Biliyin qiymətləndirilməsinin fəlsəfəsi

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Pedaqoji Forumun növbəti dinləməsi keçirilib. Təhsil eksperti, Əməkdar elm xadimi, professor Şahlar Əsgərov “Biliyin qiymətləndirilməsinin fəlsəfəsi” mövzusunda məruzə edib. “Dəyirmi masa” formatında təşkil edilən müzakirələrdə ADPU-nun rəhbərliyi, dekanlar, kafedra və şöbə müdirləri, professor-müəllim heyəti, tələbələr, təhsil ekspertləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri fəal iştirak ediblər.

 

İki vacib problem: bir Qarabağ, bir təhsil

 

Professor Ş.Əsgərov bildirib ki, son 25 ildə ölkə qarşısında duran iki vacib problemdən biri Qarabağ, ikincisi də təhsil olub. Fikrini 2006-cı ildən bu yana “Google” axtarış sistemində keçirdiyi bir neçə sorğunun nəticələri ilə əsaslandıran professor “Qarabağla bağlı problem qalsa da, təhsillə bağlı problemlərimiz nisbətən azalıb” deyib. Onun sözlərinə görə, son bir neçə ildə təhsil sistemi yeni və müasir məktəb şəbəkələri ilə əhatə olunub. Hər məktəb İKT vasitələri ilə təmin edilib. Bu uğurların qazanılmasında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısına diqqət çəkib.

 

Pedaqoji Elmlər Akademiyası yaradılmalıdır

 

Ş.Əsgərovun müzakirəyə çıxardığı məsələlərdən biri də Pedaqoji Elmlər Akademiyasının yaradılması ilə bağlı olub. Təhsilin müxtəlif hadisələr arasında görünməz əlaqəni görmək üçün vasitə olduğunu vurğulayan Ş.Əsgərov hesab edir ki, təhsilin inkişafında ilk növbədə metropol maraqlı deyil. Dünya təcrübəsindən ayrı-ayrı nümunələr göstərən ekspertin qənaəti belədir ki, cəmiyyətin inkişafını istəməyən dövlətlər fərdin inkişafına daha çox üstünlük verir, nəinki kütlənin. Sovet hakimiyyətinin bərqərar olduğu dönəmdə də müttəfiq respublikalarda pedaqoji elmlər akademiyası yaradılmadı: “Çünki Elmlər Akademiyası fərdi inkişaf etdirir, Pedaqoji Elmlər Akademiyası isə cəmiyyəti. Ağıllı alim metropola ağıllı nökərdir. Ağıllı xalq azadlıq istər”.

 

Təhsil eksperti Nadir İsrafilov məruzəçinin bu məsələ ilə bağlı açdığı müzakirəyə qoşularaq qeyd edib ki, Azərbaycanda Pedaqoji Elmlər Akademiyasının yaradılması ilə bağlı qərar hələ 1999-cu ildən verilib. 2004-cü ilədək Azərbaycanda Pedaqoji Elmlər Akademiyasının yaradılması prosesi başa çatmalı idi. Proses ləngisə də, bu qərarın da gec-tez reallaşacağına inandığını vurğulayıb.

 

Azərbaycanda güclü universitet niyə yoxdur?

 

Ş.Əsgərov dünyadakı tanınmış universitetlərə də diqqət çəkib: “ABŞ universitetləri güclüdür, ABŞ isə varlı. ABŞ varlı olduğu üçün burada universitetlər güclü deyil, universitetlər güclü olduğu üçün ABŞ varlıdır. 200 ən yaxşı universitetdən 184-ü Qərbdə, 16-sı yerdə qalan dünyadadır.

 

16 universitetin 2-si - Boğaziçi və Orta Doğu universitetləri Türkiyədədir. Demək, Türkiyə belə universitetlərin sayını artıra bilər. Bizdə belə universitetlərin yaradılmamasının səbəbi nədir? Məncə, forumda həm də bu suala cavab axtarmalıyıq”.

 

Məqsədlə vasitənin yeri bilərəkdən dəyişdirilib

 

Ş.Əsgərov ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinə ildən-ilə aşağı düşən keçid balına da diqqət çəkib. Fizika ixtisasına 363 balla qəbul həyata keçirildiyini vurğulayan təhsil eksperti ölkədə yaxşı fiziklərin məhz bu səbəbdən yetişmədiyini deyib. Yaxud, təhsildə istifadə edilən terminlərin məqsəddən uzaq olduğunu, hətta bəzən bilərəkdən yayındırıldığını düşünən ekpert hesab edir ki, kommunist lider Leninin “Öyrənmək, öyrənmək, yenə də öyrənmək” fikri bilərəkdən “Oxumaq, oxumaq, yenə də oxumaq” kimi ifadə olunub: “Lenin ömründə belə deməz. Oxumaq vasitə, öyrənmək məqsəddir. Azərbaycan xalqına bu fikrin belə çatdırılması məqsəddən yayınmağa xidmət edib. Məqsədlə vasitənin yeri bilərəkdən dəyişdirilib”.

 

Ş.Əsgərov ibtidai təhsil pilləsində “ibtidai” sözü ilə də razılaşmır. Dünyada məktəbə ilk dəfə ayaq basan uşaqların heç bir ölkədə bu cür təhqiredici ifadə ilə adlandırılmadığına diqqət çəkən ekspertin qəti qənaəti belədir ki, sözügedən təhsil pilləsinin də adı mütləq dəyişdirilməlidir: “Bu söz ilk dəfə məktəbə gedən uşaqların təhsilinə zərbədir. Onlar sözün altında əzilirlər”.

 

Ş.Əsgərovun qaldırdığı problemlərdən biri də xaricdə təhsil məsələsi olub. Onun fikrincə, ailələrin, xüsusən, imkanlı şəxslərin övladlarının təhsil üçün xaricə getmələrindən narahat olmalıyıq. O, bu sahədə dövlətin həyata keçirdiyi siyasəti dəstəkləyərək qeyd edib ki, gənclərimizin təhsil almaq məqsədi ilə xaricə magistr səviyyəsində göndərilmələri daha doğrudur. Çünki 4 il ərzində gənclərin düşüncəsinə təsir etmək mümkün olsa da, 2 il ərzində bunu bacarmaq çətindir.

 

Təhsilin mövcud problemlərinin əsasında duran səbəbə də toxunan ekspert bunu son 50-100 ildə problemlərin vaxtında həll edilməməsi ilə izah edib.

 

Şahlar Əsgərovun qiymətləndirmə konsepsiyası

 

Əvvəlcə qiymətin nə anlama gəldiyinə diqqət çəkən natiq bununla bağlı mövcud təriflərə nəzər salıb. Şagirdin bilik səviyyəsi haqqında müəllimin rəqəmlərlə ifadə olunmuş rəyi, tələbənin təlim fəaliyyətinin nəticələrinin göstəricisi, mövzunun, fənnin, kursun mənimsəmə dərəcəsinin faiz göstəricisinin rəqəmlərlə ifadəsi olan qiymət həm də bildiyimizin bilməli olduğumuza olan nisbətidir.

 

Ş.Əsgərovun fikrincə, “başa düşmək” mənimsəmənin alt  səviyyəsidir. Başa düşmək pedaqoji meyar deyil, amma mənimsəmə pedaqoji meyardır.

 

Məruzəçi deyib ki, təhsilə yanaşmada yeni modellər, meyarlar lazımdır, paradiqmaları dəyişmək vacibdir. Tələbələr üçün yeni qiymətləndirmə  cədvəlləri yaradılmalı, bu istiqamətdə tədqiqatlar aparılmalı, çoxballı sistemdən birballı sistemə keçilməlidir: “4, 5, 9, 10, 100, 700 ballı qiymətləndirmə şkalası Azərbaycan üçün çox deyilmi? Niyə birindən istifadə etməyək? Bu çoxluğa niyə etiraz etməyək?”.

 

Dosent Zahirəli Sadıqov Ş.Əsgərovun “Biliyin qiymətləndirilməsi konsepsiyasını “90 faiz mübahisəli” hesab edib. Dosent Fəxrəddin Yusifov isə konsepsiyasının müasir qiymətləndirmə standartına uyğun gəlmədiyini söyləyərək, Ş.Əsgərova xatırladıb ki, müasir standartlarda sadəcə bilik deyil, bacarıqlar da qiymətləndirilir.

 

Pedaqoqlar fəallaşmalıdır

 

“Təhsilin ali məqsədi gənclərə düzgün qərarlar qəbul etməyi öyrətməkdir”, - deyən Ş.Əsgərovun fikrincə, bu məqsədə qədər olan məsafənin qısa vaxtda bitməsi üçün tez-tez belə müzakirələr təşkil edilməli, problemlər təhlil olunmalı, çıxış yolları müəyyənləşdirilməli, müvafiq təklif və tövsiyələr hazırlanaraq səlahiyyətli qurumlara təqdim edilməlidir. Bu baxımdan ADPU-nun Forumunun əhəmiyyətinə diqqət çəkərək, bu yolla pedaqoqların cəmiyyətdə fəallığının artıracağına ümid etdiyini deyib.

 

“Fikirlərimizin platforma əsasında formalaşdırılmasına ehtiyac var”

 

ADPU-nun rektoru Cəfər Cəfərov Ş.Əsgərovun təklifinə cavab olaraq bildirib ki, Forumun formatı təkmilləşdirilir: “Bu formatda daha geniş auditoriyanı əhatə etməyi düşünürük. Bu dəfə nisbətən məhdud çərçivədə, “dəyirmi masa” formatında görüş baş tutdu. Burada müzakirəyə çıxarılacaq mövzular çoxdur. Lakin hər hansı məsələ ilə bağlı fikir söyləmədən öncə fikirlərimizin bir platforma əsasında formalaşdırılmasına ehtiyac var. Fikirlər ayrılıqda nə qədər dəyərli olsa da, bir platforma şəklində ortaya qoyulan mövqe daha üstündür. Odur ki, müzakirələri həm daxili, həm də belə geniş auditoriyalarda davam etdirməyi düşünürük”.

 

C.Cəfərov bu cür müzakirələrin kafedralarda təşkil olunması ilə bağlı qərarlarından da danışıb.Tarix, fəlsəfə, hətta dəqiq elmlər sahəsində ayrı-ayrı məsələlərlə bağlı davamlı şəkildə müzakirələr təşkil etməyi məqsədəuyğun hesab etdiklərini deyib: “Düşünürük ki, bu yolla ayrı-ayrı məsələlərlə bağlı daha optimal çıxış yolları tapa, nəticəyə sürətlə çata bilərik. Hazırkı təhsil sistemi köhnədir. İmperiya maraqlarına köklənmiş təhsil sisteminin qırıntıları üzərində fəaliyyətimizi davam etdiririk. Sadəcə təhsilimizi deyil, həm də elmimizi inkişaf etdirməliyik. Universitetin 7 elmi-tədqiqat laboratoriyası da səmərəsiz şəraitdə fəaliyyətini davam etdirir. Onların işini yenidən qurmağı və fəaliyyətində dönüş etməyi düşünürük”.

 

C.Cəfərov məlumat verib ki, Təhsil Nazirliyi XI sinif dərslik komplektlərinin elektron versiyasını ADPU-ya təqdim edib: “Bizdən onlara rəy verilməsi tələb olunub. Yəni öz rəyimizi ortaya qoymağımız üçün şərait yaranıb. Bu sahədəki işi yaxşılaşdırmaq, təklif və fikirlərimizi ifadə etməyin vaxtıdır”.

 

Tədris planlarının yenilənəcəyini də vurğulayan rektor müzakirələrin bu mərhələdə böyük əhəmiyyəti olacağını düşünür: “Forumda məsələlərin müzakirəyə çıxarılması hər hansı yaxşı fikrin inkişafında, yeni nəticələrin ortaya qoyulmasında, çıxış yollarının tapılmasında mühüm nəticələrə gətirib çıxara bilər. Bilik paylaşdıqca çoxalır. Hesab edirəm ki, bu cür müzakirələr universitetdə kadr hazırlığında da müsbət nəticə verəcək. Fikir mübadiləsi mühitində yetişən tələbələrimizin üstünlüyü ilk növbədə onların gənc müəllim kimi məktəbdə fəaliyyətində özünü göstərəcək. Kadrlarımız məktəbə daha hazırlıqlı gedəcək və təhsilin keyfiyyətinin yaxşılaşmasına öz töhfəsini verəcək. Bu da gələcəyimizə yaxşı mənada təsir etməyimizə gətirib çıxaracaq”.

 

Kolumbiya Universitetindən məruzəçi

 

Tədbirin sonunda ADPU-nun tədris işləri üzrə prorektoru Eldar Aslanov bildirib ki, Pedaqoji Forumun növbəti dinləmələri də bu ay ərzində keçiriləcək. Pedaqoji Forumun məruzəçisi Kolumbiya Universitetindən gələcək.

 

Ruhiyyə DAŞSALAHLI

 



16.03.2018 | 12:17