GDU-da kitabxana açılıb

Gəncə Dövlət Universitetinin 5-ci tədris binasında TİKA-nın dəstəyi ilə qurulmuş Nuru Paşa adına kitabxananın açılışı olub.

 

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, açılış mərasimində Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Gəncə şəhərindəki Baş Konsul Zeki Öztürk, TİKA-nın təmsilçiləri, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti iştirak ediblər.

 

Əvvəlcə  ümummilli lider Heydər Əliyevin büstü ziyarət edilib. Sonra iştirakçılar Türkiyə Respublikasının Gəncədəki Baş Konsulluğunun dəstəyi ilə osmanlı arxivlərində saxlanılan və Qafqazla əlaqəli olan sənədlərin sərgisi ilə tanış olublar. Məlumat verilib ki, sərgidə XVI-XIX əsrləri əhatə edən sənədlərdə bölgə ilə bağlı bir sıra tarixi məlumatlar öz əksini tapıb.

 

Səfir həmçinin universitetin 80 illik həyatını əks etdirən muzeylə və Əlil Tələbələr üçün Mərkəzin fəaliyyəti ilə tanış olub.

 

GDU-da təhsil alan türkiyəli tələbələrlə görüşən səfir gənclərin təhsili ilə maraqlanıb, onlara gələcək həyatlarında uğurlar arzulayıb.

 

Sonra Nuru Paşa adına kitabxananın açılışı olub.

 

Açılış mərasimində çıxış edən Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov Nuru Paşa adına kitabxananın açılışını hər iki dövlət arasındakı elmi, ədəbi-mədəni əlaqələrin  inkişafına böyük töhfə kimi dəyərləndirib.

 

Məlumat verilib ki, TİKA-nın maliyyə dəstəyi ilə qurulan kitabxana Qafqaz İslam Ordusunun komandanı, 1918-ci ildə Bakı şəhərinin bolşevik-daşnak işğalından azad olunmasında böyük xidmətlər göstərmiş türk ordusunun general-leytenantı Nuru Paşanın adını daşıyacaq.

 

Bütün zəruri inventar və avadanlıqlarla təmin olunan kitabxanada Azərbaycan-Türkiyə dostluğunu və qardaşlığını əks etdirən guşələr yaradılıb. Burada kompüterlər qurulub, əraziyə sürətli, genişzolaqlı internet xətti çəkilib. Oxu zalından və ayrı-ayrı şöbələrdən ibarət kitabxana universitetin müəllim və tələbələrinə xidmət göstərəcək.

 

Ümumilikdə 360 kvadratmetr sahəsi olan kitabxananın 30 minlik kitab fondu var. Həmin kitabların 20 mini TİKA tərəfindən universitetə hədiyyə edilib. Gələcəkdə kitab fondunun daha da artırılması nəzərdə tutulub. Müasir kitab və dərs vəsaitləri ilə təmin olunan kitabxanada tələbələrə həm də elektron kitabxana xidmətlərindən istifadə üçün şərait yaradılıb.

 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Prezident İlham Əliyev tərəfindən təhsilin inkişafına böyük diqqət yetirildiyini deyib və yeni kitabxanaının açılışı münasibətilə kollektivi təbrik edib.

 

Tədbirdə çıxış edən Erkan Özoral Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri iki öndər – Mustafa Kamal Atatürk və Heydər Əliyevin müdrik kəlamları ilə ifadə edib.

 

Ümimmilli lider Heydər Əliyevin “biz iki dövlət, bir millətik” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarını xatırladan səfir deyib ki, Türkiyə Respublikası Azərbaycanın hər keçən gün daha da inkişaf etməsindən böyük bir qürur duyur.

 

TİKA-nın 1993-cü ildən Azərbaycanın inkişafı üçün müxtəlif layihələr həyata keçirdiyini xatırladan Erkan Özoral bildirib ki, bu illər ərzində Türkiyə Respublikası tərəfindən reallaşdırılan layihələrin sayına görə Azərbaycan ilk pillələrdə yer alır.

 

“2018-ci ilin hər iki dövlət üçün əlamətdar hadisələrlə yaddaqalan olub. Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 ili tamam olur. Həmin illərdə Birinci Dünya müharibəsində iştirak edən Osmanlı dövləti müharibənin sonuna yaxın bütün cəbhələrdə məğlubiyyətlə üz-üzə qalmasına baxmayaraq ən bacarıqlı əsgərlərini Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın rəhbərliyi ilə Azərbaycana göndərib. Məhz bu ordunun sayəsində 1918-ci il may ayının sonu, iyunun əvvəllərində Gəncə şəhərindən başlanan qurtuluş savaşı sentyabrın 15-də Bakının erməni daşnak və bolşevik qüvvələrindən azad edilməsi ilə başa çatıb və Azərbaycan tam olaraq öz müstəqilliyinə qovuşub” – deyə E.Özoral qeyd edib.

 

Həmin dövrdə hər iki xalqın qardaşlığı sayəsində şərəfli bir tarixin yazıldığını deyən səfir qeyd edib ki, bugünkü nəsillərin üzərində düşən əsas vəzifə həmin tarixi yaradan şəxsiyyətlərin ruhuna hörmət göstərmək və öz vəzifə borcunu yerinə yetirməkdir.

 

Vurğulanıb ki, Gəncə Dövlət Universitetində yeni istifadəyə verilən kitabxana Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın adını əbədiləşdirməklə yanaşı, tələbələrin daha savadlı, bilikli gənclər kimi formalaşmasına xidmət göstərəcək.

 

Sonda açılış mərasimin iştirakçıları kitabxanada yaradılan şəraitlə tanış olublar.

 



25.12.2018 | 14:22