İlk tərbiyə beşiyi

Elmi-pedaqoji əfkarımızın qabaqcıl nümayəndələrindən biri kimi bu yazımda Firudin bəy Köçərli ilə Qazax Müəllimlər Seminariyasından bəhs etmək fikrindəyəm. Lakin  düşünürəm ki, bu mövzudan bəhs edərkən Qori şəhərində fəaliyyət göstərən Zaqafqaziya Müəllimlər Seminariyasından və əlbəttə ki, onun Azərbaycan şöbəsindən, bu şöbənin tarixi xidmətlərindən, hər hansı bir məzunundan söz açmamaq, bir növ, günah olar.  Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycanda elm, mədəniyyət, ictimai-pedaqoji fikrin inkişafında müstəsna rolu olan tədris müəssisələrinin fəaliyyətinin tədqiqi və təbliği, onların yubileylərinin keçirilməsi, keçmiş mədəni irsə, milli-mənəvi dəyərlərə ehtiram ifadəsi olmaqla, bugünkü təhsil sistemimizin modernləşdirilməsi prosesində onun müsbət ənənələrindən istifadə önəmli əhəmiyyət kəsb edir

 

140 il bundan əvvəl ucqar bir vilayətdə-Gürcüstanm əyalət şəhərlərindən biri olan Qoridə açılmış Zaqafqaziya Müəllimlər Seminariyasının (ZMS) Azərbaycan şöbəsi mövcud olduğu 40 il ərzində Azərbaycana 250-dən artıq elm, mədəniyyət xadimi, əsl xalq müəllimləri bəxş etmişdir.

 

XIX əsrin 70-ci illərinə qədər Rusiyanın özündə, o cümlədən Azərbaycanda, bütöv Cənubi Qafqazda müəllim kadrlarına böyük ehtiyac hiss edilirdi. Bu tələbatın ödənilməsi üçün isə elə bir xüsusi tədris müəssisəsi yox idi. Dövlət məktəblərində çalışan elmi-fənn müəllimləri əsasən Rusiyadan dəvət olunanlar və qismən Tiflis gimnaziyasının məzunları idi. Müəllim kadrların hazırlığı ilə məşğul olan ilk müəssisə yalnız 1866-cı ildə meydana gəldi. Bu, Qafqazda xristianlığı bərpa edən cəmiyyət tərəfindən Tiflis şəhərində əsası qoyulan Aleksandrovski müəllimlər məktəbi idi ki, burada şəhər məktəbləri üçün müəllim kadrları hazırlanırdı.

 

XIX əsrin 70-ci illərindən başlayaraq, bütün Rusiyada olduğu kimi, Cənubi Qafqazda da kənd məktəbləri üçün müəllim kadrları hazırlayan xüsusi məktəblər - müəllim seminariyaları meydana gəldi. Cənubi Qafqaz və Qafqazda ilk müəllimlər seminariyası 1871-ci ildə Kubanda, 1876-cı ildə isə Qori şəhərində açıldı. Sonuncu bütün Cənubi Qafqaz üzrə təşkil edildiyindən Zaqafqaziya Müəllimlər Seminariyası adlanırdı.

 

Müəllimlər seminariyaları inqilaba qədər ibtidai məktəblər üçün müəllim hazırlayan ən tipik pedaqoji məktəblər idi. Bu məktəblər 1870-ci ildə dərc edilmiş “Müəllimlər seminariyası haqqında” əsasnaməyə uyğun idi. Əsasnamədə deyilir ki, müəllimlər seminariyasının məqsədi pravoslav dininə mənsub bütün silklərdən olub, həyatını ibtidai məktəblərdə müəllimlik fəaliyyətinə həsr etməyi arzu edən gənclərə pedaqoji təhsil verməkdən ibarətdir. Göründüyü kimi, hökumət bu məktəblərə siyasi əhəmiyyət verirdi. Belə ki, digər dinə, milliyyət və tayfalara mənsub olanlar deyil, yalnız pravoslav dininə mənsub olanlar ibtidai məktəbdə məşğul ola bilərdilər.

 

Lakin 70-ci illərdən başlayaraq, yerli əhalinin rus dilində ümumtəhsil məktəblərinə ehtiyacının artması hökuməti bu məktəblər üçün müəllim hazırlamaq məsələsilə daha ciddi məşğul olmağa məcbur etdi. 70-ci illərin ortalarında meydana gələn kənd ümumtəhsil məktəbləri də bu məsələyə xeyli təkan verdi. QTD-nin popeçiteli Y.M.Neverov 1875-ci ilə aid hesabatında yazırdı ki, son vaxtlar Cənubi Qafqaz müsəlmanlarının düzgün təşkil edilmiş ümumtəhsil məktəblərinə cəhd etməsi, təbii olaraq müəllim hazırlığı barədə onları düşünməyə vadar edir. Müsəlmanlardan müəllimlər hazırlığı gələcəkdə yerli əhaliyə böyük təsir edər və onları özlərində düzgün təşkil edilmiş məktəb açmağa həvəsləndirər; ona görə də, hal-hazırda bu sahədə bu və ya digər addım atmaq tələbini çətin ki, inkar etmək mümkün olsun.

 

Onun xalq məktəbləri üçün azərbaycanlılardan müəllim kadrları hazırlamağın zəruriliyini Qafqaz sərdarının nəzərinə çatdırması gələcəkdə ZMS nəzdində açılıcaq Azərbaycan şöbəsi üçün müəyyən hazırlıq oldu.

 

1876-cı il sentyabrm 12-də əsası qoyulan ZMS əvvəlcə üç şöbədən: rus, gürcü və erməni şöbələrindən ibarət idi. Seminariyaya qəbul olunan ilk 50 nəfərin içərisində bir nəfər belə azərbaycanlı yox idi. Bu cəhətə təəssüf edən QTD-nin popeçiteli 1876-cı ilə aid hesabatında yazırdı ki, “Mən şəxsən bu cəhəti Şeyxülislamın nəzərinə çatdırdım və o, yerli müsəlmanlardan heç olmazsa bir nəfərin seminariyada oxuması üçün vəsait axtarmağı vəd etdi”. Lakin nə göstərilən “təəssüf”, nə də verilən boş “vəd” ilə xalq maarifıni irəli aparmaq, bir nəfər müəllim hazırlamaqla pedaqoji kadrlara olan böyük ehtiyacı ödəmək olmazdı. O vaxtlar onlarca kənd camaatı könullü surətdə vəsait toplayaraq, məktəb açılmasını tələb edirdi. Belə tələb və qərarların sayı ildən-ilə artırdı. Bu tələbin həyata keçirilməsi isə həm də müəllim kadrlarının çatışmamazlığına görə ödənilməmiş qalırdı.

 

Azərbaycan kəndlərində təşkil edilən və açılması nəzərdə tutulan məktəblərin  müəllim kadrlarına, xüsusilə də azərbaycanlı müəllimlərə olan ehtiyacı azərbaycanlılar üçün ayrıca seminariya və ya şöbənin təşkilini həyati zərurət kimi qarşıya qoydu.Bu zərurət hökuməti müəllimlər seminariyaları haqqında olan ümumi qanundan kənara çıxmağa, seminariyaların bəzisində nəinki təkcə “pravoslavların”, həm də xristian olmayan digər millətlərin nümayəndələrinin də oxumasına icazə verməyə məcbur etdi. Bütün bunlar onunla nəticələndi ki, 1879-cu il sentyabrın 23-də Qori şəhərindəki ZMS nəzdində ayrıca bir şöbə-Azərbaycan şöbəsi açıldı. Azərbaycanlılardan müəllim kadrları hazırlamaq kimi tarixi missiya həmin şöbənin öhdəsinə düşdü.

 

Müəllimlər seminariyasında ehtiyacı olan tələbələrə təqaüd verilirdi. Bu, müsbət cəhət kimi qeyd edilməlidir. Doğrudur, hökumətdən təqaüd alanlar ən azı 4 il kənd məktəbində qulluq etməli idi. Lakin, bununla belə, təqaüd verilməsi nəticəsində kasıblar da təhsil ala bilirdi. Seminariyalarda pedaqoji-metodiki işlərə daha çox diqqət yetirilirdi.

 

Azərbaycan şöbəsinin ilk inspektoru vəzifəsinə A.O.Çernyayevski, Azərbaycan dili və şəriət müəllimi vəzifələrinə Mirzə Hüseyn Əfəndi Qayıbzadə (1830-1917) ilə Əbdüssalam Axundzadə (1843-1907) təyin edilmişdir. Şöbənin nəzdində təşkil edilən ibtidai məktəbdə Azərbaycan dili müəllimi vəzifəsini sonralar həmin şöbənin ilk məzunlarından olan S.Vəlibəyov (1861-1902) tutmuşdur.

 

Azərbaycan şöbəsinin 1880-ci il mayın 13-də təsdiq edilmiş əsasnaməsinə görə, bu şöbənin məqsədi Cənubi Qafqaz ölkəsinin Azərbaycan kəndlərindəki ibtidai məktəblər üçün bilikli və təcrübəli müəllimlər hazırlamaqdan ibarət idi.

 

Şöbəyə ilk dəfə 40, ibtidai məktəbə isə 20 nəfərin qəbul olunması müəyyən edilmişdi. Bunların hamısı dövlət hesabına saxlanılmalı və Azərbaycan dilini bilən ayrıca tərbiyəçi-inspektorun himayəsi altında ümumi yataqxanada yaşamalı idi. Qəbul imtahanlarında müvəffəq qiymət almayanlar üçün hazırlıq sinfi nəzdində aşağı şöbə təşkil edilirdi. İlk dəfə seminariyaya 32 nəfər qəbul olundu. Bunlardan 24-ü A.O.Çernyayevski (1840-1894) tərəfindən yerlərdə seçilərək dəvət olunmuş, qalanları isə öz arzusu ilə gəlmişdi. 19-u şöbənin əsas siniflərinə, 13-ü isə hazırlıq sinfınə qəbul olundu. Seminariyaya ilk qəbul olunanlar içərisində gələcəyin məşhur pedaqoqlarından S.Vəlibəyov, F.Köçərli, R.Əfəndiyev, M.Mahmudbəyov  və b. var idi. İlk dəfə qəbul olunanlardan üçü Naxçıvan qəza məktəbindən, 13 nəfəri isə Şuşa şəhər məktəbindən idi.

 

İlk dəfə təşkil edilməsinə baxmayaraq, Azərbaycan şöbəsinin tələbələri qəbul imtahanlarında elə ilk ildən fərqlənirdilər. Rəsmi sənədlərin birində oxuyuruq: “Çernyayevskinin tələbə toplamaq məqsədilə rəsmən ezam edilərək yerlərdə tələbə seçməsi və qismən imtahan etməsi nəticəsində azərbaycanlıların seminariyaya daxil olmaq üçün hazırlaşan xristianlardan ümumiyyətlə yaxşı imtahan vermələri aşkar olundu”.

 

Qəbul olunmaq istəyənlərin sayı get-gedə artırdı. L.Modzalevski yazırdı ki, bu şöbənin birinci qəbuluna əsasən, şəhər və qəza məktəblərini bitirənlərdən 60-a qədər gənc azərbaycanlı gəlmişdi. Bunlar rus dilinə o qədər bələd idilər ki, onlardan bir neçəsi, hətta birbaşa seminariyanın ikinci sinfinə daxil ola bildi. Bu şöbənin ilk açılışı zamanı gözləniləndən daha çox tələbənin gəlməsi və müvəffəqiyyətlə qəbul imtahanı verməsi gələcəkdə müsəlmanların seminariyaya cəlb edilməsi üçün süni maneələrin aradan qaldırılmasına əsas verdi.

 

1882-ci ildə bu şöbənin ilk buraxılışı oldu. Azərbaycan məktəb tarixində pedaqoji təhsil almış azərbaycanlı müəllimlərin ilk dəstəsi pedaqoji cəbhədə fəaliyyət göstərməyə başladı. Bu şöbənin məzunlarının hələlik sayca az olmasına baxmayaraq, onlar Zaqafqaziyanın bir çox Azərbaycan kəndlərində dünyəvi məktəblər açılmasında mühüm rol oynadılar. İrəvan müəllimlər seminariyasını bitirən azərbaycanlı müəllimlər də bu işə xeyli kömək etdi. Keçən əsrin 80-ci illərindən başlayaraq, istər dövlət, istərsə də zemstvo və kənd ictimaiyyəti vəsaitilə açılan kənd məktəblərinin sayı ildən-ilə çoxalmağa, azərbaycanlı balalarının rus dili ilə bərabər, ana dilində təlim və tərbiyə alması işini xeyli yaxşılaşdırmağa kömək etdi.

 

Bircə bu faktı demək kifayətdir ki, XIX əsrin son 20 ili ərzində Azərbaycanın yalnız Bakı və Gəncə quberniyalarında 172 ibtidai məktəb fəaliyyət göstərirdi ki, burada da 11400 şagird (o cümlədən 2473 qız) təhsil alırdı. Bu məktəblərin böyük əksəriyyəti kənd yerlərində idi.

 

Ümumiyyətlə, 1920-ci ilə qədər Azərbaycanda və Zaqafqaziyanın azərbaycanlılar yaşayan kəndlərində mövcud olan ibtidai məktəblərin böyük əksəriyyəti ZMS Azərbaycanlı şöbəsinin məzunları tərəfindən təsis edilmişdir.

 

Təhsilin məzmunundakı səthiliyə, təlimin rus dilində aparılmasına, təlim üsulunun yaramazlığına baxmayaraq, xalq məktəbləri geniş xalq kütləsi içərisində yeganə ümumi təhsil müəssisəsi olmaqla, əhalinin qabaqcıl dəstəsinin hüsn-rəğbətini qazanırdı. Bu məktəblər kəndlərdə yeganə maarif və mədəniyyət ocaqları idi.

 

Azərbaycanda pedaqogika elminin yayılması və inkişaf etdirilməsi, yeni məktəblərin, xalq maarifinin, ali pedaqoji institutun müəllim kadrlarının hazırlığının bütöv bir dövrü məhz ZMS məzunlarının fəaliyyəti ilə bağlı olmuşdur.

 

Zaqafqaziya Müəllimlər Seminariyasının (ZMS) Azərbaycan şöbəsi fəaliyyət göstərdiyi təxminən 40 il ərzində 250-dən artıq xalq müəllimi hazırlamışdır. Azərbaycan xalq pedaqogikasının qiymətli incilərindən qidalanan, mütərəqqi rus və dünya pedaqogikasının görkəmli nümayəndələrinin pedaqoji ideyalarından, qabaqcıl məktəb təcrübəsindən faydalanan ilk xalq müəllimləri! Elm və maarif məşəlini Zaqafqaziyanın uzaq-uzaq kəndlərinə aparan, dünyəvi təhsildən kənarda qalmış gənclərin gözünü təhsil nuru ilə işıqlandıran, elm, maarif, mədəniyyət və incəsənət carçıları!

 

Tarixə xalq müəlliminin nümunəsi kimi daxil olmuş, müəllim sənətinin, öz peşəsinin vurğunu olmuş, xalqa bilik verməyi qarşılarına məqsəd qoymuş, özlərini xalq yolunda şam kimi əridən neçə-neçə cavanlar! Firudin bəy Köçərli, Rəşidbəy Əfəndiyev, Səfərəlibəy Vəlibəyov, Əlişbəy Tahirov, Mahmudbəy Mahmudbəyov, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Pənah Qasımov, Hənəfı Terequlov, Əli Hüseynov, Fərhad Ağazadə, Səmədbəy Acalov, Teymur Quliyev, Museyib İlyasov, Teymurbəy Bayraməlibəyov, Süleyman Sani Axundov, Bədəlbəy Bədəlbəyov, Azad Əmirov, Əhmədağa Mustafayev, Yusif Qasımov, Əli Qəmərli, Əhməd Seyidov və onlarca başqaları.

 

Haşiyə: Bu sətirlərin müəllifi özünü xoşbəxt hesab edir, ona görə ki, Qori Seminariyasının məzunlarının üçündən dərs almışdır (Əli Qəmərli, N.T.Kostin və Ə.Y.Seyidov).

 

Çarizmin ucqarlarda xalq maarifi sahəsindəki mürtəce siyasəti ilə əlaqədar Azərbaycan şöbəsinin Azərbaycandan uzaqda, Qori şəhərində açılmasına baxmayaraq, onun təşkili XIX əsr müəllim kadrları hazırlığında mühüm mərhələ təşkil edir. Azərbaycanda xalq maarifi, məktəb, ədəbiyyat, mədəniyyət və incəsənətin bir çox görkəmli nümayəndələri məhz həmin seminariyada təhsil almışlar.

 

Azərbaycan şöbəsinin təşkilində, onun tərəqqisində A.O.Çernyayevskinin mühüm xidmətləri olmuşdur. Azərbaycan müəllimlərinin böyük bir dəstəsi A.O.Çernyayevskidən dərs almışdır. A.O.Çernyayevski xalqın təhsilində, maarifın yayılmasında müəllimə böyük əhəmiyyət verirdi. Çernyayevski yazırdı: “...İbtidai xalq məktəblərinin canı müəllimdir. Tədris işinin müvəffəqiyyəti ondan asılıdır. O, kənd əhalisinin qaranlıqda qalan kütləsi içərisində maarifin pioneridir”. Bu cəhətdən Azərbaycan şöbəsinin məzunlarının rolunu xüsusi qeyd edirdi: “Həqiqətən demək lazımdır ki, tatar (Azərbaycan - H.Ə.) şöbəsinin məzunlarının çoxu, olduqca avam xalq kütləsi içərisinə təhsil işığı gətirmiş və gətirir”.

 

A.O.Çernyayevskidən sonra, seminariyanın Azərbaycan şöbəsinə rəhbərlik edən F.Köçərli, R.Əfəndiyev, ibtidai məktəbin Azərbaycan dili müəllimi S.Vəlibəyov öz müəllimlərinin şərəfli yolunu davam etdirərək, seminaristlərin elmi-pedaqoji və metodiki hazırlığı işində unudulmaz xidmətlər göstərmişlər.

 

Seminariyanın Azərbaycan şöbəsi təsis edildiyi gündən əsrin sonuna qədər və sonralar özünün bir sıra faydalı ənənələri və müvəffəqiyyətləri ilə daim diqqəti cəlb etmişdir. Bir faktı qeyd etmək kifayətdir ki, 1900-cü ildə Parisdə keçirilən müəllimlər seminariyasının ümumdünya sərgisində iştirak edən ZMS qızıl medala layiq görülmüşdür.

 

Qori Seminariyasi ilə bağlı fikrimi bu sözlərlə bitirirəm:

 

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin məzunları Rusiyada elm, mədəniyyət və incəsənətin inkişafında hansı xidmətləri göstərmişlərsə, Qori Müəllimlər Seminariyasının məzunları da Azərbaycan üçün həmin xidmətləri göstərmişlər.

 

Məlum olduğu kimi, rus imperiyasının süqutundan sonra Qori Seminariyasının da fəaliyyəti dayandırıldı. Ölkədə baş vermiş siyasi çevriliş ilə bağlı 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası yaradıldı. Milli Şura Azərbaycanın dövlət müstəqilliyini elan etdi. Beləliklə də, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Azərbaycan xalqının azadlıq hərəkatının nəticəsi kimi meydana gəldi.

 

Ulu öndər, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev demişdir: “Müsəlman şərqində ilk demokratik cümhuriyyətinin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində - XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhvali-ruhiyyəsini yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır”.

 

28 may 1918-ci ildə milli müstəqilliyini elan edən Azərbaycan hökumətinin fəaliyyətində mühüm yer tutan başlıca istiqamətlərdən biri ölkənin ərazi bütövlüyünü qorumaqdısa, digəri yeni əsasda, tarixi dəyərlər və təcrübə zəminində xalq maarifi qurmaq idi. Daxili və xarici çətinliklərə baxmayaraq, mövcudluğu ərzində AXC bir sıra ciddi addımlar atmışdır: 28 avqust 1918-ci il qanununa görə Xalq Maarifi milliləşdirildi. Gəncə, Şəki və Zaqatalada müəllim kursları təşkil edildi.

 

Qori Müəllimlər Seminariyasının Azərbaycan bölməsinin Azərbaycan şəhərlərindən birinə köçürülməsinə dair Azərbaycan ziyalılarının başda N.Nərimanov, M.Ə.Rəsulzadə olmaqla, böyük bir dəstəsinin arzuları həyata keçdi.

 

Qori seminariyasının Azərbaycan bölməsinin Qazaxa köçürülməsi vacib bir məsələ kimi hökumətin qarşısında durdu.  Azərbaycan hökumətinin 22 iyun 1918-ci il tarixli qərarı ilə Zaqafqaziya Müəllimlər Seminariyasının tatar (Azərbaycan - H.Ə.) bölməsinin Qazaxa köçürülməsi məqsədilə bölmənin keçmiş inspektoru F.Köçərlinin sərəncamına 5 min rubl pul ayrıldı. Azərbaycan bölməsi müstəqil seminariyaya çevrilərək Qazaxa köçürüldü və burada fəaliyyətini davam etdirdi. Firudin bəy Köçərli seminariyanın direktoru təyin edildi. O, 13 oktyabr 1918-ci il tarixli “Azərbaycan” qəzetində dərc etdirdiyi “Zaqafqaziya Müəllimlər Seminariyasının tatar bölməsinin müstəqil seminariyaya çevrilməsi barədə” məqaləsində yazırdı:   “1918-ci ilin əvvəllərində Qazax şəhərinin müsəlman əhalisi və bəzi kənd icma nümayəndələri tədris dairəsi qarşısında... tatar bölməsinin Qori şəhərindən Qazax şəhərinə köçürülməsi barədə məsələ qaldırıb ərizə ilə müraciət edərək vəd etmişlər ki, seminariyanın tikilməsi üçün bağ-bağça və 10 desyatin suvarılan torpaq, 3000 rubl məbləğində birdəfəlik yardım və hər il 1000 rubl borc pul ayıracaqlar. Bu məsələ Azərbaycan hökmətinin 10 iyun 1918-ci il tarixli iclasında müzakirə edilərək qazaxlıları qane edəcək qərara gəlmişlər.  Tatar (Azərbaycan - H.Ə.) bölməsinin əmlakının daşınması Xalq Maarif naziri tərəfindən bölmənin inspektoruna həvalə edilmişdir ki, bu da onun tərəfindən yerinə yetirilmişdir. Qazax Müəllimlər Seminariyası kimi vacib bir məktəbin açılması bütün qəza üçün böyük əhəmiyyət kəsb etdiyindən inanırıq ki, ziyalılar başda olmaqla yerli əhali bu təhsil ocağının gələcək fəaliyyətini təmin etməkdən ötrü əllərindən gələn köməkliyi əsirgəməyəcək.

 

Bütünlüklə seminariyanın yetirmələrindən ibarət olan yerli administrasiya tərəfindən də bu təhsil ocağına xüsusi qayğı göstəriləcəyinə şübhə etmirik. Gürcüstanın mərkəzində mövcud olduğu 40 il ərzində seminariyanın yetirmələri tədris dairəsi rəhbərlərinin ruslaşdırma tendensiyasına baxmayaraq, istər inqilab, istərsə də böyük çevriliş günlərində sınaqlardan şərəflə çıxaraq Vətəninin azadlığı və müstəqilliyi uğrunda mübarizəyə qoşulmuşlar.

 

Qazax Müəllimlər Seminariyasının direktoru F.Köçərli 1919-cu il martın 20-də Dövlət Müfəttişliyi İdarəsinin direktoruna 80 №-li məlumat-məktub göndərərək Zaqafqaziya Müəllimlər Seminariyasının tatar şöbəsinin 1918-ci il iyunun 20-də müstəqil müəllimlər seminariyasına çevrilməsi, şöbənin mülkünün 1918-ci ilin sentyabrında onun tərəfindən Qori şəhərindən Qazax şəhərinə daşınması, orada çalışacaq qulluqçu heyətinin komplektləşdirilməsi və təsdiq olunmaq üçün Bakıya, Xalq Maarif Nazirliyinə şəxsən təqdim etməsi barədə məlumat vermişdir. Azərbaycan Xalq Cümhuriyyəti Xalq Maarif Nazirliyinin 28 oktyabr 1918-ci il tarixli əmri ilə həmin heyət təsdiq edilmiş və əmrə uyğun olaraq, oktyabnn 20-dən etibarən aşağıdakı şəxslərə Qazax Müəllimlər Seminariyasında müəllimlik etməyə icazə verilmişdir:

 

1) İsfəndiyar bəy Vəkilov - Rus dili və təbiət elmləri;

2) Yusif Qasımov - tarix fənni;

3) Əli Hüseynov - tarix və coğrafiya;

4) Məhəmməd Hüseynzadə - riyaziyyat;

5) İbrahim Əfəndi Qayıbov - ana dili.

 

Qazax Müəllimlər Seminariyası 1918-ci il noyabrın 10-da fəaliyyətə başlamışdır. Seminariyanın açılışında yerli hökumət idarələrinin məmurları, şəhərin fəxri sakinləri, yeni qəbul olunmuş şagirdlərin valideynləri və b. iştirak etmişlər.

 

Seminariyanın direktoru F.Köçərli açılışda söylədiyi nitqdə qeyd etmişdir ki, seminariyanın Gürcüstanın mərkəzində, özgə zəmində və müsəlman aləmindən uzaqlarda yaradılmasına baxmayaraq, çox böyük əhəmiyyəti olmuş, mövcudluğu dövründə xalq məktəblərində işləməkdən ötrü Qafqaz müsəlmanlarına çoxlu sayda  müəllimlər hazırlamışdı. Vətəndən ayrı düşmüş müsəlman gəncləri milliliyin təmizliyini və toxunulmazlığını qoruyub saxlaya bilmişlər. İndi müstəqil seminariyaya çevriləcək doğma diyarına, Qazaxa köçürülmüş Azərbaycan bölməsi xalqın mənəvi geriliyinin aradan qaldırılması yolunda mühüm amillərindən birinə çevriləcək və var qüvvəsi ilə çalışacaqdır.

 

Qazax Müəllimlər Seminariyasının məzunları Şərqdə ilk demokratik, hüquqi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə xalq təhsili, maarifi və mədəniyyətinin inkişaf etdirilməsində, təhsilin yeni milli köklər üzərində yenidən qurulmasında, məktəb islahatlarının aparılmasında, anadilli məktəblərin yaradılmasında, ana dili dərsliklərinin hazırlanmasında, Azərbaycanda təhsilin, maarifin və mədəniyyətin inkişafı, savadsızlığın aradan qaldırılması uğrunda yorulmadan mübarizə aparmışlar.

 

Beləliklə, təşkil edilməsindən 100 il keçən Qazax Müəllimlər Seminariyasının təcrübəsi əsasında əvvəllər Bakıda və Gəncədə, sonralar isə digər şəhərlərdə də belə seminariyalar təsis edilmişdir. Sovetlər hakimiyyəti illərində bu seminariyalar pedaqoji texnikumlara çevrildi və Azərbaycanda ümumi icbari ibtidai təhsilin həyata keçirilməsində tarixi xidmətlər göstərdi.

 

Fikrimə Qazax Müəllimlər Seminariyasının məzunlarından biri olmuş hörmətli şair Osman Sarıvəllinin sözləri ilə nöqtə qoyuram: “Qazax Seminariyası bir çox ziyalılar kimi mənim də ilk və mehriban tərbiyə beşiyim olmuşdur... Elmlərin əsasını burada öyrənmişəm, ədəbiyyatı və incəsənəti orada sevməyə başlamışam, onlarca odlu, aşiqanə gənclik şeirlərimi də orada yazmışam”.

 

Hüseyn ƏHMƏDOV,

Rusiya Dövlət Təhsil Akademiyasının xarici üzvü, pedaqogika üzrə elmlər doktoru, professor

 



30.11.2018 | 11:49