BDU lider universitet nominasiyasının qalibidir

Dekabrın 5-də  Təhsil Nazirliyi ilə “Clarivate Analytics” arasında əməkdaşlığın yeni mərhələsinə həsr olunmuş mərasimdə “Clarivate Analytics” tərəfindən “2015-2018-ci illərdə “Web of Science” elmi bazasında Azərbaycan ali təhsil müəssisələri: nəticə və perspektivlər” adlı təqdimat keçirilib və “Web of Science Azerbaijan-2018” mükafatları təqdim edilib.

 

Bakı Dövlət Universiteti Web of Science bazasına daxil olan jurnallarda ən çox məqalə dərc etdirən lider universitet nominasiyası üzrə qalib olub.

 

AMEA, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat ETİ-də birgə çap olunan və  “Web of Science Core Collection”də indekslənən Q1 jurnalları arasında yer tutan ”Applied and Computational Mathematics” jurnalı da mükafata layiq görülüb.

 

Bundan əlavə, universitetin fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov  və  kimya fakültəsinin dosenti Ataş Qurbanov təbiət elmləri üzrə  “Web of Science”də ən məhsuldar müəllif nominasiyası üzrə qalib olublar.

 

BDU-nun Beynəlxalq Elmi Araşdırma Mərkəzinin üzvü, professor Nizami Həsənli, ekologiya və torpaqşünaslıq fakültəsinin professoru Kamran Mahmudov isə Azərbaycan diaspora elminin inkişafı və dəstəyindəki xidmətlərinə görə mükafata layiq görülüblər.



06.12.2018 | 12:25