Kooperativ məktəb-formal kooperativ öyrənmə

Üzvləri arasında əməkdaşlıq olmayan heç bir cəmiyyət xilas ola bilməz. İnsan cəmiyyəti onun üçün xilas olmuş və sağ qalmağı bacarmışdır ki, bu cəmiyyətdə insanlar əməkdaşlıq şəraitində yaşayır. Fərdi həyat heç bir halda məhsuldar olmaz. İnsan cəmiyyətində o fərdlər xilas olur ki, onlar ünsiyyət qurur, əməkdaşlıq edir və qrup fəaliyyətində olurlar.

Ashley Montagu

 

Təhsil prosesi də məhz bu cürdür. Ünsiyyət, əməkdaşlıq, qarşılıqlı əlaqə,  inteqrasiya olmadan məqsədlərə və hədəflərə nail olmaq qeyri-mümkündür. Öyrənmədə kooperativlik zərurəti məhz bu prizmadan doğur. Kooperativ öyrənmə hazırda dünya praktikasında qəbul olunan və geniş tətbiq edilən tədris formasıdır. Bu barədə ideyalar ilk dəfə Amerikada 20-ci əsrin əvvəllərində yaranıb. Getdikcə formalaşıb, təşəkkül tapıb və dünyaya yayılıb.

 

Hazırda dünya təhsil sistemində, məktəblərin təşkilati strukturunda kollektiv və fərdi öyrənmə formasından sürətlə qrup şəklində öyrənməyə inteqrasiya gedir. Elə məhz bu cür qrup əsaslı quruluş dünya praktikasında kooperativ məktəb kimi tanınır.

 

Müasir öyrənmədə belə bir ideologiya var: “Hər kəs öz enerjisini qrupla bölüşməli, heç kəs tək qalmamalıdır”. Bu fikir indi geniş şəkildə tədrisə tətbiq edilir. Təqribən bir əsrə yaxın bir müddətdə müəllimlər öz otaqlarında, öz şagirdləri ilə məktəbin digər hissəsindən təcrid olunmuş bir vəziyyətdə dəyişilməz kurikulum və sabit metodologiya əsasında tədris aparmışlar. Şagirdlər təsadüfi bir şəkildə siniflərə bölünür, müəllimlər də eyni şəkildə təyin edilirdilər. Çünki təhsildə də bərabər yanaşma prinsipi əsas götürülür, bütün şagirdlər eyni texniki gedişlə öyrədilirdi. Sonralar, artıq kəmiyyət deyil, keyfiyyət məsələsi üzərində fokuslaşmaq zərurəti yarandıqda kollektiv və fərdi öyrətmə mexanizmlərindən kooperativ və qrup əsaslı öyrənməyə keçid başladı. Hər hansı bir təşkilatda heç bir irəliləyişin qeydə alınmaması, zamanla uğursuzluğun daha da dərinləşməsi artıq problemin o təşkilatda çalışan ayrı-ayrı fərdlərdə deyil, müəssisənin təşkilati strukturunda olması qənaətini yaradır. Məktəb də məhz bu cürdür. Müəllim baxışını, şagirdə yanaşmasını, öyrətmə texnikasını o zaman dəyişmək mümkün və asan olur ki, bu dəyişikliklər ilk öncə məktəbin, daha sonra isə ümumilikdə təhsil sisteminin təşkilati quruluşunda əks edilsin.

 

Kooperativ öyrənməni bəzən kiçik qruplarda öyrənmə də adlandırırlar. Lakin bu metodika adi qruplarla işdən çox fərqlənir. Heç də bütün qrup fəaliyyəti kooperativ sayılmır. Şagirdləri eyni bir otağa toplamaq, birgə əyləşdirmək, onlara qrup olduğunu söyləmək əslində onların işi birgə görəcəyi, kooperativ çalışacağı və əməkdaşlıq edəcəyi anlamına gəlmir. Kooperativ öyrənmə forması bu problemləri aradan qaldırır. Kooperativ öyrənmənin iki forması var:

1) Formal kooperativ öyrənmə;

2) İnformal kooperativ öyrənmə.

 

Formal kooperativ öyrənmə uzun müddət üçün,  qabaqcadan müəyyən edilmiş məqsədlər uğrunda, öncədən hazırlanmış kurikulum əsasında, kooperativ qruplarda öyrənmə şəklində həyata keçirilir. İnformal kooperativ öyrənmədə isə bir dərsin müəyyən bir hissəsində, qısa vaxt ərzində şagirdlərin hər hansı bir tapşırığı kooperativ qruplarda öyrənməsi nəzərdə tutulur. Formal kooperativ öyrənmədə məktəb, rayon, hətta respublika səviyyəsində  kooperativ öyrənməni təşkil edib, şagirdlər arasında əməkdaşlıq yaratmaq olar. İnformal kooperativ öyrənmədə isə əməkdaşlıq, sadəcə, sinif şagirdləri arasında yaradılır.

 

Formal kooperativ öyrənməni həyata keçirmək üçün kooperativ məktəblər yaradılmalıdır. Kooperativ məktəblərin quruluşu aşağıdakı kimi olur:

 

Kooperativ məktəb:

1. Məktəb əsaslı qərar qəbul edən kooperativ şura.

2. İnzibati heyət-səlahiyyətli qüvvələr.

3. Kooperativ kafedralar.

4. Kollegial tədris qrupları.

5. Kooperativ baza qrupları.                

 

Kooperativ baza qrupları

 

Kooperativ baza qrupları bu tip məktəbin ürəyidir. Kooperativ baza qrupları uzunmüddətli, sabit əməkdaşlığa əsaslanan öyrənmə qruplarıdır. Bu qruplar ya bir məktəbin, ya da bir neçə rayon məktəblərinin müxtəlif siniflərindən, hətta fərqli yaşlardan, fərqli səviyyələrdən olan şagirdlərdən təşkil edilir. Bu qruplar vərdiş etdiyimiz adi qruplardan fərqlənirlər. Bu qruplarda komandanın birgə səyindən başlamış, bir-birinin fikirlərinə, məntiqinə meydan oxumaq cəhdlərinə kimi bütün  proses əvvəldən sona kimi şagidlərin öyrənmə bacarığının artmasına və tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Bu şəkildə öyrənmə şagird nailiyyətini yüksəldir, şagirdlər arasında əməkdaşlıq yaradır və şagirdin psixoloji özünəinamını, özgüvənini artırır. Kooperativ öyrənmə innovasiyalara açıq, məntiqi və tənqidi təfəkkürü yüksəldən, aktiv oxu və yazı bacarığını artıran, riyazi düşüncəni formalaşdıran bir yanaşmadır. Əlavə olaraq bu metod müəllimlərin bir-birinə və şagirdlərinə olan münasibətini kökdən dəyişir və onları hər sahədə əməkdaşlığa şövq edir. Çünki öyrənmə zamanı təşviq edilənlər məcbur edir ki, qrup üzvləri bir-biri ilə sıx əlaqədə olsun.

 

Kollektiv tədrisin həyata keçirildiyi tədris müəssisəsində müəllimlər üfiqi (horizontal) əsasla işləyirlər (sinif dərəcələrinin pillə-pillə artması və fənlərin bir-birini əvəz etməsi). O sistemdə hər bir müəllim yalnız öz fənni üçün cavabdehdir. Sərhədlər müəllimləri ayırır, müəllimlər ümumi proqramın kiçik bir hissəsində fokuslaşıb qalırlar. Kooperativ məktəblərdə isə yanaşma fərqlidir. Kooperativ məktəblərdə komandalar təsadüfi bölünmür. Onlar öncədən vacib kompetensiyalar  və müəyyən edilmiş meyarlar əsasında seçilib, qruplaşdırılır. Bütün mühüm işlər komandalar tərəfindən görülür. Müəllimlər vertikal (şaquli) əsasla işləyirlər. Bu metod müəllimləri ayıran sərhədləri qırır. Sinifdən-sinfə, fəndən-fənnə kritik keçidlər itir.

Eyni bir komanda üçün məsuliyyət daşıyan bir qrup müəllim heyəti olur ( kollegial tədris qrupları). Müəllimlər özlərini bütün səylərin birləşmiş olduğu, eyni məqsəd üçün mübarizə aparılan bir prosesin içində tapırlar. Vertikal komandalar kurikulumu və tematik tədrisi inteqrasiya edir. Hər bir komanda hesabat yönümlü köklənir. Çünki uzun bir müddət eyni şagirdlər ilə işləyirlər. Heç bir müəllim vaxtını boş keçirmir. Anlayırlar ki, artıq şagirdin oxu, yazı və digər bacarıqlarının zəifliyində başqa müəllimləri günahlandırmaq şansları yoxdur, müəllimlər yaranmış hər bir çətinliyi özləri aradan qaldırmalı və hətta komanda daxilində hər hansı bir problemli şagird olarsa belə, onu cəmiyyətə qaytarmalı, ona akademik bilik və sosial bacarıq qazandırmalıdırlar.

 

Kooperativ baza qruplarında əməkdaşlığı həyata keçirmək üçün əsas 5 nüansı göz önündə tutmaq lazımdır:

1) Müsbət qarşılıqı əlaqə;

2) Fərdi və qrup hesabatlılığı;

3) Anlayışlı qarşılıqlı təsir;

4) Uyğun sosial bacarıqların seçilməsi və inkişaf etdirilməsi;

5) Qrup sterilizasiyası.

 

Kooperatv baza qruplarında şagirdlər öyrənməyə həvəsli olmalıdırlar. Birgə işləmək onlara sevinc, əyləncə bəxş etməlidir. Əvvəlki qrup sistemi ilə iş üçün xarakterik olan bəzi problemlər, məsələn, uğursuz təcrübə, qiymətləndirilmə qorxusu, rolların qrup üzvləri arasında düzgün bölüşdürülməməsi, tək işləmək arzusu, yoldaşı ilə rəqabət aparması və s. burada özünü büruzə vermir. Burada şagirdlərə 3 formatlı tapşırıqlar verilir: 1)motivasiya tapşırıqları (bir-birinin essesini yoxlamaq, ev tapşırıqlarında bir-birinə kömək etmək, bir-birini həvəsləndirmək); 2)şəxsən tanıma tapşırıqları (tədrisdənkənar ünsiyyət, sosial problemləri birgə çözmək); 3)rutin tapşırıqlar (qoyulmuş akademik problemin  birgə həlli, testlərin cavablarının  birgə tapılması və s.).

 

Kooperativ baza qruplarında aparılan tədrisdə müəllimin və şagirdlərin rollarında və funksiyalarında çox dəyişiklik olur. Öyrənməyə rəhbərlik yalnız müəllimin səlahiyyətində qalmır. Məqsəd qoymaq, öyrənməni qiymətləndirmək, təlimin fasilitasiyası həm də şagidlər tərəfindən aparılır.

 

Şagirdlərin daha çox şansı olur ki, diskussiyalar yaratsınlar, onu düzgün məcraya yönəltsinlər, fikirlərini bölüşsünlər, ideyalar irəli sürsünlər və öyrənmə prosesini daxililəşdirsinlər ki, bu da onlarda vacib kompetensiyaların formalaşmasına kömək edir. Akademik biliklərin qazanılması ilə yanaşı, bu növ təlimdə şagirdlərdə motivasiya, özünəhörmət və empati hissi yüksək olur.

 

Kollegial tədris qrupları

 

Kollegial tədris qrupları kooperativ məktəblərin strukturunda müəllimləri birləşdirən komandalar-qruplardır. Sinif otaqlarında kooperativ öyrənmənin effekti o zaman yüksək olur ki, pedaqoji heyət kollegial tədris qruplarında birləşdirilir və birgə fəaliyyət göstərir. Kollegial tədris qrupları-kiçik kooperativ qruplardır ki, yaradılmasında məqsəd müəllimlərin təcrübə mübadiləsini və uğurlarını artırmaqdır. Kollegial tədris qrupları müəllimlərin işləməsi üçün  arzuolunan və can atılan bir komanda olmalıdır. Orada dəstək, qayğı, gülüş, pozitiv enerji, xoş aura, qarşılıqlı əlaqə, yoldaşlıq, əməkdaşlıq var. Müəllimlər bir-birinin akademik biliyinin və metodikasının qarşılıqlı əməkdaşlıq və yoldaşlıq şəraitində inkişafını təmin edirlər. Heç kimin hüququ tapdanılmır.

 

Normal təhsil müəssisələrində müəllimlər bir-birindən təcrid olunur, çox yüklənir, bütün planlamanı özləri edirlər, digər kolleqaları ilə rəqabət içərisində olurlar, fikir mübadiləsi etməyə çəkinirlər, bilmədiklərindən utanır və bu üzdən özlərini təkmilləşdirə bilmirlər. Kollegial tədris qruplarında isə atmosfer tamamilə fərqlidir. Müəllimlər akademik və ya baxış bucağındakı boşluqlarını bir-birindən yararlanaraq doldururlar. Bu tədris qrupları müəllimlərə professional arenada sahiblik verir. Əməkdaşlıq şəraitində yaranmış baryerləri aradan qaldırmağa imkan verir. Kurikulumlardakı parçalanmanın qarşısını alır.

 

Kollegial tədris qrupları 3 açar istiqamətdə fəaliyyət göstərir:

 

1) Tez-tez aparılan professional müzakirələr. Kolleqalar arasındakı qarşılıqlı əlaqə bu tip məktəblərdəki əməkdaşlıq mədəniyyətinin və  peşəkar inkişafın artması üçün əsasdır. Kooperativ öyrənmənin mahiyyəti onun elementlərinin konseptual anlaşılması, başa düşülməsi ilə başlayır. Kooperativ öyrənməni necə tətbiq etməli? Kooperativ öyrənmədən hansı nəticələri gözləməli? İlk öncə bu suallar cavablandırılmalıdır. Müəllimlər istifadə edəcəkləri strategiyaları düzgün müəyyən etməli və bunu müxtəlif fənlərin tədrisində şagirdlərə mənimsətməlidirlər. Komanda şəklində müzakirələrdə müəllimlər öz texnikalarını müzakirə edir və geribildirimlə (feedback) nöqsanları aradan qaldırırlar. Kollegial tədris qruplarında müəllimlər planlaşdırma aparır, fənlərin inteqrasiya modelini hazırlayır, tapşırıqlar və aktivitələr  tərtib edir, fikir və ideyalarını bölüşürlər. Müvəffəqiyyətləri qiymətləndirir, uğursuzluqların səbəbini araşdırır, tətbiqi problemləri müzakirə edirlər.

 

2) Birgə planlama, birgə dizayn, kooperativ öyrənmə dərslərinin birgə layihələşdirilməsi və təlimat vahidlərinin müəyyən edilməsi. Əvvəlcə müəllim kooperativ öyrənməni dərindən anlamalıdır. Onu həyata keçirməyi bacarmalıdır. Kollegial tədris qruplarının üzvləri tez-tez dərsləri birgə dizayn, dərs proqramlarında lazımı dəyişikliklər etməlidirlər. Belə müzakirələrdə vəzifə bölgüsü aparılır, kooperativ öyrənmə materiallarının təkmilləşdirilməsi və tətbiqi üçün texnologiyalar müəyyənləşdirilir. İnteqrativ kurikulum və tematik öyrənmənin birgə həyata keçirilməsi uğurlu planlamadan çox asılıdır.

 

3) Kooperativ dərsi birgə öyrətmə və birgə aparılan müşahidələr. Əgər müəllim heyəti kooperativ öyrənməni tətbiq edərkən ilkin uğursuzluqla üzləşirsə və tətbiqin primitiv mərhələsindədirsə onlar mexanizimlərin düzgünlüyü barədə bir-birindən davamlı geribildirim almalıdırlar. Uğursuz cəhdə görə ruhdan düşməməli, cəsarətləndirilməli, uğuru əldə edənədək təlimatlı addımlar atmalıdırlar. Müəllimlər bir-birinin dərslərində iştirak etməli, dərslərdə müxtəlif fənlərin eyni zamanda əlaqəli tədrisinə üstünlük verməli, daha sonra nəticələri birgə müzakirə etməli, nöqsanlar üzərində düşünməli, innovasiyalara açıq olmalı, yeni metodlar sınamalı, yenilikdən qorxmamalı, təcrübə mübadiləsi aparmalıdırlar. Bütün bunlar isə davamlı inkişafa və peşəkar təkmilləşməyə şərait yaradır.

 

Kooperativ kafedralar

 

Kooperativ məktəb qurulmasında növbəti addım kooperativ kafedraların yaradılmasıdır. Kooperativ kafedralar özündə ayrı-ayrı kollegial tədris qruplarını birləşdirir. Kooperativ kafedralar fənlərə əsasən deyil, tədris qruplarının sayına görə müəyyən edilir. Kooperativ kafedraların ayda bir dəfə toplantısı keçirilir. Toplantıda  kollegial tədris qruplarının bütün üzvləri  və liderləri iştirak edir. Bu görüşlərdə tədris qruplarının aylıq fəaliyyəti müzakirə edilir. Qrup liderləri görülmüş işlər barədə hesabat verir. Reytinq cədvəli qurulur. Növbəti ay üçün fəaliyyət planı tərtib edilir. Hədəflər müəyyənləşdirilir. Nöqsanların aradan qaldırılması üçün təkmilləşdirilmə proqramı hazırlanır. Kooperativ kafedralarda hər bir kollegial tədris qrupuna cavabdeh olan bir şəxs- mentor olur. Bu mentorlar müəllimlərin ən peşəkarı və kooperativ öyrənməni dərindən bilən biri olmalıdır. Həmin mentor hər toplantıda öz kollegial tədris qrupunun üzvləri və lideri ilə atdıqları və atacaqları addımlar barədə diskussiyalar aparır. Hər kafedrada ən az üç mentor olur.

 

Kooperativ məktəblərdə kollegial tədris qruplarının sayı kooperativ baza qruplarından, kooperativ kafedraların sayı isə kollegial tədris qruplarının sayından asılıdır. Məsələn, məktəbdə 6 kooperativ baza qrupu varsa, 6 kollegial tədris qrupu və 2 kooperativ kafedra olur. Yuxarıda qeyd etdiyimiz kimi kooperativ baza qrupları şagirdləri, kollegial tədris qrupları baza qruplarında tədris aparan müəllimləri, kooperativ kafedralar isə bu kollegial tədris qruplarına cavabdeh olan mentorları birləşdirir.

 

İnzibati heyət-səlahiyyətli qüvvələr

 

İnzibati heyət kooperativ məktəb layihəsində kooperativ kafedralardan sonra gələn  və məktəbi idarə edən administrativ orqandır. Burada məktəbə rəhbərlik edən səlahiyyətli şəxslər birləşir. Həmin səlahiyyətli şəxslər mühüm məsələlər və problemlərlə məşğul olur. Bura təşkilati və struktur məsələləri, kurikulum, problemli şagirdlərlə iş, kooperativ kafedralara mentorların təyini, kollegial tədris və kooperativ baza qruplarının tərkibinin və sayının müəyyənləşdirilməsi, planların, proqramların təsdiqi, ümumməktəb hədəflərinin və öhdəliklərinin müəyyənləşdirilməsi, ümumi işə nəzarət, rəğbətləndirmə və cəzalandırmanın həyata keçirilməsi və s. kimi mühüm nüanslar daxildir. Əsas qərarların qəbulu burada planlaşdırılır. Dəyişikliklərin harda və necə ediləcəyi, yeniliklərin hansı şəkildə tətbiq olunacağı burada qərarlaşır. Lakin idarəçilər heç də bu tədbirləri və dəyişiklikləri sadəcə  özləri ehtiyac gördükləri üçün həyata keçirmirlər. Onlar hər zaman heyətin fikri ilə hesablaşır, onların təkliflərini, tövsiyələrini nəzərə alırlar. Atılacaq addımlar və ya problemlərin hansı şəkildə həll ediləcəyi burada planlaşdırıldıqdan sonra qəbul edilməsi zəruri sayılan qərar Məktəb əsaslı qərar qəbul edən kooperativ Şuraya təqdim edilir.

 

Məktəb əsaslı qərar qəbul edən Kooperativ şura  məktəbdə səlahiyyətli qüvvələr tərəfindən irəli sürülən qərarları heyətlə müzakirə edərək, qəbul edib-etməmək məsələsini gündəmə gətirir. Bir növ pedaqoji şuranın vəzifəsini yerinə yetirir. Amma onun funksiya və vəzifələri pedaqoji şuranın funksiya və vəzifələrindən  bir qədər fərqlidir. Kooperativ şura daha çox səlahiyyətə malikdir. Onun üzvləri  pedaqoji heyətin  arasından qabaqcıl təcrübəyə, innovativ metodikaya, yaradıcı yanaşmaya sahib müəllimlərdən seçilir. Bu şura üzvləri  problemlərə düzgün yanaşmağı, alternativ qərarlar qəbul etməyi, mövcud vəziyyəti real qiymətləndirməyi, obyektiv olmağı bacarmalıdırlar. Hər zaman ümumi işin xeyrini, məktəbin  mənafeyini göz önündə tutmalıdırlar.

 

Təhsildə belə bir sistem demokratik və humanist prinsiplərin reallaşmasına şərait yaradar. Hər kəs əmin olmalıdır ki, şagirdlərə uğurlu təhsil verilir və onlar məktəb daxilində bir-biri üçün məsuliyyət daşıyaraq, bir- birinin qayğısına qalaraq, düzgün sosial mühitdə sosial bacarıqlara yiyələnirlər. Məktəbdə şagirdlərin heç bir hüququ pozulmur. Qorxu yaradan ən əsas ünsürlərdən hesab edilən şagirdlər arasındakı rəqabət və qeyri-obyektiv qiymətləndirmənin yaratdığı mənfi təzahürlər aradan qaldırılır. Şagirdlər arasındakı sosial dəstək və müsbət əməkdaşlıq onları bir-biri ilə yarışmaq düşüncəsindən uzaqlaşdıraraq, ümumi məqsədlər uğrunda mübarizə aparmağa sövq edir. Eyni normalar müəllimlər arasında da gözlənilir. Bu mühit gənc kadrların təcrübəli heyət tərəfindən məktəb daxilində peşəkar yetişdirilməsinə, müəllimlər arasında səmimi bağların, sağlam münasibətlərin qurulmasına şərait yaradır. Onlar da anlayırlar ki, kolleqaları onların rəqibləri deyil, həmkarlarıdır. Ən əsası bu tip təhsil formaları  nəzəri biliklərin praktiki vərdişlərə, səriştəyə çevrilməsinə geniş imkanlar yaradır. Hötenin bir fikri burada yerinə düşərdi: “Bilmək azdır, tətbiq etmək lazımdır, arzulamaq yetərsizdir, icra etmək lazımdır”.  Məhz burada təhsilin keyfiyyətinin yüksəldilməsində, davamlı inkişafın təmin edilməsinin əsasında effektiv komanda işi-kooperativ fəaliyyət dayanır.

 

Mehriban MƏMMƏDOVA,

Bakı şəhəri 309 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini, ingilis dili müəllimi

 



30.12.2018 | 10:21