Məktəblərdə attestasiyanın aparılması qaydaları müəyyənləşib

Yanvarın 4-də Təhsil Nazirliyində “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası”nın qəbulu ilə bağlı mətbuat konfransı keçirilib. Nazirliyin İnformasiya şöbəsinin müdiri Cəsarət Valehov qeyd edib ki, ötən ilin sonlarında ümumtəhsil pilləsində təhsilalanların attestasiyasında qiymətləndirmənin yeni qaydaları müəyyənləşib, bu dəyişiklilər müvafiq qurum tərəfindən yekun olaraq reyestrə salınıb.  

Daha sonra Nazirliyin şöbə müdiri Emin Əmrullayev məktəbdaxili qiymətləndirmə qaydalarında tətbiq olunan dəyişiklikləri zəruri edən səbəblər və eləcə də qiymətləndirmələr barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, yeni qaydalarda nəzərdə tutulan əsas dəyişikliklərdən biri summativ qiymətləndirmə ilə bağlıdır. Qaydalara əsasən, summativ qiymətləndirmələrin sayı azaldılıb. Böyük Summativ Qiymətləndirmə  (BSQ) təhsil səviyyələrinin sonunda, yəni IV, IX və XI siniflərdə bütün fənlərdən, V, VI, VII, VIII və X siniflərdə isə yalnız buraxılış imtahanları keçiriləcək fənlər üzrə aparılacaq. E.Əmrullayevin sözlərinə görə, təhsil səviyyələrinin sonlarında BSQ-lərin keçirilməsinin əsas məqsədi bütün fənlərdən təhsilalanların nailiyyətlərinin ölçülməsi, aralıq siniflərdəki BSQ-lərin əsas məqsədi isə buraxılış imtahanlarına mükəmməl hazırlığın təmin olunmasıdır.

E.Əmrullayev qeyd edib ki, qaydalarda edilən ikinci dəyişiklik ibtidai siniflərlə bağlıdır. İbtidai sinif şagirdlərinin yaş xüsusiyyətləri nəzərə alınaraq, I siniflərdə summativ qiymətləndirmə aparılmayacaq, II, III siniflərdə yalnız Kiçik Summativ Qiymətləndirmə (KSQ) olacaq.

    

Summativ qiymətləndirmə 100 ballıq şkala üzrə aparılacaq, yalnız yekunda 2,3,4 və 5 qiymətlərinə çevrilərək sinif jurnallarına, "Məktəbli kitabçası"na yazılacaq. Qaydalara əsasən, bütün hesablamalar ballar üzərindən aparılacaq, yalnız son anda həmin balların qiymət qarşılığı da müəyyənləşəcək. 
  

KSQ üçün 1 dərs saatı, BSQ üçün isə yaş xüsusiyyəti və fənnin özünəməxsusluğu nəzərə alınaraq, 45-90 dəqiqəyə kimi vaxt nəzərdə tutulur. Yarım il ərzində fənn üzrə 3-6 KSQ keçirilə bilər.

 

Dəyişikliklərdən biri də tədris ilində keçiriləcək summativ qiymətləndirmələrin tarixinin şagirdlərə əvvəlcədən elan edilməsidir. Bu, təhsil iştirakçısı kimi şagirdlərə verilən önəmin göstəricisi olmaqla yanaşı, onların fəaliyyətlərinin planlaşdırılması baxımından da faydalıdır. Digər dəyişiklik isə lisey, gimnaziya və təmayülləşmə tətbiq edilən siniflərdə əlavə fənlər üzrə BSQ-lərin keçirilməsidir. 
  

Ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların, təmayül siniflərinin özünəməxsusluğu qaydalarda nəzərə alınıb. Məsələn, beynəlxalq akkreditasiyadan keçmiş proqramların (International Baccalaureate Diploma Programme, A level və s.) tətbiq edildiyi ümumi təhsil müəssisələrində fərdi qiymətləndirmə qaydalarından istifadəyə icazə verilir. Yeni qaydalar Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi və dərc olunduğu gündən (29 dekabr 2018-ci il) qüvvədədir və cari tədris ilinin II yarımilindən tətbiq olunur.
Qeyd edək ki, “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyası" dedikdə şagirdlərin ümumi təhsil müəssisələrində məktəbdaxili qiymətləndirməsi nəzərdə tutulur.

 

Oruc MUSTAFAYEV



04.01.2019 | 14:53