“Qəhrəmanlar ölmür”

Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli tam orta məktəbdə rayon təhsil şöbəsinin təşkilatçılığı ilə “Qəhrəmanlar ölmür” adlı tədbir keçirilib. Təhsil müəssisələrində gənclərdə milli-vətənpərvərlik ruhunun aşılanması məqsədilə keçirilən tədbirdə rayon təhsil ictimaiyyəti ilə yanaşı Tərtər, Ağdam RTŞ-in nümayəndələri, məktəb direktorları, Qarabağ müharibəsi veteranları, şəhid ailələri, ehtiyatda olan zabitlər və digər şəxslər iştirak edib.

 

Öncə tədbir iştirakçıları rayon mərkəzində yerləşən “Qəhrəmanlar parkı”ndakı  “Ana” heykəlini ziyarət edib, önünə gül dəstələri qoyulub.

 

Məktəbin Akt zalında keçirilən tədbirdə vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbiri giriş sözü ilə açan Bərdə Rayon Təhsil Şöbəsinin müdiri Rzaqulu Şərifov bildirib ki, Azərbaycan qəhrəmanlar yurdu, igidlər məskənidir. Vətənin müstəqilliyi, ərazi bütövlüyü hər bir insanın arzusudur və onu qoruyub saxlamaq isə hər bir vətəndaşın borcudur. R.Şərifov onu da deyib ki, xalqımıza, Odlar Yurdu Azərbaycana xas olan qəhrəmanlıq ənənəsi bu gün də yaşayır. Vətən uğrunda canından keçən qəhrəmanlar heç vaxt unudulmur və unudulmayacaq. 

 

Sonra 5 nömrəli tam orta məktəbin direktoru Teymur Həmidov çıxış edib. O, məktəbdə şagirdlərin milli-vətənpərvərlik ruhunda tərbiyəsi ilə bağlı görülən işlərdən söhbət açıb.  Ölkəmizin ərazi bütövlüyü və suverənliyi uğrunda şəhid olan insanlara Allahdan rəhmət diləyib. Ölkə Prezidenti cənab İlham Əliyevin apardığı siyasət nəticəsində yaxın vaxtlarda işğal altında olan torpaqlarımıza qayıdacağımıza inam ifadə olunub.

 

Tədbirdə digər çıxış edənlər-Qarabağ qazisi Gəray Əsədov, müharibə veteranı Rafiq Qaraşov, ehtiyatda olan zabitlər birliyinin sədri Şamil Abdullayev, Qarabağ əlilləri və Şəhid ailələri ictimai birliyinin sədri Etibar Hüseynova, məktəbin tarix müəllimi, “Əməkdar müəllim” Minayə Nəbbaqi qanlı-qadalı müharibədən söhbət açıb.

 

5 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladığı “Qəhrəmanlar ölmür” adlı ədəbi-bədii kompozisiya iştirakçılara kövrək anlar yaşadıb.

 

Sonda Qarabağ müharibəsinin gerçəklərini əks etdirən sənədli film nümayiş etdirilib.

 

Niyazi RƏHİMOV



07.12.2018 | 16:10