Rəqəmsal inqilabın təhsili

İbtidai icma quruluşundan günümüzədək insanın əldə etdiyi bütün nailiyyətlər onun biliyi, zəkası, savadının məhsuludur. Dəxli yoxdur, - bu nailiyyət proqressiv xarakter daşıyır, yaxud dağıdıcı. Naqasaki və Hirosimaya atılan atom bombasını bilik olmadan kəşf etmək mümkün idimi?

 

Bu gün bəşəriyyət sürətlə inkişaf edir. Tez-tez deyirik: kompüter və informasiya əsrində yaşayırıq. Bu qlobal dəyişiklik təhsildən də yan keçmir. Bir çoxlarımız bu mövzuya ümumən toxunmuruq, ancaq futuroloqlar, elm və texnologiya sahəsində uğur qazanmış şəxslər, xərçəng, AİDS kimi xəstləliklərin, hətta ölümün belə çarəsinin tapılmasına külli miqdarda vəsait yatıran iş adamları dayanmadan  təkrarlayırlar ki, dünyada mövcud olan təhsil sistemləri dövrün və gələcək günlərin tələblərinə cavab vermir. Söhbət nədən gedir?

 

Təhsil sistemlərinin reallığın çağırışlarına tab gətirməməsi barədə danışarkən heç də müzakirəni “hansı ölkədə təhsil güclüdür” müstəvisində təsəvvür etməyin. İlon Mask dünyanın ən qabaqcıl dövləti olan ABŞ-ın təhsil sistemini bəyənmir və onu geridəqalmış hesab edir. Problemə miqyaslı, qlobal yanaşın: indi mövcud olan sistemlər (aralarındakı fərqlər əhəmiyyətli deyil) sənaye inqilabının nəticəsi, məhsuludur. Bu artıq ikinci dərəcəli amildir ki, məsələn, Finlandiya təhsil sistemi liberaldır, Cənubi Koreyada isə “uşaqlara gün verib, işiq vermirlər”. Sadəcə olaraq  yeni inqilab baş verib - informasiya inqilabı. Təhsil də məhz bu inqilabın gətirdiyi yeniliklərə, üstünlüklərə, dividendlərə, eləcə də fəsadlara cavab verə bilməlidir. Dövrü qabaqlayan eruditlər məhz buna görə həyəcan təbili çalırlar. 

 

Təhlükəli intellekt

 

Qəzetimizdə süni intellekt mövzusuna dəfələrlə toxunmuşuq. Süni intellekt elmin nailiyyətlərinin bəlkə də bu günə olan zirvəsidir. Bu kəşf elmdə, texnologiyada, təhsildə, istehsalatda inqilabi dəyişikliklərə səbəb olacaq və ya artıq səbəb olub. Peşəsindən, yaxud işləyib-işləməməsindən asılı olmayaraq hər birimiz bu və ya digər formada süni intellektlə təmasdayıq. Nəyimiz olmasa da, ağıllı telefonlarımız - smartfonlarımız var. Ancaq medalın digər üzü də mövcuddur: süni intellektdən qaynaqlanan təhlükələr. İstehsalat və idarəetməyə tətbiqi nəticəsində süni intellektin bir çox peşələri sıradan çıxaracağı barədə çox eşitmişik. Sadə formada bunu belə izah edə bilərik: hər bir cərrah, hətta ən savadlısı olsa belə, səhv edə bilər. Səhv insan faktoru ilə sıx bağlıdır. Ancaq robot cərrah heç vaxt səhv etməyəcək. Bu halda siz cərrahi əməliyyatın keçirilməsi üçün insan cərraha etibar edəcəksiniz, yoxsa robot cərraha?

 

Bu problem süni intellektdən qidalanan, belə demək mümkündürsə, yüngül təhlükədir. Bəzilərimiz işsiz qalacağıq, vəssəlam. Güman ki, yenidənixtisaslaşma, ixtisasartırma və peşədəyişmə hesabına hər kəs bir yol tapacaq. Ən qorxulusu bilirsiniz nədir?İlon Mask həyəcan təbili çalır: “İnsan mahiyyət etibarilə diktatordur. Ancaq o, istənilən halda öləcək. Süni intellekt üçün isə ölüm yoxdur, o, daima yaşayacaq. Biz ölməz diktatorla üz-üzə qalacağıq, ondan qaçmaq mümkün olmayacaq”. Hər birimiz Maskın bu üç cümləsindən ibarət dəhşət dolu proqnoz məzmununda onlarla Hollivud filminə baxmışıq, ancaq inanmamışıq, hətta sarkazmla gülmüşük. Ancaq dövrümüzün ən ağıllı və uğurlu dahilərindən birinin öncəgörmələrini qulaqardına vurmaq, nə qədər düzgün olar?

 

Vaxtilə Mask insan ayağının nə zaman Marsa dəyəcəyi barədə suala cavab olaraq bildirmişdi ki, bu, yaxın 10, bəlkə də 5 ilə baş verəcək. Göründüyü kimi, insan özü Marsa uçmasa da, xüsusi zont “qırmızı planet”ə enib və oradan səs və görüntülər yayır. İş adamı hesab edir ki, bəşəriyyəti qəmgin gələcək gözləyir: “Düşünürəm ki, süni intellekt əvvəl-axır bizim sonumuza çıxacaq”.

 

Maska görə, artıq “Amazon”, “Apple”, “Google” və “Facebook” kimi süni intellekt daşıyıcıları ciddi təhlükə mənbələridir: “Onlar bizim haqqımızda çox məlumatlıdırlar. Onların daxilindəki süni intellekt insanlar üzərində güclü hakimiyyətə malik olacaq. Bu isə çox təhlükəlidir”. İ.Maskı dəhşətə gətirən budur ki, məsələn, “Google”də süni intellektə cəmi bir neçə nəfər nəzarət edir. Xaricdən isə heç bir nəzarət yoxdur: “Əgər siz insan üçün qarşıda süni intellektin idarə etdiyi hansı gələcəyin olduğunu  bilmək istəyirsinizsə, evdəki sevimli köpəyinizi və ya pişiyinizi təsəvvür edin. Süni intellekt hakimiyyətində insanın rolu təqribən bundan ibarət olacaq”.

 

Əgər oxucu üçün Maskın yuxarıdakı fikirləri qaranlıq gəlirsə, təsvir edəcəyimiz  real bir fakt sizdə müəyyən təsəvvürün yaranmasına kömək edəcək. Bir müddət əvvəl “Facebook” rəhbərliyi sosial şəbəkənin süni intellekt sisteminin fəaliyyətini dayandırmaq qərarına gəlib. Səbəb? Diqqət: onlar görüblər ki, maşınlar bir-birləri ilə insana məlum olmayan dildə ünsiyyət qururlar. Yazılmış proqram hesabına botlarla insan ünsiyyətə girir. Ancaq zaman-zaman botlar başlayıblar bir-birləri ilə danışmağa. Əvvəl dialoq ingilis dilində gedirmiş, ancaq qəflətən maşınlar özlərinin yaratdığı dildə danışmağa başlayıblar. “Facebook”un idarəçiləri bunda bir təhlükə görərək prosesi dayandırıblar. Ekspertlər ehtiyat edirlər ki, əgər botlar öz aralarında danışıq üçün dil yaradırlarsa, deməli, sabah müstəqil olub IT mütəxəssislərinin nəzarətindən çıxa biləcəklər. Artıq xeyli müddətdir ki, hətta ən təcrübəli mühəndislər belə botların fikir yürütmə trayektoriyasını tam izləyə bilmirlər.

 

İ.Mask 2014-cü ildən başlayaraq süni intellektin insan həyatına təhlükələrini araşdıran layihələrə vəsait ayırır. Bunun üçün o, hətta xüsusi şirkət - “Neuralink”in əsasını da qoyub. Onun fikrincə, süni intellektdən qorunmağın yeganə yolu insan intellektinin də onunla paralel təkmilləşməsidir.

 

Təbii ki, Maskın xəbərdarlıqlarını ciddiyə almayan, hətta tənqid edənlər də var. Onlardan biri də Vaşinqton Universitetinin hüquq professoru Rayan Kalodur. Kalo kompüter sistemləri və robot texnikasının etik aspektlərini öyrənir. O, özünün “Süni intellektin prinsipləri: hərəkət ssenariləri” adlı məqaləsində Maskın fikirlərini tənqid edir: “Robotlar dünyanı tutacaq” kimi fikirləri İlon Mask, Stiven Hokinq və Nik Bostrom söyləyirlər. Bu, təsadüfi deyil, onların heç birinin bu sahədə akademik təhsilləri yoxdur”. Kalo yazır ki, hətta insan nə vaxtsa super intellekt yaratmış olarsa belə, bu robotun dərhal dünyanı zəbt edəcəyini düşünməyə dəyməz. Əlbəttə, əgər onun “beyni”nə belə bir proqram yazılmasa. Kaloya görə, “robot apokalipsi”nin müzakirəsinə yönəldilmiş enerjini süni intellektin bəşəriyyətə daha necə xeyir verə biləcəyini araşdırmağa istiqamətləndirmək daha düzgün olardı.

 

Həmkar intellekt

 

XXI əsr yeni başlayıb. Bizi qarşıda total robotlaşma və süni intellektin tətbiqi dövrü gözləyir. Yaşadığımız yüzillik həm də yeni növ insanın əsri olacaq, öz həyat tərzi, dünyaya baxışı ilə. Artıq bir sıra futuroloqlar gələcək insanın xarakteristikasını verməyə başlayıblar. Bu problemə iki mükəmməl əsər həsr olunub: Martin Fordun “Robotlar hücuma keçir” və Yuval Noy Hararinin “Homo Deus” kitabları. Bu bestsellerlərin qısa məzmununu vermək istəsək, aşağıdakıları deyə bilərik: Forda görə, süni intellekt və robot texnologiyası hazırda mövcud olan əmək bazarını alt-üst edəcəklər. Ancaq mütəmadi inkişaf edən texnologiyalar hesabına insanlar bir çox xəstəliklər və epidemiyaların öhdəsindən gələ biləcəklər. Harari isə yazır ki, bəşəriyyət sürətlə “dizayner insanı”nın peyda olacağı dövrə yaxınlaşır. Belə insan ancaq imkanlılar üçün mümkün olacaq. Onların ətrafında isə heç bir əhəmiyyəti olmayan “yarıminsanlar” yaşayacaqlar. Əgər Hararinin ilk kitabının adı “Sapiens” idisə və adından da göründüyü kimi o, tarixə - Homo sapiensə müraciət etmişdisə, “Homo Deus”da yazar “tanrı-insanlar”ın peyda olacağını proqnozlaşdırır. Yəni hər şeyə qadir və hər şeyi bilən homo sapiens.

 

Bu mövzuya toxunan yenicə çap edilmiş kitablardan biri də “Rəqəmsal insan”dır. Müəllif Kris Skinner İlon Maskdan fərqli olaraq gələcəyə - insan-süni intellekt münasibətlərinə optimizmlə baxır. “Biz hazırda tarixdəki dördüncü inqilabı yaşayırıq. İstisna deyil ki, az sonra beşinci inqilab da olacaq - süni intellekt, biotexnologiyalar, genomun dəyişilməsi və digər planetlərin məskunlaşdırılmasını birləşdirən inqilab. Bizi nə gözləyir? Ola bilsin ki, insanın daxilində bir az maşın, maşının daxilində isə bir az insan”.

 

Kosmosdan söz düşmüşkən, dünyanın aparıcı mühəndisləri və IT mütəxəssisləri, habelə maraqlı iş adamları kosmik səyahətə külli miqdarda vəsait yatırırlar. Cef Bezos, Riçard Benson və həmin İlon Mask gələcəyin müsbət potensialının əsasını qoyurlar: insanlarla süni intellektin əməkdaşlığı, planetlərarası kosmik səyahət üçün gəmilərin yaradılması və istifadəsi getdikcə daha da intensivləşəcək. Skinner məhz bu baxımdan əmindir ki, qarşıdakı bir neçə yüzillik insanla robot arasındakı əməkdaşlıq dövrü olacaq. “Texnologiyalar insanları iş yerlərindən sıxışdırıb çıxarmayacaq. Onların köməyi ilə biz başqa dünyaları kəşf və fəth edə biləcəyik. Bizi ən gözəl dövrlər gözləyir” - deyə Skinner yazır.

 

Rəqib intellekt

 

Bununla belə, bir sıra ciddi araşdırmalar artıq gələn onilliyin sonlarında süni intellektin əmək bazarında insan üçün ciddi başağrısına çevriləcəyini bildirir. Bir neçə il bundan əvvəl Oksford Universiteti araşdırmasının nəticələrini elan etdi və məlum oldu ki, yaxın 20 il ərzində sürətli kompüterləşmə nəticəsində ABŞ-da hazırdakı peşələrin 47%-i aktuallığını itirəcək.

 

“McKinsey” Qlobal İnstitutunun 2015-ci ildə yaydığı sənəddə deyilir ki, əmək fəaliyyətinin 45%-ni avtomatlaşdırmaq olar. Ciddi zərbə bank sektoruna dəyəcək. “Citigroup”un hesablamalarına inansaq, 2025-ci ildə sferadakı iş yerlərinin üçdəbiri ixtisara düşəcək. “Deutsche Bank”ın CEO-su Con Krayanın sözlərinə görə, gələn onilliyin sonlarında bank işçilərinin tən yarısı iş yerləri ilə vidalaşmalı olacaqlar.

 

Gələcəyin peşələri arasında ən populyarı “hanniballar” olacaq. “Hannibal şöbəsi”nin başında “baş hannibal” duracaq. Onun işi şirkətin daxilində ən zəif yeri üzə çıxarıb fəaliyyətinə son verməkdir. Sadə izahı belədir: şirkət yeni çağırışlara cavab vermək və kənardan gələn təhlükələrdən sığortalanmaq üçün özü-özünün zamanla ayaqlaşa bilməyən sektorunu neytrallaşdıracaq. Təbii ki, bu da iş yerlərinin itirilməsi deməkdir. Məntiqlə, “adamyeyənlər” hər bir şirkətdə ən arzuolunmayan peşə sahibləri olacaq.

 

“Palmer group” konsaltinq şirkətinin sahibi Şelli Palmer ixtisara düşəcək peşələri ümumiləşdirib:

- Orta təbəqə menecerlər;

- Pərakəndə satış işçiləri;

- Hesabat hazırlayanlar, jurnalistlər, müəllif və aparıcılar;

- Mühasiblər və onların köməkçiləri;

- Həkimlər.

 

Bütün bunlar baş verəndə insan nə edəcək? Çıxış yolu nədədir? Skinnerin fikrincə, hər dəfə formasiya dəyişərkən insan belə bir sualla üz-üzə qalır. Ancaq qorxmaq lazım deyil: “Hiss edirəm ki, gələcəyimiz servis texnologiyası əsri olacaq. Həyatımız sadələşəcək, çoxlu sayda intellektual imkanlarımız olacaq, yeni texnologiyaları kəşf və tədbiq edəcəyik. Kvalifikasiyalı işçilər yeni maşınlar yaradacaq, kvalifikasiyasızlar isə o maşınlara xidmət edəcək. Maşınlar da öz növbəsində bir-birlərini idarə və inkişaf etdirəcəklər”.

 

Skinner əmindir ki, robotlar özlərini idarə edə bilsələr də, bu o demək deyil ki, onlar sıradan çıxmayacaqlar. Bu halda yenidən insan zəkasından asılı olacaqlar. “Bizim avtomatlaşma və süni intellektdən qorxumuz avtomatik keçəcək. Anlayacağıq ki, maşınlar yeni sahələr, yeni iş yerləri, yeni imkanların açılması üçün vasitədirlər” - deyə Skinner yazır.

 

Hazırda biz fundamental inqilab dövründə yaşayırıq. Gələcəyin insanı olacaq “rəqəmsal insan” mahiyyət etibarilə bizdən mürəkkəbdir. Birincisi, o, bizdən çox yaşayacaq, real zaman rejimində irihəcmli biliyə sahib olacaq. İkincisi, süni intellektin köməyi ilə daha estetik, elitar, yaradıcı və çətin işlərin öhdəsindən gələ biləcək. Üçüncüsü, güman ki, gələcəyin insanı yaşayış üçün münbit olan digər planetləri məskunlaşdıra biləcək. Nəhayət, dördüncüsü, yeni insanın biznesdən tutmuş məhəbbətədək hər şeyə fərqli yanaşması olacaq.

 

Yazımızın əvvəlində yeni inqilabın tələblərinə cavab verəcək təhsil məsələsinə təsadüfən toxunmamışdıq. Oxucu düşünə bilər ki, müasir təhsil sistemi axtarışları ilə süni intellekt mövzusunu nə əlaqələndirir? Cavab sadədir: sürətlə dəyişən dünya və insan üçün yerində sayan təhsil nə verə bilər? İlon Mask təsadüfən həyəcan təbili çalmır: insan intellektinin süni intellektlə eyni sürətdə inkişafına nail olmaq lazımdır ki, rəqəmsal inqilabdan geri qalmayaq.

 

Rüstəm QARAXANLI

 



14.12.2018 | 10:43