Sabah dünyanın ən böyük informasiya texnologiyaları sərgisi açılacaq

Yanvarın 8-də ABŞ İstehlak Texnologiyaları Assosiasiyasının 1967-ci ildən bəri keçirdiyi və müasir dövrdə dünyanın ən iri texnologiya sərgisinə çevrilən “CES 2019”un açılışı olacaq. Las-Veqasda təşkil olunacaq ən böyük informasiya texnologiyaları sərgisinin möhtəşəm texnoloji şouya çevriləcəyi gözlənilir.

 

cnn.com saytının məlumatına görə, sərgidə “ağıllı” evlərdən tutmuş son nəsil smartfonlara qədər texnologiyanın ən son nailiyyətləri nümayiş etdiriləcək.

 

Sərgidə fərdi kompüterlər sahəsində təkamül  sayıla bilən dəyişikliklər təqdim olunacaq. Şirkətlər “Intel” prosessorlarının son nümunələrini, NVIDIA qrafikasını, “Ryzen 3000” prosessorlarının yeddinci nəslini və digər texnoloji yenilikləri təqdim edəcəklər. Ən əsası isə yeni 5G modemli noutbukların təqdimatı olacaq.

 

Texnologiya sərgisinin əsas istiqamətlərindən biri də oyunlar sayılır. Las-Veqasda yeni oyunların 4K səviyyəsində və maraqlı qrafika ilə nümayişi olacaq. “CES 2019” sərgisində smartfonlar üçün NVIDIA “GeForce RTX” qrafikasının anonsu və analoji videokartların istifadə olunacağı “Acer”, “Alienware”, ASUS, “Razer” kompüterlərinin təqdimatı da keçiriləcək. Həmçinin “GeForce RTX 2060” sürətləndiricisi də sərgilənəcək. AMD isə bu sahədə NVIDIA ilə rəqabət apara biləcək yeni videokartlarını nümayiş etdirəcək. “Google”, “Microsoft” şirkətləri də yeni oyun versiyalarını göstərəcəklər.

 

Son illər qabaqcıl avtomobillər üçün ən yaxşı meydançaya çevrilən CES sərgisində bu dəfə “Mersedes” və “Audi” şirkətləri elektrik mühərriki ilə işləyən yeni yolsuzluq avtomobillərini təqdim edəcəklər. Avtomobil şirkətləri elektroskuter və digər texnikaları da nümayiş etdirəcəklər. Bundan başqa, “Audi” “Disney” şirkəti ilə əməkdaşlığın nümunəsi olan maraqlı dizaynları göstərəcək. Bu sahədə ən maraqlı ekspozisiya isə lidarlar, yeni batareyalar və avtomobil radarlarının təqdimatı olacaq.

 

Bunlarla yanaşı, sərgidə yeni dronlar, smartfonlar, televizorlar da nümayiş etdiriləcək.

 



07.01.2019 | 11:29