ADPU-da imtahanlar şəffaf və obyektiv keçirilir

Xəbər verdiyimiz kimi, yanvar ayının 4-dən başlayaraq Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyası keçirilir. ADPU-da imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında keçirilməsi, daxil olan hər bir şikayətin qısa müddətdə çevik şəkildə araşdırılıb lazımi tədbir görülməsi, həmçinin imtahanlarda aşkarlığın təmin edilməsi üçün ictimaiyyətin nümayəndələrinin və tələbələrin valideynlərinin iştirakına şərait yaradılması universitet rəhbərliyinin diqqət mərkəzindədir. İmtahanlar hər gün vaxtında başlayır, imtahan prosesi yaxşı təşkil edilib. İmtahan prosesində nizam-imtizam, səliqə-sahman, şəffaflıq təmin edilib. Tələbələrə biliklərini nümayiş etdirmək üçün bütün şərait yaradılıb. Qeyd edək ki, payız semеstrinin imtahan sessiyası fevral ayının 2-dək davam edəcək.  İmtahanlar ali təhsilin bakalavriat səviyyəsində I-III tədris ili tələbələri üçün yazılı formada, IV və əvvəlki illərdən olan tələbələr üçün isə spesifik fənlər istisna olmaqla, kompüter vasitəsilə test üsulu formasında, magistratura səviyyəsində isə yazılı şəkildə  keçirilir. İmtahan sessiyasının çevikliyini təmin etmək məqsədilə fakültələr üzrə imtahan nəzarətçiləri təyin edilib. İmtahan nəzarətçiləri qeyri-ixtisas sahibləridir. İmtahanlar hər gün saat 9:00-da başlayır, 17:30-da bitir. Yazılı imtahanlar gün ərzində 3 dəfə- saat 9:00, 12:00, 15:00-da keçirilir. Test üsulu ilə hər 45 dəqiqədən bir imtahanlar keçirilir. Hər gün ümumilikdə təxminən 3000 nəfər tələbə yazılı və test üsulu ilə imtahan verir.

 

İmtahan Qərargahının rəhbəri, dosent Asif Axundovun verdiyi məlumata görə, bugünədək 80 nəfər tələbə qərargaha müraciət edib. Bu müraciətlərin 75-i yazılı qaydada verilən imtahanlardan, 5-i isə test üsulu ilə verilən imtahanlardan olub. Müraciətlər çevik şəkildə və diqqətlə araşdırılıb. Yazılı qaydada verilən imtahanlarla bağlı edilən 75 müraciətin 72-i tələbələrin xeyrinə həll edilib, 3 nəfər isə müvafiq məlumatlandırmadan sonra müraciətindən imtina edib. Test üsulu ilə verilən imtahanlarla bağlı edilən 5 müraciət tələbələrin xeyrinə həll edilib.

 

Apelyasiya Komissiyasının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqovun verdiyi məlumata görə, bugünədək komissiyaya yazılı qaydada verilən imtahanlarla bağlı 250 müraciət daxil olub. Yazılı qaydada verilən imtahanlarla bağlı edilən 250 müraciətdən 95-i araşdırılıb. 23 müraciət tələbələrin xeyrinə həll edilib, 71 müraciətdə qiymətləndirmə qüvvəsində qalıb, 1 müraciətdə isə qiymət aşağı salınıb. Test üsulu ilə verilən imtahanlarla bağlı edilən 3 müraciət isə araşdırılır. İmtahan zamanı davranış qaydalarına əməl etməyən, üzərlərində mobil telefon və ya digər köməkçi vasitələr aşkar olunan tələbələr imtahandan kənarlaşdırılaraq protokollaşdırılır və onların imtahan cavabları ləğv edilir.

 

Universitetdə imtahan zamanı qarşıya çıxan çətinliklərin həlli üçün lazımi addımlar atılır. Tələbələrin biliyinin qiymətləndirilməsi zamanı şəffaflıq və obyektivlik təmin edilir, tələbələr imtahanda göstərdikləri nəticələrə görə qiymətləndirilirlər. İmtahanların nəticələrinin təlimata müvafiq olaraq tələbələrə çatdırılması təmin edilir.

 

ADPU-nun rektoru, professor Cəfər Cəfərov hər gün imtahan zallarında olaraq imtahan prosesini müşahidə edir, öz tapşırıq və tövsiyələrini verir. İmtahanların çevik, şəffaf və obyektiv keçirilməsi  rektorun  diqqət mərkəzindədir.

 



11.01.2019 | 16:04