetin 4 fakültədən: tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibb fakültələrindən ibarət olduğu göstərilsə də, 1919-20-ci tədris ilində yalnız iki fakültə - tibb fakültəsinin əvvəlinci kurslarını, tarix-filologiya fakültəsinin isə birinci kursunu açmaq mümkün oldu. 1919-cu  il noyabrın 15-də universitetin auditoriyalarında ilk mühazirələr başlandı. Tarix-filologiya fakültəsində Məhəmməd Əmin Rəsulzadə və Rəşid Qaplanov Osmanlı ədəbiyyatından, Məhəmməd ağa Şahtaxtlı isə Azərbaycan dilinin qrammatikasından mühazirələr oxuyurdular.

 

Azərbaycan Parlamenti 7 milyon vəsait ayıraraq 1919-20-ci  tədris ilində dünyanın müxtəlif ali məktəblərində dövlət hesabına təhsil almaq üçün 100 nəfər azərbaycanlı gəncin xaricə göndərilməsi haqqında da qərar qəbul etdi.  Dövlət hesabına təhsil alacaq tələbələr ali məktəbi bitirdikdən sonra dörd il icbari qaydada Azərbaycan Hökumətinin təyinatına əsasən göndərildiyi yerdə işləməli idilər.

 

Azərbaycan Xalq Cümhuriyyətinin xalq maarifi sahəsində həyata keçirdiyi mühüm tədbirlərdən biri də ibtidai təhsil müəssisələri şəbəkəsini genişləndirmək idi. İbtidai məktəbi qurtaran şagirdlər təhsillərini ali-ibtidai və orta təhsil məktəblərində davam etdirə bilərdilər. Təkcə 1919-cu  ildə Azərbaycanda dövlət hesabına 15 ali-ibtidai məktəb fəaliyyət göstərirdi.

 

Ümumiyyətlə, nazirlik ölkədə xalq maarifinin inkişafına dair geniş tədbirlər planı hazırlamışdı. Həmin plana əsasən, təhsil almaq üçün maddi imkanı olmayan 650 şagirdə təqaüd təyin olunması, Bakıda 83 qızlar üçün 25 nəfərlik pansionatın təşkili, Xalq Maarif Nazirliyi nəzdində pedaqoji və elmi-bədii jurnalların nəşr edilməsi, Gəncə, Qazax, Şuşa və Nuxada kişi, Bakı, Nuxa və Gəncədə isə ikiillik qadın kurslarının açılması, xaricdən gətirilən tədris-çap məhsullarının gömrük xərclərindən azad olunması və s. nəzərdə tutulmuşdu.

 

Nazirliyin ilk gördüyü işlərdən biri də əksəriyyəti savadsız olan yaşlıları təhsilə cəlb etmək oldu. Bunun üçün  1919-cu  il sentyabrın 15-dən etibarən Bakı da daxil olmaqla, Azərbaycanın bəzi şəhərlərində yaşlılar üçün Azərbaycan dilini öyrədən kurslar açıldı. Bu kurslar üç bölməyə ayrılırdı. Birinci bölmə Azərbaycan dilini və yazmağı tamamilə bilməyənlər, ikinci bölmə dili bilib yazmağı bilməyənlər, üçüncü bölmə isə dili və yazmağı bilib, xüsusi terminləri, Azərbaycan dilində dərs demək üsulları və vasitələrini öyrənmək istəyənlər üçün idi.

 

Cümhuriyyət Hökuməti əhalinin maariflənməsində, elmi biliklərə yiyələnməsində mühüm rol oynayan kitabxana şəbəkəsinin genişlənməsinə xüsusi diqqət yetirirdi. Bu məqsədlə Bakıda dövlət və kütləvi xalq kitabxanalarının açılması haqqında layihələr işlənib hazırlandı.

 

Azərbaycan dilində ilk böyük kitabxana - Milli kitabxananın yaradılması sahəsində xeyli iş görüldü. Onu Bakının mərkəzi hissəsində açmaq nəzərdə tutulmuşdu. Milli kitabxanada Azərbaycana aid kitabları, qəzet və jurnalları, əlyazmaları və digər qaynaqları toplamaq üçün Hökumət tərəfindən İstanbul, Qahirə, Beyrut və Avropanın bir sıra paytaxt şəhərlərinə mütəxəssislər ezam edildi. Bakı Dövlət Universitetinin təsis olunması ilə əlaqədar burada tələbələrin və müəllim heyətinin istifadəsi üçün kitabxana yaradıldı.

 

Qısa və şərəfli bir ömür yaşayan AXC-nin bu qədər vacib və əhəmiyyətli işlərin altında imza qoyması onun 1920-ci il aprel  süqutundan sonra belə Azərbaycanın təhsil sahəsində qazanacağı uğurlar üçün bir zəmin rolunu oynamışdır.

 

Xəyalə QULİYEVA,

Bakı şəhəri 236 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

 



30.11.2018 | 15:39