GDU ili uğurla başa vurur

Dekabrın 27-də Gəncə Dövlət Universitetində (GDU) 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı təntənə ilə qeyd edilib.

 

Bayram tədbirində çıxış edən GDU-nun rektoru, professor Yusif Yusibov başa çatmaqda olan ilin yekunlarından, 2019-cu ildə qarşıda duran vəzifələrdən söz açıb.

 

2018-ci ilin Azərbaycanın bütün sahələrdə dinamik inkişafı üçün uğurlu il olduğunu deyən Yusif Yusifov qeyd edib ki, bu il Gəncə Dövlət Universiteti üçün də yüksək nailiyyətlərə şərtlənib. Belə ki, bu il universitetin infrastrukturu, maddi-texniki bazası və kadr potensialı daha da müasirləşdirilib, beynəlxalq əlaqələrinin coğrafiyası genişləndirilib. Ali təhsil müəssisəsinin yerli və xarici universitetlərlə birgə icrasına qoşulduğu beynəlxalq proqramların sayı artıb. GDU-da keçirilən fənn olimpiadalarının, musiqi festivallarının və idman yarışlarının hər biri yalnız universitet üçün deyil, həm də Gəncə üçün ümumşəhər tədbirinə çevrilib. Tələbələr universitet daxilində təşkil edilmiş yarışlarla yanaşı, bir çox yerli və beynəlxalq turnirlərdə, spartakida, universiada və çempionatlarda iştirak edərək uğurlu nəticələr göstəriblər. Elm-təhsil sahəsində, eləcə də ictimai və sosial həyatda qazanılan uğurlar bir çox sərgilərdə, həmçinin Büynəlxalq Təhsil və Karyera sərgisində nümayiş etdirilib.

 

Rektror qeyd edib ki, bu il Gəncə Dövlət Universitetinin 80 illik yubileyinin keçirilməsi universitet üçün ən əlamətdar hadisə olub. Təntənəli yubiley tədbirlərində həm respublikamızın, həm də dünyanın bir sıra elm, təhsil mərkəzlərinin rəhbərləri, görkəmli alimlər və tanınmış ictimai siyasi xadimlər iştirak ediblər.

 

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsinin dünyanın fərqli coğrafiyalarında yaşayan azərbaycanlılar arasında birliyin və həmrəyliyin yaradılması baxımından böyük əhəmiyyətə malik olduğunu deyən rektor bu tarixin bayram günü kimi qeyd edilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirib.

 

2018-ci ilin universitet kollektivi üçün yüksək nailiyyətlər ili kimi yadda qalacağını deyən rektor, 2019-cu ildə qarşıda duran vəzifələrdən də söz açıb, kollektivə gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

Bayram tədbirində 2018-ci ildə universitetin ictimai həyatında fəal iştirak edən, təhsil uğurları ilə seçilən müəllimlərə fəxri fərmanlar təqdim olunub.

 

Bayram tədbiri universitetin istedadlı tələbələrinin ifasında səsləndirilən şən mahnılar, oynaq rəqslər, məzəli səhnəciklər, bayram ovqatlı zarafatlarla yadda qalıb.

 



28.12.2018 | 17:17