Şair şagirdlərin qonağı oldu

Bakıdakı 236 nömrəli tam orta məktəbdə III “B” sinfinin müəllimi Nüşabə Ağamirzəyevanın  və məktəb kitabxanası işçilərinin birgə təşkilatçılığı ilə Azərbaycan  Uşaq ədəbiyyatının  tanınmış nümayəndəsi, şair  Zahid Xəlillə görüş   keçirildi.

 

Görüşdə məktəbin direktoru, Əməkdar müəllim Xanlar İmaməliyev Uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, şair Zahid Xəlilin III sinif şagirdlərinin  görüşünə gəlməsindən çox məmnun olduğunu bildirdi.

 

Şagirdlər Zahid Xəlilin uşaqlara həsr etdiyi şeirləri  söylədi, mahnı oxudu və ədəbi-bədii kompozisiya  nümayiş etdirdilər.

 

Tədbirdə iştirak edən “Azərbaycan müəllimi” qəzetinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Şakir Cəfərov şairin bədii, elmi-pedaqoji yaradıcılığından söz açdı. Bildirdi ki,  Zahid Xəlil tanınmış şair olmaqla  bərabər, həm də   filologiya üzrə elmlər doktoru, professordur. Hazırda o, Azərbaycan Dövlət Pedaqoji Universitetinin  kafedra müdridir.

 

Zahid Xəlilin ilk kitabı “Uçan  çıraqlar” (1969) adlanır. Kiçik şeirlər və nağıllardan ibarət olan bu kitab o vaxt ədəbiyyatımıza maraqlı bir  uşaq   şairinin gəldiyini xəbər verirdi.  İkinci kitabında  müəllif klassik ədəbiyyatımızın ləyaqətli davamçılarından biri kimi diqqəti cəlb etdi və  oxucuların hörmətini  qazandı. “Göydən üç alma düşdü” (1974), “Torağaylar oxuyur”(1979), “Ballıca” (1980) və başqa kitabların müəllifidir.

 

Tədbirdə Zahid Xəlil   uşaqlara  həsr ediyi yeni şeirlərini söylədi və məktəbliləri maraqlandıran sualları cavablandırdı.

 

Sonda   şair fidan balalarla şəkil  çəkdirməyi də unutmadı.

 

Mətanət SALMANOVA,

Bakıdakı 236 nömrəli tam orta məktəbin kitabxana müdiri 



01.01.2019 | 12:23