“British Council” BMU ilə birgə layihələr həyata keçirəcək

“British Council”in Azərbaycan nümayəndəliyinin rəhbəri Summer Xia və nümayəndəliyin əməkdaşları Bakı Mühəndislik Universitetndə olub. Universitetin rektoru, professor Havar Məmmədov qonaqlara BMU haqqında ətraflı məlumat verib. Bildirib ki, Bakı Mühəndislik Universitetində müasir mühəndislik ixtisasları ilə yanaşı iqtisadiyyat və texniki fənlər üzrə müəllimlik ixtisaslar üzrə də kadr hazırlığı həyata keçirilir. İxtisasların əksəriyyətində ingilis dilində tədris aparılır. Universitetin müasir maddi-texniki bazası və texnoparkı movcuddur. BMU gənc universitet olsa da beynəlxalq əlaqələri, beynəlxalq layihə və müsabiqələrdə iştirakı yüksək səviyyədədir. “Sizin qurumla da uğurlu layihələr həyata keçirmişik və yeni layihələrinizdə iştirak etməyə  hazırıq. Çünki BMU-nu sahibkar universitetə çevirmək istəyirik. Bunun üçün də beynəlxalq və startap layihələrdə iştirak etmək vacibdir” deyə rektor bildirib.

 

“British Council”in Azərbaycan nümayəndəliyinin rəhbəri Summer Xia səmimi qəbula görə təşəkkür edərək, BMU haqqında yüksək fikirdə olduğunu qeyd edib. 25 ildir Azərbaycanda fəaliyyət göstərən “British Council”in fəaliyyəti və həyata keçirəcəyi layihələr barədə geniş məlumat verib.

 

Görüşdə Böyük Britaniya universitetləri ilə əməkdaşlıq, ikili diplom, birgə startap və digər istiqamətlərdə layihələr təşkil etmək, universitetin ingilis dili və ingilis dilli ixtisaslarda tədris aparan müəllimlərinin dil səviyyələrinin ölçülməsi məqsədilə diaqnostik imtahanların keçirilməsi və gələcəkdə tələbələr üçün intensiv ingilis dili kurslarının təşkili kimi məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.



05.12.2018 | 16:51