ADAU-da layihə təqdimatı

Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrobizes və idarəetmə fakültəsinin iclas zalında Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə "İllustrasiya və fəaliyyətlər yolu ilə gənclərin ekoloji maarifləndirilməsi və ətraf mühitin qorunması istiqamətində onların bilik və bacarığının formalaşdırılması” adlı layihənin ilk təqdimatı keçirilib.

 

Təqdimatı giriş sözü ilə açan Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrobizes və idarəetmə fakültəsinin dekanı Əlöysəd Əsgərov iştirakçıları salamlayaraq universitet rəhbərliyi adından layihə iştirakçılarına uğurlar arzu edib və universitetin bu layihənin partnyoru olduğu üçün məmnunluq hissi duyduğunu bildirib.

 

Layihə rəhbəri Cəfər Cəfərov qeyd edib ki, layihənin keçirilməsində əsas məqsəd Gəncə şəhərində gənclərin ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, onların diqqətini ekoloji problemlərin həllinə yönəltmək, bu sahədə şüur və təfəkkürü inkişaf etdirməklə təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaqdan ibarətdir. Eyni zamanda gənclərin ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və təcrübələrini artırmaq və onlarda ekoloji mədəniyyəti peşəkar ekspertlərin iştirakı ilə formalaşdırmaqdır.

 

Layihə təlimçisi Fərrux Rəhimov qeyd edib ki, layihə çərçivəsində "Gənclər ətraf mühitin mühafizəsində” adlı təlim təşkil olunacaq və iştirakçılarla birlikdə gənc ekoloqlar klubu yaradılacaq. Layihənin sonunda iştirakçılarla birgə ağacəkmə aksiyası nəzərdə tutulub.



05.01.2019 | 10:33