Tələbələr QİÇS-dən qorunmağın yollarını öyrəniblər

Azərbaycan Texnologiya Universitetində 1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib. “Dəyirmi masa” ətrafına toplaşan UTECA tələbələrini QİÇS-dən qorunma yolları ilə bağlı Şans Tibb Mərkəzinin həkimi Elşən Qasımov məlumatlandırıb. Mütəxəssis əvvəl müasir  standartlara cavab verən ikiqat dezinfeksiya qaydaları haqda tələbələrdə müfəssəl fikir yaradıb. Bildirib ki, qan və seliyin təmas olunduğu xidmət sahələrində istifadə olunan alətlər avtoklav qurğusunda, daha sonra isə 1 litrə 10 qram nisbətində Bio-Sanitizer məhlulunda yarım saat müddətində saxlanmalıdır. Həkim qeyd edib ki, gənclər bu sahədə fəal olmalıdırlar. Stomatoloqa müraciət edərkən ilk əvvəl dezinfeksiya işlərinin hansı qaydada aparılması ilə maraqlanmalıdırlar. Bərbərə, gözəllik salonlarına, yaxud da kosmetoloq yanına gedərkən QİÇS viruslarının aciz qaldığı, qeyd olunan dezinfeksiya məhlullarının istifadəsini və qaydalarının tətbiqini tələb etməlidirlər.

 

Söhbət zamanı narkomaniya və digər pis vərdişlər haqqında da fikir mübadiləsi aparılıb. UTECA-nın təlim-tərbiyə işləri üzrə prorektoru Mətanət Əhmədova bildirib ki, tələbələr narkomaniyaya qarşı mübarizədə həmrəy olmalı, pis vərdişlərə başlayanlar haqda onların valideynlərinə, yaxınlarına, müəllimlərinə xəbər verməlidirlər. Prorektor qeyd edib ki, belə gəncin anonimliyi qorunacaq və o öz yoldaşına, yaxud da hansısa fərdə  yaxşılıq etmiş olacaq. Çünki pis vərdişlərlə mübarizəyə nə qədər tez başlansa nəticəsi bir o qədər səmərəli olar.

 

“Dəyirmi masa” diskussiya şəklində davam edib. Tələbələr QİÇS-lə, narkomaniya ilə mübarizə yolları haqda maraqlı fikir və təkliflərini irəli sürüblər. Sonda QİÇS-lə mübarizəyə həsr edilmiş sosial videoçarx izlənib. 



04.12.2018 | 14:36