Bütün bədəni skan edən ilk qurğu yaradılıb

Kaliforniya Universitetinin alimləri və Çinin “United Imaging Healthcare” texnologiya şirkəti tərəfindən birgə hazırlanmış ilk skaner bir neçə saniyə ərzində insanın bütün bədəninin üçölçülü görüntüsünü əldə edir.

 

www.hightech.fm saytının məlumatına görə,  “EXPLORER” adlı aparatın hazırlanmasına 7 il vaxt sərf edilib. Qurğu insan bədəninin skan edilməsi üçün 2 texnologiyanı özündə birləşdirir: kompüter və pozitron emmisiya tomoqrafiyası. Lakin istehsalçıların sözlərinə görə, sözügedən qurğu hər iki texnologiyadan effektlidir.

 

Məsələn, 3D-skaner 20-30 saniyə ərzində insanın bütün bədəninin görüntüsünü əldə etmək qabiliyyətinə malikdir, halbuki pozitron emmisiya tomoqrafiyasına ən azı 12,5 dəqiqə tələb olunur. “EXPLORER” qurğusunda şüalanmanın dozası 40 dəfə azdır.

 

Skaner daxili orqanların üçölçülü görüntüsündən başqa, bədənin daxilində nişanlanmış preparatların hərəkətini izləyə bilir. “EXPLORER” noyabrın 24-də Şimali Amerika Radiologiya Cəmiyyətinin konfransında təqdim edilib.

 



07.12.2018 | 17:53