Müəllimlərin nəzərinə: “Ən yaxşı yazı” müsabiqəsi keçirilir

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və “Azərbaycan müəllimi” qəzeti birgə əməkdaşlıq çərçivəsində növbəti “Ən yaxşı yazı” müsabiqəsini  elan edib. Ölkə  Prezidenti İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da  təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 1 noyabr 2018-ci il tarixli Fərmanından irəli gələn vəzifələrin yerinə yetirilməsinə hər iki qurumun öz töhfəsini vermək niyyəti ilə təşkil olunmuş  müsabiqədə məqsəd   yaradıcı müəllimləri üzə çıxarmaq, önların dilimizin saflığının qorunması, dövlət dilinin  tədrisi sahəsindəki fəaliyyətlərini stimullaşdırmaqdır.

 

Müsabiqə ölkənin ümumu təhsil,  ilk peşə-ixtisas və orta ixtisas təhsili müəssisələrində  çalışan Azərbaycan dili və ədəbiyyat müəllimlərinə ünvanlanıb. Onlar dövlət dilinin tədrisi ilə bağlı elmi-nəzəri və metodiki yazılarla müsabiqəyə qatıla bilərlər. Yazılar bu il dekabrın 1-dən  2019-cu il yanvarın 15-dək  Bilik Fondunun elektron poçt ünvanında ([email protected]) qəbul olunacaq. Təqdim olunan yazılar  tanınmış pedaqoq, filoloq alimlər və təcrübəli müəllimlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Qaliblər diplom və qiymətli  hədiyyələrlə mükafatlandırılacaq.

 

Qeyd edək ki, müsabiqə barədə elan “Azərbaycan müəllimi” qəzetinin 30 noyabr 2018-ci il tarixli 45-ci nömrəsində dərc olunub, Fondun və qəzetin  saytlarında yerləşdirilib.



30.11.2018 | 17:55