2019-2020-ci tədris ili üzrə Macarıstanda təqaüd proqramına ərizə qəbulu başa çatır

2019-2020-ci tədris ili üzrə Macarıstanda ali təhsil üçün təqaüd proqramı elan edilib.

 

Təqaüd proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında imzalanmış “2018-2020-ci illər üzrə İş Proqramı”na əsasən həyata keçirilir.

 

Təqaüd proqramına müraciət edəcək iddiaçılar yanvarın 15-dək Macarıstan tərəfinin, yanvarın 20-dək isə Azərbaycan tərəfinin müvafiq elektron ərizə sistemlərinə müraciətlərini tamamlamalı və təsdiq etməlidir:

 

Macarıstan tərəfinin elektron ərizə sistemi:

https://apply.stipendiumhungaricum.hu/

 

Azərbaycan tərəfinin elektron ərizə sistemi:

https://www.app.htp.edu.az/

 

Müvafiq xarici dil sertifikatını sari ilin fevralın 5-dək əldə edəcək şəxslər də müraciətlərini eyni qaydada tamamlamalı və təsdiq etməlidirlər.

 

Proqrama əsasən, tam bakalavriat və magistratura üzrə kənd təsərrüfatı, su idarəetməsi, təbiət elmləri, davamlı inkişaf, turizm, mühəndislik, informasiya texnologiyaları, texnologiyalar, iqtisadiyyat, biznes və idarəetmə elmləri, doktorantura təhsili üzrə istənilən maraq dairəsi çərçivəsində təqaüdlər təklif olunur.

 

Ayrılan kvota çərçivəsində təhsil ödənişsizdir. Universitet yataqxanasında yaşayış, tibbi sığorta, aylıq təqaüd Macarıstan tərəfindən qarşılanır.

 

Macarıstan ali təhsil müəssisələrində kvota çərçivəsində təhsil alacaq tələbələrin ilkin seçimi Azərbaycan Respublikası Təhsil Nazirliyi  tərəfindən aparıldıqdan sonra namizədlərin siyahısı yekun qərar verilməsi məqsədi ilə Macarıstan tərəfinə təqdim edilir.

 

Proqram çərçivəsində Macarıstan tərəfindən hər il 200 Azərbaycan vətəndaşı üçün təqaüd ayrılacağı nəzərdə tutulub.

 

Hər iki elektron qeydiyyatı düzgün şəkildə tamamlamış, bu elanın və müraciət etdikləri ali təhsil müəssisələrinin ümumi tələblərinə cavab verən namizədlər onlarla fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar.

 

Təqaüd proqramına olan müraciət sayı və Təhsil Nazirliyinə edilən müraciətlər nəzərə alınaraq, müsahibə mərhələsinə buraxılmaq üçün tətbiq edilən seçim meyarlarında (texniki və digər sahələr üzrə ölkənin ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında toplanılmış bal tələbləri və xarici dil sertifikatı üzrə) bəzi dəyişikliklər edilib.  

 

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.

 

2019/2020-ci tədris ili üçün Macarıstanda təqaüd proqramı üzrə suallar və cavablar

 



08.01.2019 | 11:13