Tələbələr “Ağ ölüm” tamaşasına baxıblar

Ölkədə gənclər siyasətinin fəal iştirakçılarından biri olan  Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi   (ATİAHİ) gənclərin maraq dairəsini nəzərə alaraq  onların asudə vaxtının səmərəli keçirilməsinə, bədii-estetik zövqlərinin  formalaşmasına yönəlik maraqlı  tədbirlərin keçirilməsini hər zaman diqqətdə saxlayır.

 

Öz ənənəsinə sadiq qalan ATİAHİ  Respublika Komitəsi bu dəfə tələbələr üçün əsrin bəlası sayılan narkomaniya ilə bağlı sosial layihə həyata keçirib.  Belə ki, Komitənin  təşkilatçılığı ilə bu qurumun xidmətində olan ali məktəblərin tələbə həmkarlar ittifaqı komitələrinin  bir qrup fəalı  Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında V.Siqarevin “Şeytan ailəsi” əsəri əsasında hazırlanmış “Ağ ölüm” tamaşasına baxıblar.

 

Tamaşadan əvvəl ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə çıxış edərək bu tədbirin  ölkə başçısı İlham Əliyevin  müvafiq  sərəncamı  ilə  təsdiq  olunmuş  “Narkotik   vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair  2013-2018-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq  həyata keçirildiyini söyləyib. Bununla bağlı ATİAHİ Respublika Komitəsinin müəyyən işlər gördüyünü söyləyən sədr müavini bugünkü tamaşanın də məhz “Sağlam həyat tərzi keçirək, narkomaniyaya  “yox” deyək” devizi altında gənclər arasında təşkil olunan tədbirlərin davamı  olduğunu bildirib.

 

M.Cəfərzadə öz çıxışında narkomaniyanın müasir dövrün ən təhlükəli bəlalarından biri olduğunu, dünyada 250  milyondan artıq insanın bu dəhşətli xəstəliyin  qurbanına çevrildiyini deyib. O da diqqətə çatdırılıb ki, yüz minlərlə ailə narkotikə aludəçilik  səbəbindən dağılır,  uşaqlar şikəst və xəstə doğulur. Bu dəhşətli bəla həmçinin QİÇS-ə yoluxmağa da  şərait  yaradır. M.Cəfərzadə üzünü gənclərə tutaraq onlara bu zərərli və  təhlükəli bəladan uzaq durmağı, sağlam həyat tərzi keçirməyi,  asudə vaxtlarında  idman zallarına, olimpiya komplekslərinə, teatr və konsert salonlarına, kitabxanalara  getməyi tövsiyə edib.

 

“Narkotiklərə qarşı təbliğat” İctimai Birliyinin sədr müavini Leyla Yolçuyeva çıxış üçün söz alaraq respublikamızda narkomaniyaya qarşı aparılan mübarizə tədbirlərindən, əsrin bəlası olan bu zərərli və qorxunc xəstəliyin yaranma səbəblərindən, ondan qurtulmağın yollarından  geniş bəhs edib.

 

Sonra respublikanın tanınmış aktyorlarının  ifasında   “Ağ ölüm” tamaşası göstərilib. Gənclərin böyük marağına səbəb olan tamaşada narkomaniyanın insan həyatında doğurduğu acı fəsadlardan danışılıb.

 

Samirə KƏRİMOVA



21.12.2018 | 18:38