UNEC-də beynəlxalq elmi konfrans keçiriləcək

14-15 fevral 2019-cu il tarixlərində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Sosial İqtisadi İnkişaf (Economic Social Development - ESD) təşkilatı ilə birgə “Davamlı inkişafın sosial-iqtisadi problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirəcək.

 

Bakının “Park Inn” otelində baş tutacaq konfrans ESD təşkilatı tərəfindən keçirilən 37-ci konfransdır və əvvəllər Roma, Paris, Madrid, Varşava və Moskva kimi şəhərlərdə təşkil olunub. Qeyd edək ki, ESD beynəlxalq Academic Conference Excellence (ACE) qurumu tərəfindən keyfiyyət nişanı almış təşkilatdır.

 

Konfransda dünyanın 20-dən çox ölkəsinin tədqiqatçıları ilə birgə müzakirələr aparılacaq və qlobal çağırışlar təhlil ediləcək. Təşkilat komitəsinə 240-dan çox məqalə təqdim olunub. Konfransa qəbul olunan məqalələr “Web of Science”-də və “EconLit”də dərc olunacaq.



10.01.2019 | 14:18