ADPU-nun Elmi Şurasının iclası keçirilib

Dekabrın 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının iclası keçirilib. ADPU-nun rektoru, Elmi Şuranın sədri, professor Cəfər Cəfərov bildirib ki, iclasın gündəliyinə “2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında”,  “ADPU-da professor-müəllim  heyətinin, kafedra və fakültələrin illik fəaliyyətinin Reytinq Qiymətləndirməsinin ilkin nəticələri haqqında” və cari məsələlər daxildir.

 

İclasa başlamazdan öncə rektor Cəfər Cəfərov filologiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilova Filologiya fakültəsinin inkişafında xidmətlərinə görə, “Musiqi və onun tədrisi metodikası” kafedrasının professoru Minarə Dadaşovaya, “İnsan və heyvan fiziologiyası” kafedrasının professoru Məmməd Qarayevə, “Fəlsəfə və sosial fənlər” kafedrasının dosenti Yasin Qaraməmmədliyə, “Ümumi pedaqogika” kafedrasının dosenti Miri Həsənova, “Riyazi analiz” kafedrasının dosenti Kamandar Cəfərova universitetdə uzun illər elmi-pedaqoji fəaliyyətlərinə görə və yubileyləri münasibətilə fəxri fərmanlar, həmçinin “Riyazi analiz” kafedrasının müdiri Bəhram Əliyevə professor attestatını təqdim edib.

 

Rektor çıxışında cari tədris ilinin  birinci yarımilinin nəticələri barədə məlumat verib və onların universitetin kollektivi üçün uğurlu olduğunu deyib. Tələbə qəbulunun nəticələrinin yaxşılaşdığını, kəmiyyət və keyfiyyət göstəricilərinin yüksəldiyini bildirən rektor bu dövrdə universitetdə yüksək səviyyədə keçirilən tədbirlərdən bəzisini xatırladıb.  Qeyd edib ki, professor-müəllim  heyətinin, kafedra və fakültələrin illik fəaliyyətinin reytinq qiymətləndirməsinə, fakültələrdə yeni tədris planlarının işlənilməsinə başlanıldığını söyləyib.  Qeyd edib ki, ADPU-nun professor-müəllimləri Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 5 qrant layihəsini, tələbə-gəncləri isə Azərbaycan Respublikasının Gənclər Fondunun 6 qrant layihəsini qazanıblar.

 

Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov “2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında” məruzə edib. E.Aslanov bildirib ki, 2018-2019-cu tədris ilinin payız semеstrinin imtahan sessiyası  2019-cu il yanvarın 4-dən  fevralın 2-dək tərtib olunmuş cədvəl üzrə keçiriləcək. İmtahanlar ali təhsilin bakalavriat səviyyəsində I-III tədris ili tələbələri üçün yazılı formada, IV və əvvəlki illərdən olan tələbələr üçün isə spesifik fənlər istisna olmaqla, kompüter vasitəsilə test üsulu formasında, magistratura səviyyəsində isə yazılı şəkildə  keçiriləcək. Semestr və həmçinin dövlət imtahanlarında mütəşəkkilliyin təmin olunması məqsədilə Tədris  Departamentinin ümumi təşkilatçılığı və koordinatorluğu ilə universitet üzrə 30 nəfər imtahan təşkilatçısı, o cümlədən 100-dək nəzarətçidən ibarət İmtahan İdarəetmə Qrupu yaradılıb. Şəffaflığın və obyektivliyin təmin edilməsi üçün rektora və prorektorlara e-poçtla birbaşa müraciət etmək, qəbula yazılmaq, İctimai Nəzarət Şurasına müraciət etmək,  qaynarxə[email protected] və ADPU-nun rəsmi facebook səhifəsindən inboksa yazmaq, Tələbə Gənclər Təşkilatının xətti ilə tələbələrin rəylərinin öyrənilməsi, İmtahan Qərargahına və Apelyasiya Komissiyasına müraciət etmək imkanları təmin ediləcək, dekanlıqlarda tələbələrin qəbulları təşkil olunacaq.

 

“ADPU-da professor-müəllim  heyətinin, kafedra və fakültələrin illik fəaliyyətinin Reytinq Qiymətləndirməsinin ilkin nəticələri haqqında” Keyfiyyətin  təminatı  şöbəsinin  müdiri,  siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov məlumat verib. Rəşad Sadıqov qeyd edib ki, keyfiyyətin artırılmasında mühüm rol oynayacaq Reytinq Qiymətləndirməsinin tətbiqinin məqsədi universitetin, o cümlədən fakültə və kafedraların fəaliyyətinin müasir dövrdə ali təhsil müəssisələri qarşısında qoyulan milli və beynəlxalq tələblərə uyğunlaşdırılması, professor-müəllim heyətinin, kafedraların və fakültələrin mövcud pedaqoji, elmi-tədqiqat və ictimai fəaliyyətinin vəziyyətinin və səviyyəsinin vahid meyarlar əsasında qiymətləndirilməsi, fakültələrin və kafedraların resurslarının, tədris işinin təşkilinin və elmi-tədqiqat fəaliyyətinin vəziyyətinin müəyyənləşdirilməsi, professor-müəllim heyətinin, kafedra və fakültələrin tədris prosesinin yaxşılaşdırılmasına fərdi və kollektiv töhfəsini nəzərə almaqla, onların maddi və mənəvi həvəsləndirilməsi, nəticələri ümumiləşdirməklə illik fəaliyyətin dinamikasının izlənilməsidir.

 

Professorlar Nizami Xudiyev, Minarə Dadaşova, Nailə Verdizadə, Bəhram Əliyev, dosentlər Şahin Pənahov, Arzu Daşdəmirov, Əli Zalov, Yusif Alıyev çıxış edərək Reytinq Qiymətləndirməsinin təkmilləşdirilməsi ilə bağlı fikir və mülahizələrini bölüşüblər.

 

Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov cari məsələlər barədə məlumat verib.

 

Elmi şurada müzakirə olunan məsələlər barədə müvafiq qərarlar qəbul edilib.

 

Sonda rektor  Cəfər Cəfərov Elmi Şura üzvlərini qarşıdan gələn 31 dekabr -Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. 



26.12.2018 | 12:05