Növbəti intensiv tədris düşərgəsinə start verilib

Mingəçevirdə məcburi köçkün uşaqları üçün informasiya-kommunikasiya texnologiyaları üzrə növbəti intensiv tədris düşərgəsinə start verilib.  “Gələcəyi kodlaşdır” şüarı altında keçirilən layihənin açılış mərasimində proqram barədə təqdimat olub. “Gələcəyi kodlaşdır” proqramı üzrə komandanın rəhbəri Xalisə Şahverdi innovatorlar nəsli üçün İKT biliklərinin mənimsənilməsinin əhəmiyyətini vurğulayıb. O bildirib ki, layihənin məqsədi Mingəçevirdə məskunlaşmış məcburi köçkün məktəblilərinin informasiya texnologiyalarına dair savadlılığının artırılması və kodlaşdırma (proqramlaşdırma) bacarığının inkişaf etdirilməsi, müəllimlərin tədris potensialının gücləndirilməsidir.

 

Layihə çərçivəsində yanvarda altmış iştirakçının seçim prosesi aparılacaq. Seçilmiş 60 məcburi köçkün uşaq üçün ölkəmizin ən qabaqcıl müəllimlərinin iştirakı ilə yanvarın 25-dən fevralın 3-dək on günlük sürətləndirilmiş tədris düşərgəsinin keçirilməsi planlaşdırılır. Qabaqcıl tədris müəssisələrindən olan “Code Academy”nin təcrübəli müəllimləri tərəfindən tədris ediləcək proqram çərçivəsində məktəblilər proqramlaşdırmanın əsaslarını öyrənəcək, “Scratch”, “HTML” və “Paython” kimi proqramlaşdırma vasitələri ilə yaxından tanış olacaqlar.

 

“Gələcəyi kodlaşdır” proqramı ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən yerli icmaların inkişafı və inklüziv tərəqqinin artırılması məqsədilə dəstəklənir. Məktəblilərə dəqiq elmləri öyrətməyi, kəşflər etməyi və yeni dostluqlar qazandırmağı qarşısına məqsəd qoyan düşərgədə iştirak ödənişsizdir. Analoji layihə ilk dəfə sentyabrın 5-dən 14-dək Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün Biləsuvar rayonu ərazisində uğurla həyata keçirilib.



25.12.2018 | 17:33