“Fəxr edirəm ki, azərbaycanlıyam”

Dekabrın 3-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Bakı şəhər E. Tağızadə adına 164 nömrəli tam orta məktəbin “Milli-mənəvi dəyərlərin qorunması və təbliği mərkəzinin yaradılması” layihəsi üzrə yekun tədbiri-konserti keçirilib.  Qeyd edək ki, məktəb Təhsil Nazirliyinin bi il  təşkil etdiyi “Təhsildə inkişaf   və innovasiyalar üzrə II qrant nüsabiqəsi”ndə həmin layihə ilə qalib olub.  3 sentyabr-3 dekabr  2018-ci il tarixlərində reallaşdırılan layihənin məqsədi şagirdlərin xalqımızın min illərin yaddaşından süzülüb gələn adət-ənələri, milli-mənəvi dəyərləri haqqında məlumatlılıq səviyyəsini yüksəltmək, onların əxlaqa, mənəviyyata zidd  təsirlərə məruz qalmasının qarşısını almaq, məktəbdə şəxsiyyətin harmonik inkişafına töhfə verməkdir. Layihənin icrası gedişində məktəbdə fəaliyyət planı hazırlanaraq bu plan əsasında ölkəmizin müxtəlif  bölgələrinə, tarıxi maddi mədəniyyət abidələrinə səfərlər, ekskursiyalar təşkil olunub, şagirdlərə həmin bölgələrə məxsus adət-ənənələr, milli-mənəvui dəyərlər, maddi mədəniyyət nümunələri haqqında ətraflı məlimat verilib.

 

“Fəxr edirəm ki, azərbaycanlıyam” adı altında keçirilən yekun tədbirində məktəbin müəllim-şagird kollektivi ilə yanaşı valideynlər,  Təhsil Nazirliyindən,  Bakı Şəhəri üzrə Təhsil İdarəsindən nümayəndələr, paytaxt məktəblərinin direktorları, KİV təmsilçiləri iştirak ediblər.

 

Tədbir-konsertdə öncə qrant layihəsinin icrası ilə bağlı görülmüş işlərdən bəhs edən film nümayiş olunub. Sonra səhnə məktəbin müxtələf siniflərində təhsil alan istedadlı şagirdlərinin ixtiyarına verilib. Onlar xalqımıza məxsus  milli-mənəvi dəyərləri, adət-ənənələri, maddi-mədəniyyət abidələrini təsvir və tərənnüm edən maraqlı ədəbi-bədii kompozisiyalar, səhnəciklər nümayiş etdirib, nahnı və rəqslər  ifa ediblər. Şagirdlərin çıxışları, eləcə də onların və tədbirin aparıcıları olan müəllimlərin yeri gəldikcə milli-mənəvi dəyərlərimiz, onların qorunması və təbliği istiqamətində dövlət səviyyəsində görülən işlər barədə verdikləri məlumatlar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb və alqışlarla qiymətləndirilib. 

 

Proqramın sonunda çıxış edən məktəbin direktoru Kəmalə Qədirova layihənin icrasında verdiyi dəstəyə görə Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, layihə çərçivəsində görülmüş işlərdə, eləcə də yekun tədbirinin hazırlanması və təqdimatında əməyi olanlara minnətdarlığını bildirib, valideynlərə və qonaqlara təşəkkür edib.  Təhsil Nazirliyinin  Təhsilin inkişafı proqramları şöbəsinin məsləhətçisi Orxan Abbasov   isə çıxışında layihənin yüksək səviyyədə və uğurla həyata keçirildiyini qeyd edib, bu münasibətlə məktəbin kollektivinə təbriklərini çatdırıb.

 

Yusif ƏLİYEV



04.12.2018 | 14:55